SON XƏBƏRLƏR

İshaq Cahangiri: “Amerika neftimizin ixracatını sıfıra endirmək istəyirlər”

2021.10.20, 07:36
İshaq Cahangiri: “Amerika neftimizin ixracatını sıfıra endirmək istəyirlər”

Gunaz.tv

 GünAzTV: İranın birinci vitse-prezidenti İshaq Cahangiri oktyabrın 21-də Milli İxracat Günü münasibətilə Tehranda keçirilən bir tədbirdə çıxış edərək, Tramp hökumətinin İran neftinin satışına qoymağa hazırlaşdığı qadağadan və rəsmi Tehranın buna münasibətindən danışıb.

 

Cahangiri bildirib ki, amerikalılar İran neftinin ixracatına qoymaq istədikləri qadağalar barədə geniş təbliğat apararaq, dünya ictimaiyyətinə təsir göstərməyə çalışırlar: “Amerikalılar 4 noyabr (13 aban) tarixini çox təbliğ edirlər. Onların hədəfi isə neftimizin ixracatını sıfıra endirməkdir. Həmin təbliğatlar nəticəsində bir sıra ölkələr təslim olaraq bizimlə əməkdaşlıqlarını dayandırsalar da, bəzi ölkələr ölkəmizə qarşı aparılan bu təbliğatlara önəm vermədilər. Lakin  bizə qarşı aparılan təbliğatlara baxmayaraq, bu arada biz yeni tərəfdaşlar da tapdıq. Elə buna görə də neftimizi ixrac etmək üçün əlimizdə müəyyən imkanlar və yollarımız var.

 

Amerikanın ölkəmizə qarşı tətbiq etdiyi sanksiyalar təkcə islam respublikası hakimiyyətini yox, həm də İran millətini hədəfə alıb. Bəziləri hesab edirlər ki, biz sanksiyalardan yaxa qurtarmaq üçün nüvə sazişi kimi beynəlxalq bir müqaviləni pozan tərəflə üz-üzə oturub, müzakirələr aparmalıyıq. Lakin iranlının qeyrəti buna icazə vermir. Düşünürük ki, qarşı tərəf hər şeydən əvvəl bizə qarşı zorbalıq siyastindən əl çəkməlidir.

 

Amerikanın sanksiyaları millətimizə qarşı zülmdən və bac almaqdan başqa bir şey deyil. Elə buna görə də hesab edirəm ki, əgər bizlər biz-birimizin yanında olsaq və ölkənin çətin bir mərhələdə olduğunu qəbul etsək, indiki ağır durum çox çəkməyəcək və biz hazırkı çətin durumu geridə buraxacağıq”.

 

Xatırladaq ki, avqustun 6-da ABŞ prezidenti Donald Trampın imzaladığı sərəncama əsasən, Amerikanın İrana qarşı sanksiyalarının 1-ci mərhələsinin icrasına başlanılıb.

 

 

Vaşinqtonun İrana qarşı sanksiyalarının 2-ci və ən mühüm mərhələsinə, yəni İran neftinə sanksiyanın tətbiqinə isə noyabrın 4-dən başlanılacaq. Amerika rəsmiləri bildiriblər ki, İran neftinin ixracını sıfıra endirmək istəyirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar