SON XƏBƏRLƏR

İrəvan sülhə arxa çevirdi...

2021.10.20, 07:36
İrəvan sülhə arxa çevirdi...

Gunaz.tv
İrəvan sülhə arxa çevirdi... Nalbandyan: "Qarabağ heç vaxt Azərbaycanın tabeliyində ola bilməz" Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan İrəvanın Qarabağ nizamlanmasında mövqeyini yumşaltması barədə Bakının iddialarını təkzib edib. "Mnaqişəsinin həlli aşağıdakı prinsiplərə əsaslanmalıdır: Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tabeliyində ola bilməz, Dağlıq Qarabağın Ermənistanla sərhədi olmalıdır, Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını həll etmək hüququnun tanınmalı və təhlükəsizliyinə zəmanət verilməlidir", - deyə o dünən vurğulayıb. İrəvan habelə Bakını sülh danışıqlarını pozmaq cəhdində ittiham edib. Deyib ki, son vaxtlar Azərbaycan tərəfi "vəziyyətin gərginləşməsinə yönəlmiş addımlar atmaqla sülh rejimini tez-tez pozmağa başlayıb": "Martın əvvəlində Mardakertdəki hadisə, Azərbaycan tərəfin hələ apreldə əsir götürülmüş dörd Erməni vətəndaşını qaytarmaqdan imtina etməsi, Tavuş vilayətində erməni hərbiçisinin və iki mülki şəxsin qətlə yetirilməsi. Bu addımlar danışıqlar prosesini təhlükə altına qoyur. Belə bir sual yaranır ki, bəlkə Azərbaycan tərəfi məhz buna nail olmaq istəyir". Belə görünür ki, Nalbandyanın davakar ritorikası Azərbaycanın öz hərbi xərclərini bu il üçün daha 53 faiz artırılacağı barədə bəyanatına görə ola bilər. Son günlər Bakı ilə İrəvan arasında söz müharibəsi yenidən qızışıb. İki gündən sonra isə Azərbaycan son illərdə ilk dəfə olaraq hərbi parad keçirməyi planlaşdırır. Özü də İrəvan bu bəyanatları elə bir vaxtda səsləndirir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfərə gəlməyə hazırlaşırlar. Vasitəçilər münaqişənin təməl həll prinsipləri üzrə razılaşmanın əldə olunması yollarını araşdırırlar. "Təməl prinsiplər"in mətni isə ötən ilin sonunda Madriddə xarici işlər nazirlərinin görüşündə tərəflərə verilib. Tərəflər həmsədrlərə öz fikirlərini fevralda təqdim ediblər və vasitəçilərdən də yeni təklif gözləyirlər. Belə bir vəziyyətdə Ermənistan XİN rəhbərinin bəyanatlarını Qarabağ danışıqlarına olan son ümidlərin "basdırılması" kimi də qəbul etmək olar. "Ekspress" qəzeti Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimovdan İrəvanın bəyanatlarını şərh etməsini xahiş edib. "Bu kimi bəyanatlar danışıqların ruhu ilə və erməni tərəfinin son vaxtlar özünü sülhpərvər kimi göstərmək istəyi ilə uyuşmur", - Əzimov bildirib. Onun sözlərinə görə, Ermənistan tərəfi son vaxtlar sülh danışıqlarının Dağlıq Qarabağın öz müqəddəratını həll etməsi üzərində kökləndiyini dönə-dönə təkrarlamaqla öz ictimaiyyətini çaşdırır və bunu "qələbə" kimi təqdim edir. Bu arada, Ermənistan prezidenti Serj Sərkisyan Moskvaya rəsmi səfərə yollanıb. O bu gün həmkarı Dmitri Mevedevlə görüşəcək. Danışıqların əsas mövzusu Qarabağdır. Azərbaycan isə bəyan edib ki, Ermənistanla möhkəm hərbi əməkdaşlıq quran Moskva digər öhdəliklərini də nəzərə almalıdır. "Rusiyanın Minsk Qrupunda həmsədrliyi daha vacib öhdəlikdir. Onlar Ermənistanı konstruktiv dialoqa yönəltməlidirlər", - XİN mətbuat katibi Xəzər İbrahim dünənki mətbuat konfasında bildirib. Ə.Raufoğlu express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar