SON XƏBƏRLƏR

"İranın yerli avtomobil istehsalı ilə bağlı təbliğatı əsassızdır"-Elm və Texnologiya Parkının rəhbəri

2022.03.30, 08:54
"İranın yerli avtomobil istehsalı ilə bağlı təbliğatı əsassızdır"-Elm və Texnologiya Parkının rəhbəri

Gunaz.tv

“Ölkədə "Səmənd" avtomobilinin yan güzgüsünün istehsal olunmadığı halda illərdir milli mühərrik istehsal edildiyi, bu avtomobilin milli olduğu iddia olunur”-deyə, Vaizi “Fars” xəbər agentliyi ilə müsahibəsində deyib.

Vaizi avtomobil istehsalçılarının hökumət rəsmilərinin dəstəyindən sui-istifadə etdiyini iddia edərək, onları aşağı keyfiyyətli maşınlar istehsal etdiyinə görə tənqid edib.

O, həmçinin Təbrizdə ölkədə ilk dəfə olaraq elm və texnologiyaya əsaslanan avtomobil istehsalına hazırlıqların getdiyini söyləyib və Təbrizdə avtomobil istehsalı ilə bağlı vəd verib.

Ölkədə yol qəzalarında həyatını itirən vətəndaşların sayının çox olmasının səbəblərindən birinin də dövlətə bağlı olan avtomobil şirkətlərinin müasir standartlara uyğun olmayan avtomobillər istehal etməsi olduğu deyilir. 

Yol polisinin verdiyi hesabata görə, ölkədə ölümlə nəticələnən yol qəzalarının təxminən yarısı İranda istehsal edilən Pride və Peugeot maşınları tərəfindən edilən qəzalar nəticəsində baş verib.

Bir neçə gün öncə İran Polisi İdarəsinin rəisi Kamal Hadiyanfər isə İranda istehsal olunan avtomobillərin keyfiyyətsiz olmasına diqqət çəkib.

“Başa düşmürəm, bu avtomobillərdə elə bil yanacaq çəni yerinə partlayıcı maddə yerləşdirirlər, adi bir toqquşma nəticəsində avtomobillər partlayır”-deyə, o bildirib.

İran Asiyada yol qəzalarında ölənlərin sayına görə yeddinci yerdədir.
Normal yollara malik olan ölkələrlə müqayisədə İranda yol qəzalarının sayı 10 dəfə daha çoxdur.

İranın Tibbi Ekspertiza Mərkəzinin yayınladığı son məlumata görə, ölkədə yol qəzalarında həyatını itirənlərin illik sayı ortalama 17 min nəfər, yaralananların sayı isə 35 min nəfər civarındadır. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar