SON XƏBƏRLƏR

İslam fəlsəfəsindən sui-istifadə cəhdləri

2021.10.20, 07:36
İslam fəlsəfəsindən sui-istifadə cəhdləri

Gunaz.tv
İslam fəlsəfəsindən sui-istifadə cəhdləri Azərbaycanda dini situasiya və ideoloji təxribatlar Azərbaycan cəmiyyəti üçün dini tolerantlıq daha böyük aktuallıq kəsb etməyə başlayıb. Son olaylar ölkədə dini dözümsüzlük yaratmaq və məzhəb ayrı-seçkiliyi üzərində ekstremist əhval-ruhiyyə formalaşdırmaq cəhdlərinin artdığını göstərir. Ənənəvi olaraq Azərbaycan cəmiyyəti dini tolerant olub. Ancaq bu mərhələdə onun üçün yeni özəl situasiyanın formalaşdığını da inkar etmək olmaz. Məsələ ondan ibarətdir ki, Azərbaycan cəmiyyətində dini təsəvvürlərin dəqiqləşməsi və dərinləşməsi prosesi başlayıb. Artıq adi dini mövqe ilə insanlar təxribatlar qarşısında tab gətirə bilməzlər. Daha geniş, düzgün və dərin dini biliklərə sahib olmaq gərəkdir. Həm də ona görə ki, xaricdə məhz İslam fəlsəfəsi faktoru ilə bağlı spekulyasiyalar aparmağa başlayıblar. Onlar İslam fəlsəfəsinin incə məqamlarını təhrif etməklə avtomatik olaraq müsəlmanların dini şüurunda təhriflər etməyə çalışırlar ki, bunun da sonucu müxtəlif radikal təsəvvürlərin formalaşmasına gətirib çıxara bilər. Bu mövzuda sufiliklə bağlı bəzi məqamlara aydınlıq gətirməyə ehtiyac var. Sufilik fəlsəfi cərəyan olaraq çox dolğun məzmuna, hədəfə və idraki üsullara malikdir. Sufilər fəlsəfi səviyyədə insanın Allaha canatması imkanlarını araşdırıblar. Onlar bunun praktiki aspektlərini çox inkişaf etdiriblər. Sufi filosoflar Azərbaycanda da güclü olublar. Onların əsas idraki hədəfi və həyat məqsədi qəlb və təfəkkürü təmizləməklə Allaha doğru getməkdir. Yəni hər bir varlıq ilk mənbəyinə can atmalıdır, o yolu keçməyin də konkret məqamları vardır. Sufi fəlsəfəsində məqamlara çatmaqla insanın Allaha qovuşması konkret üsullarla həyata keçirilir. Bu üsullar da İslamın təməl prinsiplərinə tamamilə uyğundur. Sufi filosofların dünya fəlsəfi fikrinə verdikləri töhfələr o qədər maraqlıdır ki, ondan Qərb çox istifadə edib. Hətta onu deyə bilərik ki, Qərbdə azərbaycanlı sui filosofları vətənimizin özündən daha yaxşı tanıyırlar. Deməli, Qərb faktiki olaraq bizim fəlsəfi təfəkkürümüzün özəlliklərini bizdən yaxşı bilir. Xalq fəlsəfi təfəkkürünün özəlliklərini yaxşı bilmək həm də onun dini duyumunun fərqliliklərini öyrənmək deməkdir. Misal çəkək. Azərbaycanın görkəmli filosoflarından olan Şihabəddi Yəhya Sührəvərdini Qərb bizdən çox-çox yaxşı öyrənib. Onu dünyanın ən adlı-sanlı iki filosofundan biri hesab edən qərbli tədqiqatçılar da var. Qərbin Dekard, Kant, Hegel, Husserl və sair kimi məşhur filosofları ilə onlardan bir neçə əsr öncə yaşamış Sührəvərdinin görüşləri arasında çoxlu sayda paralellər aparırlar. Akademik Səlahəddin Xəlilov bununla bağlı maraqlı müqayisələr aparıb. İndi məsələyə bu gün sufilikdən süni istifadə etməyə çalışan bəzi xarici tədqiqat mərkəzlərinin işi prizmasından baxaq. Əgər onlar bizim qədim filosofların yaradıcılığını yaxşı mənimsəyiblərsə, həm də dini təfəkkürümüzün incəliklərini bilirlər. Onlardan da bir neçə məqsəd üçün istifadə edirlər. Birincisi, həmin ideyaları xristian dünyagörüşünə uyğunlaşdırıb, güclü mənəvi-ideoloji sistemlər yaradırlar. Məsələn, Dekardın belə hərəkət etdiyini yazırlar. İkincisi, Şərq fəlsəfi təfəkkürünün köklərini dərindən öyrənirlər. Üçüncüsü, İslam fəlsəfəsini öyrənmək əsasında xalqların psixologiyasındakı zəif məqamları araşdıraraq ideoloji təsirlə müsəlmanları idarə etməyə çalışırlar. O cümlədən, İslam fəlsəfəsinin müddəalarına yaxın elə yad tezislər formalaşdırırlar ki, nəticədə müsəlmanlar bir-birindən şübhələnir. Son illər müsəlman cəmiyyətlərində müsəlmanları bu yolla ideoloji aspektdə bir-birinə qarşı qoymaqdadırlar. Deyək ki, insan qəlbinin təmizlənməsinin İslam və xristian yollarının ortaq məqamlarını önə çəkərək, müsəlmanın gözündə xristian təsəvvürləri yüksəldirlər. Bu çıxış nöqtəsindən ustalıqla istifadə edib, sonrakı mərhələdə ümumiyyətlə xristianlığın İslamdan yüksək olduğunu təriqətçi ideoloji sistemlərlə insanlara çatdırmağa çalışırlar. Bunun təsirlərindən biri də İslamda olan müxtəlif təriqətlərin bir-birinə dözümsüz münasibətinin formalaşması olur. Onların sonucu isə öz dindaşını fiziki olaraq məhv etmək həvəsinin yaranmasıdır. Bu həvəs olandan sonra onun təşkili artıq texniki məsələdir. Şübhə etmirik ki, dünyada radikal mövqeli müsəlman təşkilatlarının bir çoxunun silaha əl atma yolunda həmin məqamlar az rol oynamayıblar. Azərbaycanda müsəlmanların bu tələyə düşməməsi lazımdır. Bunun üçün zəngin tarixi təcrübə də var, situasiyanın düzgün izahını verə bilən dini qurumlarımız da kifayət qədərdir. Orxan Güneyli olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar