SON XƏBƏRLƏR

Kütləvi etirazlarda tutulan 22 yaşlı aksiyaçı işgəncələr altında öldürülüb

2021.10.20, 07:36
Kütləvi etirazlarda tutulan 22 yaşlı aksiyaçı işgəncələr altında öldürülüb

Gunaz.tv

GünAzTV: Son günlər paytaxt Tehranda hakimiyyətə qarşı keçirilən kütləvi xalq etirazlarında tutulan 22 yaşlı dinc aksiyaçı Sina Qənbəri Evin zindnında işgəncələr altında öldürülüb.

 

Tehran əyaləti zindanlarının baş direktoru Mustafa Mohebbi yanvarın 8-də jurnalistlərə açıqlamasında gənc aksiyaçının ölümünü təsdiqləyib. O, deyib: “Təəssüflər olsun ki, bu düz xəbərdir. Hüquq-mühafizə qüvvələri tərəfindən tutulan və Evin zindanının karantin bölməsində saxlanılan Sina Qənbəri ötən şənbə günü səhər saatlarında naməlum səbəblərə görə ayaq yolunda özünü asıb”.

 

Mustafa Mohebbi, 22 yaşlı sağlam bir gəncin tutulmasından bir neçə gün sonra niyə özünə qəsd edərək “intihar” həddinə çatdırıldığını açıqlamayıb.

 

                                                             Mustafa Mohebbi

 

İran parlamentinin deputatı Mahmud Sadiqi isə həmin gün özünün “Twitter” səhifəsində məsələyə münasibət bildirərək, “Kəhrizək ssenarisinin yenidən təkrar olunması” barədə xəbərdarlıq edib: “Mən, təhlükəsizlik qurumlarından biri ilə əlaqə saxlayıb məsələni araşdırdım. Onlar da bu gəncin ölümünü təsdiqlədilər. Mən isə buradan üzümü ölkə prezidentinə, təhlükəsizlik və Məhkəmə Sistemi rəsmilərinə tutub onlara ölkədə ikinci bir “Kəhrizək” olayının təkrar oluna biləcəyi barədə xəbərdarlıq edir, bu məsələnin qarşısının alınması üçün tədbir görmələrini tələb edirəm”.

 

                                                     Deputat Mahmud Sadiqi

 

Qeyd edək ki, 2009-cu ildə İranda keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə qarşı keçirilən kütləvi etirazlarda, paytaxtda onlarla aksiyaçı tutularaq Tehranın ətrafında yerləşən qanunsuz və gizli “Kəhrizək” zindanına aparılmışdı. Həmin zindanda tutulanlardan 3-ü işgəncələr altında öldürülmüş, bir neçəsi də cinsi zorakılığa məruz qoyularaq təhqir edilmişdi.

 

Xatırladaq ki, son on gündə İranın 100-dən çox şəhərində hakimiyyətə və onun dini lideri axund Əli Xamneyiyə qarşı kütləvi etirazlar keçirilib. Hakim çürümüş rejimin iflasa uğramış iqtisadi, daxili və xarici müdaxiləçi siyasətinə, yoxsulluğa və repressiyalara qarşı keçirilən etirazlarda, Xamneyiyə, prezident Həsən Ruhaniyə və digər rəsmilərə “Ölüm” şüarları səsləndirilib, onların hakimiyyətdən getməsi tələb olunub. İranın müxtəlif şəhərlərində keçirilən on günlük etirazlarda ən azı 25 nəfər öldürülüb, onlarla aksiyaçı yaralanıb, 1800-dən çox insan həbs edilib.

 

Molla rejiminə qarşı ilk etirazlar, “Bahalığa yox” adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindən başlanıb və az sonra etirazçıların səsləndirdiyi şüarlar daha kəskinləşərək bütün molla hakimiyyətinin əleyhinə yönəlib. Hazırda ölkənin mühüm və iri şəhərlərində elan olunmamış bir növ fövqəladə vəziyyət hökm sürdüyünə görə, etirazlar müvəqqəti olaraq dayandırılıb.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar