SON XƏBƏRLƏR

Kanadalı vəkillər “Sepah”ın vurduğu Ukraynanın sərnişin təyyarəsinin qurbanlarına 1 milyard 100 milyon ABŞ dolları kompensasiya ödənilməsini tələb ediblər

2021.10.20, 07:36
Kanadalı vəkillər “Sepah”ın vurduğu Ukraynanın sərnişin təyyarəsinin qurbanlarına 1 milyard 100 milyon ABŞ dolları kompensasiya ödənilməsini tələb ediblər

Gunaz.tv

GünazTV: Kanadadan olan bir qrup vəkil ölkələrinin məhkəmələrində cinayət işi açaraq,  “Sepah”ın vurduğu Ukrayna sərnişin təyyarəsinin qurbanlarına İran tərəfindən 1 milyard 100 milyon ABŞ dolları kompensasiya ödənilməsini tələb ediblər.

 

“Röyters” agentliyinin fevralın 7-də yaydığı məlumatına əsasən, təyyarə qurbanlarının ailə üzvlərinin hüquqlarını müdafiə edən kanadalı vəkillər, Ukraynanın sərnişin təyyarəsinin vurulmasını terrorçu addım adlandıraraq, təyyarənin “Sepah” raketləri ilə qəsdən vurulduğunu bildiriblər.

 

Bəzi təhlükəsizlik məsələlərinə görə, İran rejiminə qarşı əsas şikayətçinin adını açıqlamayan kanadalı vəkillərin bildirdiyinə görə, İran rejiminə və onun rəhbərlərinə qarşı açılan cinayət işində, İranın dini lideri axund Əli Xamneyi, “Sepah”ın hava-kosmik qüvvələrinin komandanı Əmirəli Hacızadə və İranın bir sıra digər rəsmiləri əsas müttəhimlər kimi tanınırlar.

 

Bildirilir ki, “Sepah” və İran rəhbərlərinə qarşı cinayət işi məşhur kanadalı vəkil Mark Arnoldun təşəbbüsü ilə açılıb və bu işin aparılmasında digər kanadalı vəkillər də onunla əməkdaşlıq edir.

 

Xatırladaq ki, yanvarın 8-i sübh saat 06:00-da Tehrandan Kiyevə uçan Ukrayna Hava Yollarına məxsus "Boeing 737" sərnişin təyyarəsi göyə qalxdıqdan bir neçə dəqiqə sonra Pərənd şəhərciyi yaxınlığında “Sepah”ın atdığı 2 raketlə vurularaq yerə salınıb. Rəsmi Tehran,təyyarənin vurulduğunu üç gün gizlədib onun texniki nasazlıq üzündən süqut etdiyini bildirsə də, Peykdən çəkilmiş videoların yayılmasından sonra təyyarənin “Sepah” raketi ilə vurulduğunu etiraf edib.

 

Hadisə nəticəsində 11-i Ukrayna vətəndaşı olmaqla, ekipaj heyəti ilə birlikdə 176 nəfər həyatını itirib.

 

 

Təyyarənin "səhvən" vurulduğunu iddia edən İran rejimi, Kanada, Ukrayna və Fransanın, eləcə də digər beynəlxalq qurumların müraciətlərinə məhəl qoymayaraq, bu günə qədər müxtəlif bəhanələrlə təyyarənin qara qutularını araşdırılması üçün təhvil verməkdən boyun qaçırır. 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar