SON XƏBƏRLƏR

İşgəncələr altında saxlanılan Kiyumərs İslaminin azadlığa buraxılması üçün vəsiqə qəbul etməkdən imtina edirlər

2021.10.20, 07:36
İşgəncələr altında saxlanılan Kiyumərs İslaminin azadlığa buraxılması üçün vəsiqə qəbul etməkdən imtina edirlər

Gunaz.tv

GünAz TV: Babək qalası yürüşü ərəfəsində saxlanılan  milli-mədəni fəallardan biri də Azərbaycanın tarix və mədəniyyəti üzrə araşdırmaçı fəal Kiyumərs İslamidir.

 

Muğanın Parsabad şəhərinıin zindanına aparılan fəalın işgəncələr altında saxlandığı bildirilir.

 

K.İslaminin dosyesinə baxan hakim onun azadlığa buraxılması üçün 120 milyon riallıq mülki vəsiqə təyin edib. Fəalın ailəsi iyulun 7-də Parsabad Məhkəməsinə müraciət edərək təyin edilən vəsiqəni təqdim etmək istəyib, lakin məhkəmə Ettelaat İdarəsinin tapşırığı ilə mülki vəsiqəni qəbul etməkdən imtina edib.

 

Hakim azərbaycanlı fəalın ailəsinə bildirib ki, “vəsiqə qarşılığında Kiyurmərsi azadlığa buraxa bilmərik. Onun dosyesi haqda gələn həftə qərar veriləcək.”

 

K.İslami Parsabad Ettelaat İdarəsinin təcridxanasında da ağır işgəncəyə məruz qalıb. Məlumata görə, fəalın aldığı zərbələr nəticəsində başı qırılıb, o üz-gözü qan içində Parsabad zindanına aparılıb. Məlumata görə, zindan rəisi Ettelaat İdarəsinin tapşırığı ilə fəala həbsxanananın poliklinikasında ilkin tibbi yardım göstərilməsinə icazə verməyib.

 

Araz adı ilə tanınan K.İslami Azərbaycanın tarix və mədəniyyəti üzrə gənc araşdırmaçı fəaldır. O iyulun 3-ü sübh saatlarında Parsabad şəhərində öz evində saxlanılıb. Ettelaat əməkdaşları fəalın evinə hücum çəkərək evdə axtarış aparıb, fəala aid bir çox şəxsi əşyanı özləri ilə götürüblər. Fəal yaxalanarkən Ettelaat əməkdaşları tərəfindən döyülüb.

 

İranın təhlükəsizlik qüvvələri iyulun 5-i və 6-da keçirilən  ənənəvi Babək qalası yürüşünə bir neçə gün qalmış milli-mədəni fəalların ev və ya iş yerlərinə hücum çəkərək təxminən 80 nəfəri saxlamışdır. Azərbaycanlı fəalların əksəriyyəti yaxalanarkən və təcridxanalarda saxlandıqları zaman işgəncə edilib. Son günlərdə saxlanılan fəallardan bir çoxu mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar