SON XƏBƏRLƏR

Küveyt, İraq və Əfqanıstan İranla sərhədləri bağlayıblar. Türkiyə və Azərbaycanda isə İranla gəliş-gedişlərin məhdudlaşdırılması barədə fikirlər səsləndirilir

2021.10.20, 07:36
Küveyt, İraq və Əfqanıstan İranla sərhədləri bağlayıblar. Türkiyə və Azərbaycanda isə İranla gəliş-gedişlərin məhdudlaşdırılması barədə fikirlər səsləndirilir

Gunaz.tv

GünazTV: İranda koronavirus qurbanlarının sayının artması ilə bağlı xəbərlərin yayılmasısının ardınca Küveyt, İraq və Əfqanıstan İranla sərhədlərini bağlayıblar.

 

Bu barədə, İran Aviasiya Şirkətləri Assosiasiyasının rəhbəri Maqsud Əsədi Samani fevralın 21-də mediaya açıqlama verib.

 

O deyib ki, Küveyt, İraq və Əfqanıstan İranda koronavirusun yayılmasından ehtiyatlanaraq, iranlıları qəbul etməyi dayandırıblar: “İraq rəsmən bildirib ki, artıq heç bir iranlı musafiri qəbul etməyəcək və iranlılara viza verməyəcək. Küveyt də rəsmən bildirib ki, İrandan gələn heç bir təyyarəni qəbul etməyəcək və iki ölkə arasında olan bütün uçuşları ləğv edib. Əfqanıstan hökuməti isə şifahi olaraq iki ölkə arasında olan uçuşların ləğvindən danışsa da, yazılı şəkildə hələ ki, bizə müraciət etməyib” -deyə, İran Aviasiya Şirkətləri Assosiasiyasının rəhbəri Maqsud Əsədi Samani bəyan edib.

 

Bu gün həmçinin, Türkiyə və Azərbaycan Respublikasında bir sıra qəzetlər, Novruz bayramı tətillərində on minlərlə iranlının bu iki ölkəyə səfərini xatırladaraq, İranla gediş-gəlişlərə məhdudiyyət qoyulmasını tələb ediblər.

 

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca fevralın 21-də jurnalistlərə açıqlamasında deyib ki, Türkiyəyə gələn bütün iranlılar sərhəddə tibbi müayinədən keçməli olacaqlar və virusun daşıyıcısı olmaqda şübhəli bilinənlər ölkəyə buraxılmayacaq. O, bu barədə iranlı həmkarı ilə də telefonda danışdığını bildirib.

 

Azərbaycanın “ Virtualaz.org” saytı da yaydığı bir xəbərdə koronavirusun Gilan əyalətinə və Azərbaycan Respublikası sərhədlərinə yaxınlaşdığı barədə xəbərdarlıq edərək, hazırda İrandan Azərbaycana gələnlərin sərhəd məntəqələrində tibbi müayinədən keçdiklərindən xəbər verib.

 

Həmçinin, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “APA” agentliyinə açıqlamasında Azərbaycandakı bütün turist şirkətlərinə müraciət edərək, İranın dini şəhərlərinə səfərlərin müvəqqəti olaraq dayandırılmasını tələb edib.

 

 

 Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur fevralın 21-də “Twitter” səhifəsində yaydığı bir yazıda, ölkədə koronavirusdan ölənlərin sayının 4 nəfərə, virusa yoluxanların sayının 18 nəfərə çatdığından xəbər verib.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar