SON XƏBƏRLƏR

Kanalizasiya suları təmizlənmədən Urmu gölünə axıdılır

2021.10.20, 07:36
Kanalizasiya suları təmizlənmədən Urmu gölünə axıdılır

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycan Ətraf Mühit Təşkilatının Monitorinq işləri üzrə rəis müavini Urmu gölünə təmizlənmədən kanalizasiya sularının axıdıldığını bildirib.

 

“İsna” xəbər agentliyinin yaydığı məlumata görə, Səid Musəvi bu barədə qeyd edib ki, Urmiyənin kanalizasiya sularının təxminən 20-30 faizi təmizlənmədən Urmu gölünə axıdılır. Bunun səbəbi təmizləmə-saflaşdırma qurğularının yetəri qədər olmamasıdır.  

 

“Urmiyədə kanalizasiya suları və sənaye tullantıları Qobi çayına axıdılır. Çirkab sular normal su ilə qarışdıqdan sonra “Rozə çay” suyu ilə birləşərək Urmu gölünə tökülür.”- deyə Səid Musəvi bildirib.

 

Qərbi Azərbaycan Ətraf Mühit Təşkilatının rəis müavini həmçinin qeyd edib ki, Urmiyənin kanalizasiya suları ilə bağlı layihələr təkmilləşəcəyi təqdirdə “Rozə çay” suyunun gölə töküldüyü yerdə təmizləmə-saflaşdırma qurğuları quraşdırılacaq və kanalizasiya suları təmizləndikdən sonra gölə buraxılacaq.

 

Qeyd edək ki, bir çoxları hətta təmizləndikdən sonra gölə axıdan kanalizasıya sularının yenə də çirkli olduğunu iddia edir.

 

Ötən il dövlətin rəsmi orqanları sənaye tullantıları və kanalizasiya sularının gölə axıdılması nəticəsində ərazidə yaşayan bir çox quşların öldüyünü açıqlamışdır.

Bütün bunlara baxmayaraq Ətraf Mühit Təşkilatı, İran Enegetika Nazirliyi və digər səlahiyyətli orqanlar bölgədə canlıların həyatına ciddi təhlükə yaradan probləmə laqeyd yanaşır, bu istiqamətdə hərhansı addım atmırlar.

 

Bundan əvvəl kanalizasiya sularının təmizlənmədən gölə axıdılmasına bölgə əhalisi ilə yanaşı bir neçə yerli məsul, o cümlədən Urmiyənin millət vəkilləri Ruhulla Həzrətpur və Nadir Qazipur da öz etirazını bildirmişdir. Nadir Qazipur problemin əsas səbəbini maliyyə vəsaitinin olmaması və Ətraf Mühit Təşkilatının Azərbaycanın ətraf mühitinə etdiyi xəyanətlə əlaqələndirmişdir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar