SON XƏBƏRLƏR

Gülüstan müqaviləsinin imzalanmasından 209 il ötür

2022.10.12, 06:47
Gülüstan müqaviləsinin imzalanmasından 209 il ötür

Gunaz.tv

Bu bədnam razılaşmanın imzalanmasından 209 il ötür. 1747-ci ildə Azərbaycan hökmdarı Nadir şahın ölümündən sonra onun qurduğu Avşar dövləti süquta uğramış, Dərbənddən Həmədana qədər olan bütöv Azərbaycan ərazisində 19 xırda feodallıq-xanlıqlar yaranmışdı. Bu zaman güclənməkdə olan Rusiya imperiyası Qafqaza ayaq açmağa başlamışdı. 

I Pyotrun vəsiyyətinə uyğun olaraq ruslar isti sulara doğru hərəkət edirdilər.

Onlar quzeyli-güneyli Azərbaycanı işğal edərək Kəngər körfəzinə çıxmaq, İstanbulu alaraq isə boğazlara sahib olmaq istəyirdilər. Bu zaman Azərbaycanın güneyində Qacar sülaləsi ətrafında birləşmə başlamışdı. Türk qacarlar mərkəzləşdirmə siyasəti aparırdı. Amma yenicə qurulmuş dövlət o qədər güclü deyildi. 

Tərslikdən bu sülalənin ən qüdrətli dövlət xadimi Ağa Məhəmməd şah Qacar 1797-ci ildə Şuşada öldürüldü. 

Bu durumdan məharətlə yararlanan Rusiya Azərbaycanın şimalında bir sıra sultanlığı və xanlığı öz tərkibinə daxil etmişdi. 

Ordunu fransız zabitlərinin köməyi ilə modernləşdirən Qacarlar Səfəvi sərhədlərinin xeyli hissəsini bərpa etmişdilər. Lakin rus ordusu daha modern və güclü idi. Ən pisi o idi ki, Qacar taxtında iradəsiz Fətəli şah oturmuşdu. 1804-1813-cü illər Qacar dövləti-Rusiya savaşı ikincilərin xeyrinə başa çatdı. 

Fətəli şah sülh müqaviləsini imzalamağa məcbur oldu. 

Müqavilə 12 oktyabr 1813-cü ildə  Azərbaycanın Gülüstan kəndində imzalandı. Müqaviləyə əsasən Şimali Azərbaycan xanlıqlarından İrəvan və Naxçıvanı çıxmaq şərtilə yerdə qalan bütün xanlıqlar (Lənkəran, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki) Rusiyaya verildi. Müqavilənin mətni Böyük Britaniyanın Qacar imperiyasındakı nümayəndəsi olan və hakimiyyətə böyük təsir gücünə malik olan Ser Qor Ousli tərəfindən hazırlanmışdı.

Anlaşmanı Rusiya tərəfindən Nikolay Rtişşev, Qacarlar tərəfindən Mirzə Əbülhəsən xan Elçi imzalamışdı. 

Bu müqavilənin nəticəsi olaraq Cənubi Qafqazın əksər hissəsi Rusiya imperiyasının hakimiyyəti altına keçdi. İkinci Rusiya-İran müharibəsindən sonra Rusiya Cənubi Qafqazı bütünlüklə tutdu və bunu Gülüstan muqaviləsində Qacarlar tərəfindən təsdiq edilməsinə nail oldu.

1826-1828-ci illə Rusiya-Qacar müharibəsindən sonra isə başqa bir bölücü müqavilə imzalandı. Türkmənçay sülhü ilə Naxçıvan və İrəvan xanlıqları da Rusiyanın tərkibinə keçdi. 

Quzey Azərbaycan 200 il rus işğalında qaldıqdan sonra 1991-ci ilin 18 oktyabrında müstəqilliyinə qovuşdu. Güney Azərbaycanda isə durum fərqlidir. 1925-ci ildə hakimiyyətə gələn fars Pəvləvilər fars şovinizminin dövlət siyasətinə çevirdilər. 

İran adlanan ölkədə türk dili, türk adları yasaq edildi, türk milli kimliyinə basqılar artdı. 

1979-cu ildə hakimiyyəti Pəhləvilərdən alan molla rejimi də bu siyasəti davam etdirməkdədir. Bu gün islam inqilabından 40 il ötsə də Azərbaycan türkləri öz milli haqqlarını ala bilmir. Hələ də 50 milyondan çox Azərbaycan türkünün ana dilində məktəbi yoxdur.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar