SON XƏBƏRLƏR

Koronavirusa yoluxanların sayı bir gündə 3 dəfəyə qədər artıb – Qərbi Azərbaycan və Zəncan Əyalətlərində

2021.10.20, 07:36
Koronavirusa yoluxanların sayı bir gündə 3 dəfəyə qədər artıb – Qərbi Azərbaycan və Zəncan Əyalətlərində

Gunaz.tv

GünAz TV: Rəsmi orqanların koronavirus böhranına qarşı yetəri qədər önləyici tədbirlər almaması nəticəsində Qərbi Azərbaycan və Zəncan Əyalətlərində virusa yoluxanların sayı kəskin artıb.

 

Qərbi Azərbaycanın Tibb Universitetinin rəisi cümə axşamı günü axşam saatlarında virusa yoluxanların sayının 12 nəfər olduğunu bildirdiyi halda, şənbə günü səhər saatlarında əyalət üzrə 30 nəfərin koronavirusa yoluxduğu açıqlanıb.

 

Bu barədə Qərbi Azərbaycan üzrə Koronavirusla Mübarizə Mərkəzinin sözçüsü Rəsul İntizar Mehdi mətbuata məlumat verib.

 

O bildirib ki, virusa yoluxduqları yenicə məlum olan şəxslərdən götürülən analizlərin 16-na əyalətin laboratoriyasında, 2-nə isə Tehranda baxılıb. Hal-hazırda Qərbi Azərbaycanda 30 nəfərin koronavirusa yoluxduğu qətiləşib.

 

Rəsmi şəxsin verdiyi məlumata görə, Qərbi Azərbaycanda təhlükəli virusa yoluxanlardan 1-i artıq həyatını itirib.

 

Zəncan Əyalətində virusa yoluxanların sayında da kəskin sıçrayış müşahidə olunub. Səhiyyə Nazirliyinin elan etdiyi məlumata görə, cümə günü Zəncan Əyalətində virusa yoluxduğu təsdiq edilən xəstələrin sayı 15-dən 50-yə yüksəlib.

 

Qeyd edək ki, son günlərdə Güney Azərbaycan əyalətlərində çox sayda insan koronavirus şübhəsi ilə xəstəxanalara müraciət edib. Artıq virusa yoluxduğu təsdiq edilən xəstələrin sayı yüzlərlədir. Əyalətlərdə koronavirusdan ölənlərin sayı gün keçdikcə artır. Qeyri-rəsmi mənbələr Güney Azərbaycan əyalətlərində sözügedən virusa yoluxanların sayının rəsmi statistikadan qat-qat çox olduğunu bildirir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar