İsrail Ordusunun Baş Qərargah rəisi Aviv Koxavi ordu komandanlarına İranın nüvə təsisatlarına qarşı mümkün hücumla bağlı mövcud planları nəzərdən keçirməyə, praktik baxımdan bunun icrasına hazırlaşmağı tapşırıb.
Gunaz.tv
Bu barədə, İsrailin ən çox tirajla nəşr edilən və baş nazir Benyamin Netanyahuya yaxın olan “İsrael Hayom” qəzeti yanvarın 14-də məlumat yayıb.
Yayılan məlumatda bildirilir ki, İsrail Ordusunun Baş Qərargah rəisi Aviv Koxavi ordu komandanlarından İranın nüvə mərkəzlərinə qarşı mümkün hücumla bağlı üç hərbi variant üzərində işləyib hazırlamağı və bununla bağlı yekun nəticəni yaxın günlərdə İsrail hökumətinin təhlükəsizlik kabinet və qurumlarına təqdim etmələrini tələb edib.
“İsrael Hayom” qəzetinin yazdığına görə, İsrail Ordusu hazırda həmin üç hərbi variantı nəzərdən keçirir. Bildirilir ki, bunda məqsəd, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq və onun bu istiqamətdə göstərdiyi cəhdini zəiflətməkdir.
Qəzet, konkret hər hansı bir mənbəyə işarə etmədən İsrailin müdafiə naziri Beni Qantsa istinadla yazıb ki, İsrail hökumətinin İrana qarşı üç real hərbi seçim variantı olmalı və bu seçim variantları həmişə masa üzərində olmalıdır.
Qəzetin dərc etdiyi məlumatda İrana qarşı həmin üç hərbi variantın detalları barədə ətraflı məlumat yayılmayıb.
A.M