SON XƏBƏRLƏR

İrəvanın Qərb şousu

2021.10.20, 07:36
İrəvanın Qərb şousu

Gunaz.tv
İrəvanın Qərb şousu erevan.jpg Son dövrlər maraqlı bir tendensiya diqqət çəkir. Rusiyanın Cənubi Qafqazdakı forpostu olan Ermənistanın yeni hakimiyyəti NATO ilə əlaqələri intensivləşdirməyə çalışır. Ermənistan Alyansla tərəfdaşlıq çərçivəsində Kosovadakı sülhməramlı fəaliyyətini daha da genişləndirmək niyyətindədir və hazırda bununla bağlı danışıqlar gedir. Müdafiə naziri Seyran Ohanyan da deyib ki, İrəvan hərbi quruculuq məsələsində NATO ilə əməkdaşlığa önəm verir və Alyansla Fərdi Tərəfdaşlıq Fəaliyyət Planını (İPAP) uğurla həyata keçirir. Əsas məqsəd 2015-ci ilədək Silahlı Qüvvələrin tərkibində sülhməramlı birqadanın yaradılmasıdır və həmin birqada bütünlüklə NATO standartlarına uyğun şəkildə formalaşdırılacaq. Ramiz Mikayıloğlu Xatırladaq ki, Seyran Ohanyan keçən həftə Brüsseldə NATO-ya üzv və tərəfdaş ölkələrin Kosovadakı sülhyaratma missiyasının fəaliyyətinə həsr olunmuş toplantıda iştirak edib. Azərbaycan və Gürcüstan Kosovadakı sülhməramlı qüvvələrini geri çağırdığı üçün bu toplantıda təmsil olunmayıb. Hər iki ölkə Kosova məsələsinə üzləşdikləri separatizm prizmasından yanaşır və bu bölgənin birtərəfli qaydada müstəqilliyini tanımadığını bildirib. Azərbaycanın Kosovadakı 34 nəfərlik tağımı apreldə geri qayıdıb. O da diqqət çəkir ki, məhz azərbaycanlı sülhməramlıların Kosovadan çıxmasından sonra İrəvan NATO ilə əlaqələrini intensivləşdirib. Hələ apreldə İrəvan bəyan etmişdi ki, Kosovadakı NATO missiyasında iştirakını genişləndirməyə, bir sözlə, yaranmış "boşluğu" doldurmağa hazırdır. Həmin vaxtadək Kosovada 34 nəfərlik tağım qulluq edirdi və İrəvan sülhməramlılarının sayını iki dəfə artıracağı vədini vermişdi. Ermənistan Brüsseldəki Kosova toplantısı ərəfəsində (9 iyun) 70 nəfrəlik yeni heyəti NATO missiyası tərkibinə ezam edib. Bu arada Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan da Brüsselə yollanıb. Bəs NATO-Rusiya münasibətlərin gərginləşdiyi bir vaxtda Ermənistan hakimiyyətinin Alyansla münasibətləri intensivləşdirmək yönündə manevrləri nədən qaynaqlanır? "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, Ermənistanda Rusiyanın hərbi bazaları yerləşir. İşğalçı ölkə şimal qonşumuzla birgə həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Bütün bu amillər nəzərə alınsa, İrəvan özbaşına NATO ilə əlaqələri inkişaf etdirməz. Elxan Şahinoğlu düşünür ki, Ermənistan Rusiyanın müəyyənləşdirdiyi çərçivədən maksimum yararlanmağa çalışaraq Alyansla əməkdaşlıq qurmağa can atır və bundan o yana keçmir. Ona görə də atılan addımların hamısı görüntü xarakterlidir. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinə görə, az əvvəl İrəvanda NATO həftəliyinin keçirilməsi əlaqələrin məzmununa elə də təsir etmir: "O zaman biz intensiv əlaqələrdən danışardıq ki, Ermənistan rəsmiləri Alyansla əlaqələrin genişlənməsində maraqlı olduqlarını açıq şəkildə ortaya qoyaydılar. Ancaq müşahidə edilənlər bunun əksini göstərir. Ermənistan rəsmiləri hər açıqlamalarında ehtiyatlı olmağa çalışırlar və deyirlər ki, NATO ilə əməkdaşlığın müəyyən sərhəddi var. Təsadüfi deyil ki, Brüsseldən sonra Seyran Ohanyan iyunun 16-da Moskvaya gedib, rusiyalı həmkarı Anatoli Serdyukla, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nikolay Makarov, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja ilə görüşüb. Ona görə də hesab edirəm ki, Ermənistanın NATO ilə əməkdaşlığı görüntü xarakteri daşıyır". Elxan Şahinoğlu bu qənaətdədir ki, İrəvanın son manevrləri saxtakarlıqla və qan tökülməklə keçirilən son prezident seçkiləri nəticəsində Ermənistanın yetərincə korlanmış imicini Qərdə yaxşılaşdırmağa hesablanmış jestlər də sayıla bilər: "Ermənistan son addımları ilə Qərbə göstərməyə çalışır ki, tək Rusiyayla deyil, Qərbin iqtisadi və təhlükəsizlik qurumlarıyla da əməkdaşlığa hazırdır. O cümlədən Avropa Birliyilə əməkdaşlığı intensivləşdirməkdə maraqlıdır. Ermənistan da Azərbaycan kimi Avropa Birliyinin qonşuluq proqramının üzvüdür. Yəni İrəvan həm Avropa Birliyi, həm də NATO istiqamətində Qərbə müəyyən jestlər edə bilər. Ermənistandakı prezident seçkilərindən sonra Serj Sərkisyanın mövqeyi o qədər də möhkəm deyil. Bütün dünya o seçkiləri izlədi, insanların öldürülməsini, nəticələrin saxtalaşdırılmasını Qərb gördü. Bu amili yumşaltmaq üçün Qərbə müəyyən jestlər edilə bilər. Ancaq NATO ilə əməkdaşlıq məhdud xarakter daşımaqdan o yana keçə bilməz. Həmin çərçivəni Rusiya müəyyənləşdirib və Ermənistan o çərçivəni keçə bilməz". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar