SON XƏBƏRLƏR

Kreml Qarabağ danışıqlarını tam inhisarına alıb

2021.10.20, 07:36
Kreml Qarabağ danışıqlarını tam inhisarına alıb

Gunaz.tv

GünAzTv: Rusiya prezidenti Dmitri Medvedyev Dağlıq Qarabağ danışıqlarında niyə bu qədər fəaldır? Və ya sualı belə qoyaq: Dağlıq Qarabağ danışıqlarında ciddi irəliləyiş yoxdursa Kreml sahibi Azərbaycan və Ermənistan prezidentlərini nədən az qala 3 aydan bir görüşdürür?

 

Medvedyevin iki seçimi var.

 

Birinci seçim ondan ibarətdir ki, Kreml sahibi münaqişənin mərhələli həll planının qəbulu məqsədilə erməni həmkarına təzyiq edir və tərəflər Madrid planına əsaslanan anlaşmaya imza atırlar. Bu Ermənistanın tədricən Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşmasına, bu iki dövlətlə iqtisadi-ticarət əlaqələrinin bərpasına, regional layihələrdə iştirakına, o cümlədən Türkiyə üzərindən Qərb bazarına açılması deməkdir. Hadisələrin bu istiqamətdə inkişafı halında isə bir müddət sonra Ermənistanın Rusiyanın fəal dəstəyinə ehtiyacı qalmır. Kreml də öz növbəsində Cənubi Qafqazda son forpostunu itirmək təhlükəsi ilə üzləşir. 

 

Medvedyevin ikinci seçimi isə ondan ibarətdir ki, o Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini uzadır ki, bu yolla həm Ermənistanı əldən verməsin, həm də münaqişə vasitəsilə daima Azərbaycanı təzyiq altında saxlaya bilsin. Onsuz da rəsmi Bakı Rusiya-Ermənistan hərbi strateji müttəfiqliyinin davam etdiyi şəraitdə də Kreml sahibi ilə qaz anlaşmaları imzalayır, şimal qonşusu ilə iqtisadi-ticarət mübadiləsinin genişlənməsinə çalışır.

 

Medvedyev ikinci seçimə üstünlük verir və bu onun şəxsi seçimi deyil. Kreml sahibi  sadəcə Rusiyanın tarixi seçimindən kənara çıxmaq istəmir.

 

Bu yerdə girişdə səsləndirdiyimiz suallara birini də əlavə edək: Həştərxan görüşü nəyə lazım idi?

 

Həştərxanda humanitar xarakterli bəyannamə imzalanıb. Sənədə görə, qarşıduran tərəflər hərbi əsirləri dəyişdirməli və ölənlərin meyitlərini qaytarmalıdırlar. Müharibə və atəşkəs dövrünün qaydalarına görə, hərbi əsirlər də dəyişdirilməlidir, meyitlər də qaytarılmalıdır. Qırmızı Xaç Komitəsi məhz bu məqsədlə fəaliyyət göstərir. O başqa məsələdir ki, bu qaydaya riayət olunmur. Bu baxımdan tərəflərin Həştərxan bəyannaməsinə tam şəkildə riayət edəcəyini söyləmək də çətindir. Nə olsun ki, bu bəyannamə Rusiya prezidentinin vasitəçiliyi ilə imzalanıb. Bundan öncə də Rusiya prezidenti azərbaycanlı və erməni həmkarlarını bir başqa bəyannaməyə imza atdırmışdı ki, münaqişənin həlli prosesi sürətlənməli və tərəflər atəşkəsə riayət etməli idilər. Həmin bəyannamədən sonra hər iki tərəfdən cəbhə xəttində ölən və yaralanların sayı-hesabı yoxdur.

 

Kreml Dağlıq Qarabağ münaqişəsinin həllinin imitasiyası ilə məşğuldur. Medvedyev Azərbaycan və Ermənistan prezidentlərini bu ilin yanvar ayında Soçidə görüşdürdü. Azərbaycan prezidenti İlham Əliyev həmin görüşdən nikbin ayrılmışdı. Çünki Ermənistan prezidenti Serj Sərkisyan Soçidəki görüşdə Madrid planına münasibət bildirmək üçün dövlət başçılarından vaxt istəmişdi. Üstündən 5 ay keçdi. Medvedyev bu dəfə prezidentləri Sankt-Peterburqa dəvət edi. İlham Əliyev bu görüşə də nikbin yollandı. Düşünürdü ki, Sərkisyan orada son qərarını bildirəcək. Azərbaycanın hakimiyyət dəhlizlərində bir başqa ümid də ondan ibarət idi ki, Rusiya prezidenti Sərkisyana təsir edəcək. Ancaq Sankt-Peterburq görüşü nəinki nəticəsiz qaldı, əksinə Sərkisyan Mevdevyevin dəstəyi ilə danışıqları paket həll variantına qaytarmaq istədi.

 

Təsadüfi deyil ki, rəsmi Bakı Sankt-Peterburq görüşündən sonra “münaqişənin həlli ilə tək bir həmsədr deyil, 3 həmsədr dövlət birgə məşğul olmalıdır” səpgili açıqlama yaydı. Azərbaycan hakimiyyəti bu açıqlama ilə faktiki Medvedyevin Sankt-Peterburqdakı mövqeyindən narahatlığını ortaya qoyurdu. Bir az sonra cəbhə bölgəsində atəşkəsin pozulması halları artdı, ardından da Rusiya prezidenti İrəvana gedərək Ermənistanla hərbi anlaşmanı yenilədi.

 

Biz Həştərxan görüşünə belə bir şəraitdə gəlib çıxdıq. Rusiya prezidenti Soçi, Sankt-Peterburq və son Həştərxan görüşləri vasitəsilə ATƏT-in Astana zirvə toplantısı ərəfəsində Qərbə mesaj yollayır ki, Cənubi Qafqazdakı problemlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları Moskvalıqdır.

 

Doğrusu Kremlə mane olan da yoxdur. İki həmsədr ABŞ və Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən illərdir kənarlaşıblar və təşəbbüsü öz xoşları ilə Moskvaya veriblər. Kreml də yaranmış boşluqdan gen-bol istifadə edir. Elxan Şahinoğlu,

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar