Tikantəpənin Zərəşoran qızıl yatağında istixrac üçün qaydasız partlayışlar Zərəşoran kənd sakinlərinin evlərinə ziyan vurub.
Gunaz.tv
Kənd sakinlərindən birinin etirazını əks etdirən videoda mədəndə baş verən partlayışlar nəticəsində evinin divar və tavanında çatlar yarandığını, yağıntılı qış aylarında iki qat əziyyətə qatlanmalı olduqlarını bildirir.
O, qızıl mədəninin məsullarının öz şəxsi qazancları üçün ətraf kəndlərdə yaşayan əhalinin evlərini xaraba qoyduqlarını deyir. Kənd sakini problemlərinin həlli üçün hara müraciə etməli olduqlarını “bilmədiklərini” söyləyir.
Bundan öncədə qızıl yatağında həyata keçirilən partlayışlar dəfələrlə Zərəşoran, Yeni Kənd və Yer Əziz kəndlərində yaşayan əhalinin evlərinin xəsarət almasına səbəb olub.
Kəndlilərin müraciətləri cavabsız qalıb və onlara bu günə kimi heç bir kompensasiya ödənilməyib. Ətraf kəndlərdə yaşayan əhali qızıl yatağı məsullarının kəndlilərin torpaqlarını yiyələnmək və onları yurdlarından köçürmək üçün belə etdiklərini deyirlər.
Qeyd edək ki,Tikantəpə Yaxın Şərqdə Zərəşoran və Ağdərə kimi iki ən böyük qızıl mədəni, həmçinin 80 daş mədəninə sahibdir.
Lakin İran rejiminin siyasətləri nəticəsində bura ölkə üzrə ən ağır iqtisadi durumda olan bölgələrdən biri sayılır. Tikantəpəni əyalət mərkəzi ilə birləşdirən münasib yol belə mövcud deyil.
Zərəşoran mədəninin səhmdarları və sahibləri ölkənin mərkəzində yerləşən, farsların üstünlük təşkil etdiyi əyalətlərdəndir. Onlar mədəndən hasil edilən xam məhsulu ölkənin mərkəzinə göndərirlər, beləliklə, ondan əldə edilən gəlirlərdən yerli əhali heç bir qazanc əldə etmir.
Bununla bağlı dəfələrlə məsələ qaldırılıb və bölgə əhalisinin iqtisadi durumunun yaxşılaşdırılması üçün qızıl yatağının səhmlərinin yerli əhali və işçilər arasında paylanılması təklif olunub. Ancaq bu günə kimi bu təkli qəbul olunmayıb.
C.E