SON XƏBƏRLƏR

İrqçilərin təhqirinə məruz qalan “Traxtur” klubu yenə də cəzalandırıldı

2021.10.20, 07:36
İrqçilərin təhqirinə məruz qalan “Traxtur” klubu yenə də cəzalandırıldı

Gunaz.tv

GünAz TV: İran Futbol Federasiyasının İnzibati Komitəsi 18-ci super liqa yarışlarının 3-cü həftəsində Təbrizin “Traxtur” və Tehranın “İstiqlal” komandalarının görüşündə baş verən hadisələrlə bağlı hökm çıxarıb, hökmdə tərəfdarlarının irqçiliyə yol verdiyi “İstiqlal” klubu deyil, Azərbaycanın “Traxtur” klubu cəzalandırılıb.


Futbol Federasiyasının rəsmi saytında yayılan məlumata görə, “İstiqlal” klubu, tərəfdarlarının rəqib komandanın tərəfdarlarını daşa tutduğuna və onların ünvanına söyüşlər səsləndirdiyinə görə yalnız 10 milyon tümən cərimə ödəməlidir. “Traxtur” klubu isə tərəfdarları oturacaqları qırdığına, pilləkanları təxrib etdiyinə və söyüş səsləndirdiyinə görə 20 milyon tümən cərimə ödəyəcək.


“Traxtur” bundan əlavə tərəfdarları sözdə stadionun müxtəlif təchizatlarını təxrib etdiyi üçün 42 milyon 815 min tümən məbləğində vəsait ödəməlidir.


Göründüyü kimi, federasiya tərəfdarları irqçilik zəminində müxtəlif şüarlar səsləndirən “İstiqlal” klubunun qanunsuz əməllərinə yenə də göz yumub.


Avqustun 10-da Tehranın Azadi stadionunda “İstiqlal”la “Traxtur” komandaları arasında keçirilən görüşdə hər zaman olduğu kimi, yenə də Azərbaycan türk milləti və “Traxtur” tərəfdarları təhqir olunub. Stadionda “İstiqlal” tərəfdarları əvvəldən planlaşdırılmış bir şəkildə dəfələrlə “ölüm olsun türkə” şüarı səsləndirib, türk millətinin ünvanına müxtəlif söyüş və təhqiramiz ifadələr dilə gətiriblər. “İstiqlal”çılar həmçinin “Traxtur” komandasının tərəfdarlarını daşa tutub, onlara tərəf müxtəlif əşyalar atıblar.


Bu arada İranın daxili işlər naziri Rəhmani Fəzlinin stadionlarda baş verən hadisələrə reaksiya verdiyi bildirilir.

 

 

Nazir vurğulayıb ki, stadionlarda bu vəziyyət davam edə bilməz, əgər hökumətə qarşı şüar verilirsə, bəzi görüşlər tamaşaçısız keçirilə bilər. Nazirin bu təhdidi böyük ehtimalla “Traxtur” tərəfdarlarının Azərbaycan türk millətinin demokratik və milli hüquqlarının təmini uğrunda səsləndirdikləri şüarlarla bağlıdır. “Traxtur” tərəfdarları bunu Güney Azərbaycana qarşı həyata keçirilən ssenarinin tərkib hissəsi olduğunu düşünürlər.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar