SON XƏBƏRLƏR

İraq Türkmanları daim diqqət mərkəzində olmalıdır

2021.10.20, 07:36
İraq Türkmanları daim diqqət mərkəzində olmalıdır

Gunaz.tv
İraq Türkmanları daim diqqət mərkəzində olmalıdır ABŞ və onun müttəfiqləri İraqa qarşı müharibəyə başlayarkən Azərbaycan ictimaiyyəti İraq türkmanlarının hüquqlarının pozulması ilə bağlı öz etiraz səsini ucaltdı. Mövzu ətrafında bir sıra dəyirmi masalar, konfranslar keçirildi. Lakin sonradan bu mövzu nəyə görəsə unuduldu. Sanki türkmanların problemləri həll olundu və onları müdafiə edənlər də bununla razılaşdılar. Lakin əslində türkmanların vəziyyəti əvvəlki kimi ağır olaraq qalır və canı canımızdan, qanı qanımızdan olan soydaşlarımızın hüquqlarını müdafiə etmək bizim borcumuzdur. Özlərini türkman adlandıran, lakin əslində Azərbaycan xalqının tərkib hissəsi olan yarım milyondan artıq əhalinin taleyi bizim hər birimizi düşündürməlidir. İraq-Türkman dili türk dillərinin oğuz qrupunun oğuz-səlcuq yarımqrupuna daxildir. Fonetik, qrammatik və leksik baxımından Azərbaycan dilindən çox az fərqləndiyinə görə, mütəxəssislər bu dili Azərbaycan dilinin dialekti sayır. Tarixi qaynaqlar göstərir ki, İraq Türkmanları erkən orta əsrlərdən başlayaraq əsasən Azərbaycandan köçüb orada məskən salmış türk tayfalarının nəsillərindəndirlər. Azərbaycanlılarla türkmanların dili, adət-ənənələri, musiqisi, incəsənəti, xalq yaradıcılığı arasında böyük oxşarlıq var. İraq türkmanlarının yaşadığı ərazi uzun tarixi dövrlərdə Azərbaycanla bir dövlət tərkibində olub. Məsələn, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər və digər orta əsr dövlətlərinin ərazilərinə İraq türkmanlarının yaşadığı bölgələr də daxil idi. Azərbaycan alimlərinin sovet dövründə İraq türkmanlarının tarixinə, ədəbiyyatına indikindən daha çox diqqət verməsi təəccüb doğurmaya bilməz. O zaman Rəsul Rzanın "Uzaq ellərin yaxın töhfəsi" ("Azərbaycan" jurnalı, 1961, ¹ 2), Qəzənfər Paşayevin rus dilində nəşr olunmuş "İraq ərazisində Azərbaycan dilinin Kərkük dialektində səslərin yerdəyişməsi" (Azərbaycan SSR EA Xəbərləri 1968, ¹ 2), "Kərkük dialektinin fonetikası" ( Namizədlik dissertasiyasının avtoreferatı. 1969), "İraq haqqında qısa arayış" ("Rus - ərəb danışıq kitabı"Bağdad 1974), "Kərkük şairləri" ("Ulduz" jurnalı, 1968 ¹ 7), Məmməd Arifin "Doğma qaynaqlarla bağlı" ("Ədəbiyyat və incəsənət" qəzeti, 1974 ¹ 47) kitab və məqalələr nəşr olunub. Bundan başqa 1968-ci ildə "Kərkük bayatıları", 1971-ci ildə xalq dastanı "Arzu-Qənbər", 1973-cü ildə "Kərkük mahnıları" və sair çapdan çıxıb. Müasir dövrdə bu müsbət işin davam etdirilməməsi də təəccüb doğuran məsələdir. Fikrimizcə, bu gün İraqda demək olar ki, hər gün rast gəlinən, dinc əhalinin ölümü və yaralanması ilə nəticələnən müxtəlif qanlı hadisələrə biganə münasibət yolverilməzdir. 1958-ci il iyul inqilabının qələbəsindən sonra, İraqda monarxiyanın devrilərək respublika elan olunması türkmanların da həyatında müsbət dəyişikliklər etmişdi. İraq mədəniyyət nazirliyində türkman mədəniyyət departamenti, Bağdadda türkman yazıçılar birliyi, "Qardaşlıq nadisi" adlı mədəniyyət evi fəaliyyət göstərib. Müxtəlif vaxtlarda soydaşlarımızın dilində "Kərkük", "Yeni İraq", "Bəşir", "Afaq", "İraq", "Yurd", "Qardaşlıq" və digər qəzet və jurnallar buraxılıb. Şairlərdən Hicri Dədə, Xıdır Lütfi, Əli Maarufoğlu, Əbdülxalıq Bayatlı, Mustafa Göy Qaya, Əbülvahab Bəndəroğlu, ilk İraq-türkman şairəsi Nəsrin Ərbilin şer kitabları nəşr olunub. Bu dövrdə Əta Tərzibaşı, İbrahim Daquqlu, Məhəmməd Xurşud Daquqlu, Rza Dəmirçi, Şakir Sabir Zabıt, Böyük Hafizoğlu Sabir və başqa alimlərin tarix və ədəbiyyata aid qiymətli əsərləri çap edilib. 1976-cı ildə Bağdadda Azərbaycan sovet şairlərinin əsərlərindən ibarət "Müasir Azərbaycan şerindən seçmələr" kitabı nəşr olunub. Keçən əsrin 70-80-ci illərində soydaşlarımız Əbülvahid Közəçioğlu, Kərkük qızı, Əbdülrəhman Qızıl Ay, Hüseyn Tuzlu və başqa tanınmış müğənilər ilə fəxr edib. Əbülvahid Közəçioğlu Səməd Vurğunun "Azərbaycan" və "Gülə-gülə" şerlərinə musiqi bəsləyib. Müxtəlif dövrlərdə hər gün Bağdad radiosu və Kərkük televiziyası ilə söydaşlarımızın dilində verilişlər efirə verilib. Bütün bu deyilən faktlar sübut edir ki, İraqdakı sistem qərb ölkələrinin kriteriyasına uyğun gəlmədiyi vaxtlar bu ölkədəki soydaşlarımızın hüquqları az-çox qorunur, hətta onların milli mədəniyyətinin inkişafına müəyyən şərait də yaradılırdı. Lakin çox təəssüf ki, bunları müasir dövrə aid etmək olmaz. Bəlkə də onların hüquqlarının qorunması ABŞ-ın yeritdiyi siyasətə uyğun olsaydı və buna maliyyə dəstəyi verilsəydi qeyri-hökümət təşkilatları bu problemlə məşğul olmaq üçün yarışa giirərdilər. Lakin hələlik biz bunun əksini görürük. Bütün cəhdlərə baxmayaraq İraqda ən çox hüquqları pozulan məhz bizim soydaşlarımızdır. Buna görə də Azərbaycan mütəmadi olaraq dövlət səviyyəsində bu məsələni diqqət mərkəzində saxlamalı, İraq türkmanlarının hüquqlarını müdafiə etməlidir. Məhərrəm ZÜLFÜQARLI, tarix elmləri namizədi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar