SON XƏBƏRLƏR

İslam və demokrasi.GÜNTAY GƏNCALP

2021.10.20, 07:36
İslam və demokrasi.GÜNTAY GƏNCALP

Gunaz.tv
İslam və demokrasi Günümüz və tarixin ən önəmli mövzularından biri budur ki, islam və demokrasi qavramları bir-biri ilə barışar ya yox? İstibdadın, cəhalətin, zülmün, ədalətsizliyin və qaranlığın hökm sürdüyü islam ölkələrinə baxdığımızda nədən bu ölkələr Qərbdəki sosial ədalətlə uyum içinə girmirlər sorusu ağlımızda canlanır. Nədən 100 minlərcə, milyonlarca aydın və ya azad yaşamaq istəyən insan Qərbə qaçır? Islam ölkələrində yaşanılacaq sosial bir düzən bərqərar etmək mümkün olmazmı? İslam ölkəsində doğmaq günümüzdə suç və məhkumiyət sayılır. Başqa cür düşünmək olmaz, başqa dinə keçmək olmaz! Dünyanın bu qədər sürətli şəkildə tərəqqisi qarşısında islam dünyası öz cəhalətində, öz qaranlığında qalmaqdan nədən mutsuz olmur. Bu durğunluq, bu istibdad, bu qaranlıq nə zamana qədər davam edəcək? Bu sorlar bağlamında “İslam və demokrasi” mövzusunda bir dartışma başlatmanın zamanıdır. Əslində demək olar ki, bütün dinlərdə aşağı-yuxarı istibdad və antipluralizm görüşləri hakimdir. Bəlkə islam dinində daha çox gözə çarpa bilər, ancaq bunun tarixi və sosiolojik səbəbləri var. Din dəyərlər və demokrasi isə metodlar üzərində durar. Yəni demokrasi bir dəyər deyildir, dəyərlərin tətbiq edilməsi üçün metoddur. O zaman belə anlaşılır ki, metod olaraq mövcud olan demokrasinin məzmun dəyərini din doldurduğunda hər türlü pluralizmə meydan qapanmış olur. Modern dünyada liberalizm və düşüncə özgürlüyü bir dəyərlər bütünüdür və demokrasi yolu ilə də bu dəyərlər özünü gerçəkləşdirir. Bu üzdən də Liberal-demokrasi Qərb siyasi fəlsəfəsində bir yerdə işlənir. Ancaq islam aləmi bu liberalizm sözündən qorxduqları üçün, sadəcə demokrasini almağa, yəni yalnız metodu almağa çalışmışlar və müvəffəq ola bilməmişlər. Çünkü “demokrasi” qavramı Qərb ölkələrində siyasi tətbiqat metodu kimi həyata keçmədən, liberalizm, insan haqları, düşüncə və din pluralizmi ilə bağlı Qərbdə bir çox siyasi fəlsəfələr ortaya qoyulmuş və bir çox fikir adamları da bu üzdən öldürülmüşlər. Yəni liberal dəyərlər demokrasi metodundan daha öncə insanların beynini qurcalamışdır. Liberal dəyərlərin xristian dünyasında özünə yer edib və insanlara gerçək anlamda özgürlük gətirməsinin səbəbi xristianlıq dinin yapısı ilə ilintilidir. İslam dini xristianlıqdan önəmli konularda fərqlənir. Xristianlıqda açınım (vəhy) yalnız iman üzərinə israr edir. Ancaq islamda vəhy və peyqəmbərlik yalnız iman üzərinə israr etməz. İslam həm də siyasi bir sistemin gətiricisi, qurucusu olmuşdur. İslamı digər dinlərdən fərqləndirən təməl ayrıntı budur. Yəni Hz. Məhəmməd 13 il peyqəmbər və 10 il isə Məkkədən Mədinəyə getdikdən sonra peyqəmbər şah olmuşdur. Hz. Məhəmmədin siyasi fəaliyətlərdə bulunmasının səbəbi o zamankı ərəbistan yarımadasında dövlətin olmaması idi. Hətta bir çox laik islamçılar da bu üzdən belə hesab edirlər ki, peyqəmbərin dövlət qurması ərəzidir, zati deyildir, yəni peyqəmbərin dini missionu ilə əlaqəsi yoxdur. Çünkü O zmanın ərəbistanında dövlət olsaydı, o zaman Məhəmməd yalnız peyqəmbərliklə məşğul olardı, siyasətlə deyil. Ya da bu şəkildə anladan da var ki, Məhəmməd, peyqəmbər olmasa idi da öz istedadı üzündən ərəblərə bir dövlət qurmalı idi. Yəni peyqəmbərin siyasətlə uğraşması o zamankı dövlət boşluğundan qaynaqlanmışdır və dövlətsizlikdən əziyət çəkən ərəblər də bunu böyük məmnuiyətlə qəbul etmuişlər. Ancaq Hz. İsa peyqəmbər siyasətə və dövlət qurma işinə qatılmır. Nədən? Çünkü Hz. İsanın zamanında Roma imperatorluğu kimi toplumun güvənliyini sağlayan bir dövlət var idi. Ayrıca İsa 23 il deyil, sadəcə 3 il peyqəmbərlik etmişdir. Açınım (vəhy) daşıyıcısı olan peyqəmbərin siyasətlə uğraşması daha sonrakı dönəmləri də etkiləmişdir. Bu üzdən də liberal dəyərlərə gətirib çıxaracaq hər növ reform hərəkətlərinə islam dünyası qapalı qalmışdır. Reform nədir? Refom, yəni yenidən şəkilləndirmə. Yəni bir fenomenin mövcud şəklini dəyişdirib ona zamanın, çağların ehtiyaclarına görə şəkil vermə. Çünkü bütün çağlar Ərəbistanın VII əsrinə bənzəməz və bütün millətlər də ərəblərin psixologiyasını daşımazlar. Bu üzdən də islamlaşmaq bir türlü ərəbləşmək kimi islam tarixində özünü ortaya qoydu. Demokrasinin bir düşüncə və məktəb olmadığını, bir metod olduğunu söylədik. Liberal demokrasi də heç vaxt sadəcə seçimdən ibarət olduğunu iddia etməmişdir. Liberal demokrasidə liberalizm düşüncədir, demokrasi bu düşüncənin tətbiq edilmə metodudur. Ancaq müsəlmanların ağlındakı “islami demokrasi”də islam dəyərləri düşüncə və demokrasi bu dəyərlərin uyqulanma (tətbiq edilmə) metodudur. İslam dəyərləri də bütün pluralizmə qapalı olduğu və özünü mütləq haqq sandığı üçün burada demokrasi, əslində dini istibdadın və dini diktatorluğun metodu kimi ortaya çıxır. Necə ki, bu gün İran və ya bir çox müsəlman ölkələrdə seçim var, milli məclis var, ancaq azadlıq yoxdur. Nədən? Çünkü azadlıq demokrasinin mövzusu deyildir, liberalizmin mövzusudur. Demokrasi azadlığın aracıdır, özü deyildir. Islam zehniyəti demokrasini yalnız öz dəyərlərini gerçəkləşdirmək üçün qəbul edər, başqa düşüncələrin də gəlişməsinə yardımçı olan demokrasi islam zehniyətində qəbul edilməz və islam tarixində də qəbul edilməmişdir. İslamda yalnız müsəlmanların haqqı var, müsəlman olmayanlar yaşaya bilmələri üçün cəziyə (müsəlman olmamanın cəzası olaraq pul) ödəməli idilər. İslam və liberal dəyərlər arasındakı təzad nələrdir? İslamın kamil insan tipi hazırdır. İslam dəyərləri əsasında yaşayan fərd sonunda Tanrıya qovuşar və iş bitər. Ancaq liberalizmin insan tipi hazır deyildir. Liberal dəyərlərə görə insan və toplumlar zamanın axışı içində öz-özlərinin memarı olarlar. İslamda isə inkişafın bütün sirləri VII əsr Ərəbistanın qumsal çöllərində itmişdir. İslam ölkələrini idarə edən siyasilərin liberal dəyərlərlə düşmənliklərinin səbəbləri budur. İslam bir yönlü, liberal dəyərlər çox yönlü insan növünü düşünməkdədir. İslamda bu bir yönlülüyün də istiqaməti Tanrıdır. Ancaq Liberal dəyərlər fərdə Tanrıya inanmama və ya dinini dəyişdirmə haqqı da tanıyır. Qərbdə meydana çıxmış olan liberal dəyərləri müsəlmanlar bu şəkildə dəyərləndirirlər ki, əgər Qərb də müsəlman olsaydı bu dəyərlərə ehtiyac qalmazdı. Liberal dəyərlərin ortaya çıxışını xristianlıqdakı əksiklikdən qaynaqlandığını savunurlar müsəlmanlar. Bu səbəbdən islam bilginləri liberal demokrasinin islamın mahiyəti ilə ziddiyətdə olduğunu düşünürlər. Çünkü liberal demokrasinin dini pluralizm anlayışı müsəlmanların “ən son və mükəmməl din islamdır, bütün insanlar müsəlmanlaşmalıdırlar” tezisinə qarşıdır. Hətta islamın ilk çağlarında rəddə savaşlarında olduğu kimi bu gün də əksər islam ölkələrində islamdan üz döndərmiş adamların cəzası edamdır. Hz. Məhəmməd öldükdən sonra bir çox ərəb islamı rədd etdilər. Əbubəkirin başçılığı və Əlinin savaşçılığı ilə başlanan bu savaşda islamı rədd edənlərin kökünü kəsdilər. Ona görə də bu savaşın adı “rəddə” olaraq aldı. Günümüzdə pluralizm, liberal demokrasi fəlsəfəsinin çox önəmli bir parçasıdır. BU, sadəcə siyasi pluralizmdən ibarət deyil, həm də dini, fikri, fəlsəfi pluralizmdən ibarətdir. Liberal demokrasinin qaynağı insanların intellektual gəlişmələrinə, ehtiyaclarına görə dəyişir. Ancaq islami demokrasinin dəyişməyən qaynağı var və onun dışına çıxmaq küfr sayılır. Bu üzdən də demokrasi əslində daima dəyişən, transformasiona uğrayan insan ağlının gerçəkləşməsi üçün bir ideal metoddur. Örnəyin bir bilim adamının, bir siyasi fəlsəfəçinin ağlına yeni bir şey gəldiysə edama məhkum edilmədən onu bir kitab və ya dərgidə yayınlaya bilər, ancaq eyni adam islam ölkələrində ölümlə cəzalana bilər. Çünkü dinlər Tanrı mərkəzli və liberalizm isə insan mərkəzli düşünməkdədir. Tanrı mərkəzli düşünüldüyü zaman siyasət də mütləq və dəyişməyən müqəddəs dəyərlərin əmrində olur. Ancaq insan mərkəzli düşünüldüyü zaman siyasət Tanrıya deyil, insanın mutluluğuna xidmət edən, insanlar arası güvən sağlayan bir davranış olaraq ortaya çıxır. Olaya epistemoloji bucaqdan baxıldığında liberal demokrasi təcrübə və ağla dayanır, ancaq islam şəriətin dəyişməz qanunlarına. Bəzi islam ölkələrində edam hökmünün ləğv olunması Qərb dövlətlərinin basqısı üzündən olmuşdur. Yəni günümüzdə hansısa bir islam ölkəsində adam kimi yaşamaq mümkünsə, bu, qətiyən o ölkənin öz tarixi şərtlərindən qaynaqlanmır, bu, ya Qərbin basqısı üzündəndir, ya da Atatürk kimi üstün bir insanın bu qaranlıq tarixi yıxa bilməsi hesabınadır. Liberal demokrasi əslində uzun sürəli aydınlanmaın nəticəsidir. Bu aydınlanma prosesində dini mətnləri fərqli təfsir etmiş, açıqlamışlar. Dinin sekularizasionu ilə gerçəkləşmişdir bu aydınlanma sürəci, yəni din insanların iç dünyası ilə ilgili bir sahəyə endirilmişdir. Bir çox Skandinaviya ölkələrində insanların dinini soruşmaq suç sayılır və adam məhkəməlik ola bilər. Dinin ictimai həyatdan uzaqlaşdırılması ilə düşüncə pluralizminə meydan açılmışdır. Çünkü Tanrının sonsuzluğu haqqında danışan dini hər kəs öz sonlu ağlı ilə anlayır. Sonlu anlayış isə mütləqləşdirilir və qanlı savaşlara səbəb olur. Anlaşıldığı kimi islamiyətin demokrasi ilə düşmənliyi ortaya çıxmış olur. Çünkü müsəlmanların qəbul etdikləri “islami demokrasi” nəticə etibarı ilə istibdaddan başqa heç bir şey deyildir. Beləliklə də eyni zehniyət islami iqtisad anlayışını ortaya qoyur. Islami iqtisadın isə qaynaq kitabı yoxdur, çünkü Quran bir iqtisadiyat kitabı deyildir. İqtisadi baxımdan öz yerində çabalayan islam ölkələrinin fəlakəti buradan qaynaqlanır. Çünkü iqtisadi həyat, sadəcə pullaşmaqdan ibarət deyildir. İqtisadiyat elmdir və digər elm sahələri ilə sıx əlaqəsi var. İslami demokrasi isə Qərbin güclənib və islam ölkələrini kontrollarına aldıqları zaman ortaya çıxdı. Qərb fikri, elmi, fəlsəfi, hərbi baxımdan güclənmədiyi müddətcə islam dünyasında “islami demokratiya” sözünə rast gəlmirik. Nədən? Çünkü islam tarixində heç bir zaman çoğunluğun və xalqın görüşü ilə hesablaşma zehniyəti olmamışdır. Hz. Məhəmməd öldükdən sonra ilk dörd xəlifəni xalq seçmədi. Savaşlar yolu ilə qənimət əldə edərək zənginləşmiş islamın bir neçə öncüləri seçdi. Bir tək qadının görüşünə xəlifələrin seçimində baş vurulmadı, çünkü islam anlayışında qadın ikinci cinsdir və onun görüşü ilə hesablaşmaq xətalı bir işdir. Sünni cəbhəsində bu hadisələr yaşarkən, islamın şiə anlayışı daha qəddarca istibdad və diktatorluqdan yana olmuşdur. Şiəyə görə əhaliyə ehtiyac yoxdur, peyqəmbərdən sonra iqtidar qeydisz şərtsiz imamların olmalı imiş. Baxmayaraq ki, imamlar özləri belə düşünməmişdi. Hətta Əbutaliboğlu Əli heç bir yerdə imamət sözünü tələffüz etməmiş, o özü də xilafətdən danışmıdır. Ancaq artıq istibdad öz içindən özünü dağıdan düşüncə adamları yetişdirir. Günümüzdə islam dünyasında da teoloji hermenotiyin fəlsəfi hermenotiklə yer dəyişdirməsinə tanıq oluruq. Bunlardan biri və bəlkə də islam tarixində heç alternativi olmayan iranlı Abudlkərim Soruşdur. İran islam inqilabında Xomeyninin yardımçısı olmuş, daha sonra bu cərəyandan ayrılmış və öz fəlsəfəsini qurmuş olan Soruş özəlliklə İran qaynaqlı islam anlayışını kökündən uçurur. (Soruşun görüşləri ilə bu sitədə tanış ola bilərsiniz: http://www.drsoroush.com/) Soruşa görə artıq dini iqtidarların zamanı bitmişdir və Qurandakı “cihad” qavramı da əskimişdir. Çünkü cihada əmr vermək yalnız peyqəmbərin səlahiyətində olan bir işdir. Soruş həm də belə hesab edir ki, Quranın bir çox mətni artıq batil olmuş, keçərliliyini itirmişdir. Yəni Məkkədə gələn ayələr, Mədinədə islami dövlət qurulduqdan sonra mənsux (batil) edilmişdir. Hətta Soruşa görə Quranda keçən və Məkkədə gəlmiş olan “Dində zor və icbar yoxdur” ayəsi qital (öldürmə) ayələri tərəfindən ibtal edilmişdir. Soruş son yazılarında daha da irəli gedir və Quranın Allahın kitabı olmadığını deyir. Soruşa görə, Allahın əsəri olan Quran deyildir, Məhəmmədir. Yəni Quran Məhəmmədin və Məhəmməd isə Tanrının əsəridir. Neomötəzilə məzhəbinin tərəfdarı olan Soruş Quranın qədim deyil, məxluq olduğunu savunur. İslam dünyası belə hesab edir ki, Quran qədimdir, yəni Tanrının əzəldən demək istədiyi sözlərdir və Məhəmməddən öncədə bu sözlər Tanrı qatında əbədiyən var imiş, ancaq Mötəzilə düşüncəsindən faydalanan Soruş hesab edir ki, Quran məxluqdur, yəni zaman və məkan ehtiyaclarına görə yazılmış bir kitabdır. Zaman və məkan kökənli olduğu üçün günümüzdə bir çox problemlərin, o cümlədən siyasi problemlərin həəli üçün Quran qaynaq kitab ola bilməz, çünkü o ərəbistanın o zamankı şərtlərinə görə ortaya çıxmış. O zaman hər çağın insanı öz ağlından faydalanmağı Quransız da başara bilər. Çünkü ağıl da tanrının əsəridir. Nədən tanrının bu ağıl deyilən əsərindən faydalanmırıq? Soruş burada liberal demokrasi və sekularizm kimi qavramlar üzərində sıxca durur və insan haqlarının modern tərfini anladır. Soruş bütün bu intellektual çalışmalarına görə 2004-cü ildə Erasmus ödülü ilə ödülləndirildi. Soruşun savunduğu dini pluralizm islam ölkələrindəki dini istibdadı kökündən yıxır. Bu üzdən də İran dövləti onun görüşlərinin yayılması üçün gərəkən önləmləri almışdır. Onun bu çalışmaları islamla demokrasini liberal dəyərlər işığında barışdırmağa xidmət etməkdədir. Soruş daha öncəki hermenotik gələnəklərə tənqidi yanaşmışdır. Əgər bir inanışda pluralizmə və özgürlüyə yer yoxdursa onu sadəcə hüquqi zorlamalarla gerçəkləşdirmək olmaz. Türkiyə örnəyində görüldüyü kimi yenə də fanatizm laik dəyələri öz dünyagörüşünə sığışdıra bilmir. Bəzi islam ölkələrində modern bir anayasanın olduğunu görürük. Ancaq ictimai münasibətlər yenə də əski və dini dəyərlərin əsasında davam edir. Çünkü əski dəyərləri ortadan qaldırmaq sadəcə hüququn işi deyildir, toplumsal aydınlanma, ədəbiyat, musiqi, rəssamlıq və digər insan ağlının və hissiyatının nəticəsi olan dəyərlər bu yolda yardımçı olmalıdır. İslam ölkələrinin modernləşmə yolundakı ən böyük problemləri budur ki, tarixlərindən onlara moral verəcək və çağdaş görünəcək heç bir bir şey yoxdur. İslam ölkələrinin tarixi qan, qəddarlıq və istibdad üzərində qurulmuşdur. Bu tarixlə savaşa başlayanların aqibəti üç yoldan ibarətdir: 1. Ölkədən fərar edirlər. 2. Həbs edilirlər. 3. Edam olurlar. Azərbaycanda da sıx-sıx duyduğumuz “Türk-islam ülküçülüyü” anlayışı əslində əski istibdadın, əski cəhalətin xortlamasına xidmət edir. Durum bu şəkildə olduğu zaman Qərblə ilgili iki vəziyət ortaya çıxır: Ya Qrəbi tanımırlar və qəflət içindədirlər ya da Qərbi tanıdıqları zaman yurdlarından qopurlar. Çünkü o yurdlardakı qaranlıqdan və dini, qeyri dini istibdaddan qorxular. azadtribun

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar