SON XƏBƏRLƏR

İsa Kəlantərinin yeni etirafı: “1998-ci ildə Urmu gölünün quruyacağını bilirdik”

2021.10.20, 07:36
İsa Kəlantərinin yeni etirafı: “1998-ci ildə Urmu gölünün quruyacağını bilirdik”

Gunaz.tv

GünAz TV: İran Ətraf Mühit Təşkilatının rəisi İsa Kəlantəri etiraf edib ki, İran rəsmiləri 1998-ci ildən (hicri-şəmsi təqvimi ilə 1377-ci il) Urmu gölündə böhran yaranacağını bilirdilər.

 

“Su hövzələri üzrə mütəxəssis Dr. Cavaheri 1998-ci ildə mənə dedi ki, gölün ətrafında bəndlərin tikilməsi davam edəcəyi təqdirdə, göl 2016-ci ilədək quruyacaq. O zaman bəziləri bu sözə şübhə ilə yanaşaraq dedilər ki, bu həcmdə su mövcud olduğu halda, gölün quruyacağından söhbət gedə bilməz!”-deyə İ.Kəlantəri Urmu gölünün vəziyyətindən danışarkən deyib.

 

“İsna” xəbər agentliyinin yaydığı məlumata görə, İran Ətraf Mühit Təşkilatının rəisi mövzu ilə heç bir əlaqəsi olmayan orqan və rəsmi şəxslərin qida məhsulları və kənd təsərrüfatı ilə bağlı açıqlama vermələrini də tənqid edib. “Sərdar Nəqdi bir hərbçi olduğu halda elan edir ki, İran daha çox əhaliyə yemək təmin etmək iqtidarındadır. Müvafiq dövlət orqanları isə bu açıqlamaya heç bir reaksiya vermir. Təbii ki, belə məsələlər bizim qərar verən orqan və məsullarımızı çaşdırır.

Bizim səlahiyyətli qurumlarımız sükut edir. Çoxları yalnız öz şəxsi və ya qurum mənafeyini güdür. Bu vəziyyətdə bir hərbçi və ya bir neçə millət vəkili meydana çıxaraq istədiyi siyasəti tətbiq edir”- deyə o bildirib.

 

İ.Kəlantəri ətraf mühit fəallarının saxlanılması məsələsinə də toxunub: “Bir neçə nəfəri nümunə kimi idarəyə çağıraraq onların ölkədən çıxışına qadağa qoyurlar. Dərnəklərimiz isə hamısı bu hadisələrə seyrçi qalır.”

 

O yenilənən qaynaqlardan həddindən artıq istifadə olunduğunu da qınayıb. Onun sözlərinə görə, “heç bir ölkə yenilənən qaynaqların təbii ehtiyatlarından 40 faizdən çox istifadə etməməlidir, lakin İranda 130 faizi istehlak edilir.”

 

Ətraf Mühit Təşkilatının rəisi tətbiq olunan qədim üsullarda düzəlişə ehtiyac olduğunu da diqqətə çatdırıb. “Biz qəbul etməliyik ki, iqlim dəyişikliyi var. Suyun həcmi isə azalır və şorlaşır. Artıq qədim üsullarla hazırkı vəziyyəti tənzimləmək mümkün deyil”- deyə İ.Kəlantəri  vurğulayıb.

 

İran rejiminin həyata keçirdiyi yanlış və qərəzli siyasətin nəticəsində artıq Urmu gölünün 95 faizi quruyub. Gölün quruması ilə bölgənin ətraf mühitində baş verən dəyişikliklər 15 milyondan çox insanın həyatını təhdid edir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar