Fransanın xarici işlər naziri Jan İv Le Drian yanvarın 24-də mediaya açıqlamasında ABŞ-ın keçmiş prezidenti Donald Trampın İrana qarşı maksimum təzyiq siyasətinin uğursuz qalmasından və İranın atom bombası istehsal etməyə cəhdindən danışıb.
Gunaz.tv
O deyib ki, Tramp hökumətinin İrana qarşı tətbiq etdiyi maksimum təzyiq siyasəti əks nəticə verib: “İran hökuməti artıq nüvə silahına yiyələnmək ərəfəsindədir. Çox təhlükəli bir vəziyyət yaranıb. Çünki İranın nüvə silahına yiyələnməsi geostrateji baxımdan böyük dəyişikliklərə gətirib çıxaracaq.
Hazırda isə biz istədiyimizin tam əks vəziyyətindəyik. Tramp maksimum təzyiq kampaniyası ilə İranın nüvə silahı əldə etməsinə mane olmağa çalışırdı. Lakin fakt odur ki, hazırda İran özünün nüvə sahəsində izlədiyi hədəflərinə nail olmaq astanasındadır.
Elə buna görə də hesab edirəm ki, İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq üçün biz 2015-ci ildə Vyanada imzalanmış nüvə razılaşmasına qayıtmaq üdçün bir yol axtarıb tapmalıyıq”, Fransanın xarici işlər naziri Jan İv Le Drian jurnalistlərə açıqlamasında bəyan edib.
Xatırladaq ki, son həftələr İran rejimi Fordu nüvə təsisatında daha inkişaf etdirilmiş sentrifuqaların quradırılmasından və uranı 20% dərəcəsində zənginləşdirilməklə bağlı fəaliyyətini yenidən bərpa etməsindən xəbər vermişdi.
A.M