SON XƏBƏRLƏR

Kornel Feruta: "İran MAGATE-nin müfəttişlərilə vaxtında və tam formada əməkdaşlıq etməlidir"- FOTO

2021.10.20, 07:36
Kornel Feruta: "İran MAGATE-nin müfəttişlərilə vaxtında və tam formada əməkdaşlıq etməlidir"- FOTO

Gunaz.tv

GünAz TV: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (MAGATE) müvəqqəti sədri Kornel Feruta Tehrana etdiyi rəsmi səfər çərçivəsində sentyabrın 8-də İran rəsmilərilə görüşüb.

 

O, İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi ilə keçirdiyi mətbuat konfransında bildirib ki, İran təmsil etdiyi qurumun müfəttişlərilə vaxtında və tam formada əməkdaşlıq etməlidir.

 

Salehi isə çıxışı zamanı Amerikanın nüvə razılaşmasından çıxmasından sonra Avropanı "öz öhdəliklərinə əməl etməməkdə" ittiham edib. O, ölkəsinin nüvə razılaşmasında üzərinə götürdüyü öhdəlikləri azaltmaq istiqamətində atdığı 3 addımla bağlı qərarın da "Avropa ölkələrinin Amerikanın razılaşmanı tərk etməsindən sonra yaranmış boşluğu doldurmamasından" irəli gəldiyini deyib.


Xatırladaq ki, Kornel Ferutanın Tehrana səfərindən bir gün öncə İran yeni nəsil santrifüjlərdən istifadəyə başladığını bəyan etmişdi.


Atom Enerjisi üzrə Beynəlxalq Agentlik nüvə razılaşmasına əsasən, İranın nüvə fəaliyyətlərinə nəzarət etməli, bu xüsusda dövri raportlar hazırlamalı və onu qurumun Qubernatorlar Şurasına təqdim etməlidir.


Kornel Feruta səfər çərçivəsində həmçinin İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə də görüşüb. Zərif görüş zamanı MAGATE-dən "professionallıq və məxfilik prinsiplərinə əməl etməyi, eləcə də bitərəf formada fəaliyyət göstərməyi" istəyib. O, MAGATE-nin sadaladığı prinsiplərlə bağlı hansısa müddəanı pozub-pozmadığı barədə heç bir açıqlama verməyib.

 


Zərif də İranın nüvə öhdəliklərini azaltmaqla bağlı qərarını Avropa ölkələrilə bağlayıb.


Qeyd etmək lazımdır ki, son günlər ərzində İranın gizli nüvə fəaliyyətlərilə bağlı müxtəlif media qurumlarında məlumatlar dərc edilir. Bu xüsusda ötən həftə "Wall Street Journal" adlarını açıqlamadığı diplomatlara istinadən xəbər vermişdi ki, Tehran yaxınlığında qeyri-müəyyən radioaktiv şüalanma aşkar edilib və İran bununla bağlı heç bir açıqlama verə bilməyib.


Bu şüalanma İsrailin baş naziri Benyamin Netanyahunun 2018-ci ilin sentyabrında Birləşmiş Millətlər Təşkilatının Baş Assembliyasında İranın gizli nüvə fəaliyyəti apardığını dediyi "Turquzabad"da tapılıb. Netanyahu çıxışı zamanı bildirmişdi ki, Tehranda içərisində tonlarla nüvə materialı və avadanlığı olan gizli anbar var. O, bununla bağlı olaraq MAQATE-ni yoxlamalar keçirməyə səsləmişdi.


Kornel Ferutanın İran rəsmilərilə bu gün keçirdiyi görüşlər zamanı bu mövzuda müzakirələr aparıb- aparmadığıyla bağlı heç bir məlumat yayılmayıb.


Digər tərəfdən, Amerika Birləşmiş Ştatları nüvə razılaşmasından çıxan zaman İranın ilk günlərdən onun müddəalarını pozduğunu bəyan etmişdi.


Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar