SON XƏBƏRLƏR

"SEPAH-ı terrorçu qruplar siyahısından çıxarmayın"- Təyyarə qurbanlarının ailə üzvləri Baydenə məktub yazdı

2022.03.26, 08:50
"SEPAH-ı terrorçu qruplar siyahısından çıxarmayın"- Təyyarə qurbanlarının ailə üzvləri Baydenə məktub yazdı

Gunaz.tv

Şahin Muqəddəm və Mehrzad Zarei bu məktubda “PS 752” sərnişin təyyarəsinin SEPAH tərəfindən vurulmasının bu qurumun terrorçu olduğunu sübut edən çoxsaylı faktlardan biri adlandırıblar.

Onlar sənədlərə əsasən sərnişin təyyarəsinə hücumun bilərəkdən edildiyini yazıb, SEPAH-ı Orta Doğudan başlayaraq Kanadaya qədər sabitliyin və sülhün pozulmasında rol oynadığını vurğulayıb.

Məktub müəllifləri prezident Co Baydenin SEPAH-ı terror siyahısından çıxarma qərarına təəccübləndikləri bildiriblər.

Ukrayna təyyarəsinin vurulması nəticəsində həlak olanların ailə üzvləri SEPAH-ın terrorçu qrup kimi təcrid olunmasının vacibliyini vurğulayıb, Amerikanın bu qurumu terrorçular siyahısından çıxaracağı təqdirdə gələcək nəsillərin qorxu içində yaşamalı olacaqlarını qeyd ediblər.

Martın son günlərində bəzi xəbər mənbələri Co Bayden hökumətinin Tehran rejiminin regionda gərginliyi azaltmaq öhdəliyi qarşılığında SEPAH-ın adını terrorçular siyahısından çıxarmağı düşündüyünü açıqlayıb.

Bu xəbər Amerikanın bir çox siyasi xadimləri, bəzi ölkələrin rəsmiləri və bir sıra iranlı siyasi və mədəni fəallar tərəfindən kəskin reaksiyalarla qarşılanıb.

Xatırladaq ki, 2020-ci ilin yanvarın 8-də SEPAH terror təşkilatının iki raketlə vurduğu Ukrayna hava yollarına məxsus BOEİNG-752 təyyarəsində olan 176 sərnişinin hamısı həlak olub.

Bundan sonra rəsmi Tehran məsələni ört-basdır etməyə, təyyarənin texniki nasazlıq səbəbindən qəzaya uğradığını deməyə çalışsa da, beynəlxalq təzyiqlər nəticəsində hava gəmisinin SEPAH terror təşkilatı tərəfindən vurulduğunu qəbul etməyə məcbur olub. 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar