SON XƏBƏRLƏR

Həmədanda minlərlə ailə içməli su qıtlığı yaşayır

2021.10.20, 07:36
Həmədanda minlərlə ailə içməli su qıtlığı yaşayır

Gunaz.tv

Həmədan əyalətinin Su və Kanalizasiya Şirkətinin sədr müavini Həmidrza Nikdad oktyabrın 11-də mətbuat nümayəndələri ilə görüşündə əyalət kəndlərində 10 min 770 ailənin içməli su problemi yaşadığını deyib.

O, kəndlərdə quraqlıq ucbatından yaranan içməli su probleminin aradan qaldırılması və əhalini su ilə təmin etmək üçün hal-hazırda səyyar su tankerlərindən istifadə etdiklərini qeyd edib.

پس‌زدگي فاضلاب همدان ناشي از ورود آب‌هاي سطحي است - ایرنا

“Son bir ayda içməli su problemi yaşayan 84 kəndin 59-a su tankerləri vasitəsilə içməli su çatdırılır. Bu kəndlər Su və Kanalizasiya Şirkətinin səlahiyyət sahəsində yerləşir, 25 kənd isə təşkilatın səlahiyyətləri dairəsində yerləşmir”-deyə, Nikdad bildirib.

Su və Kanalizasiya Şirkətinin sədr müavini susuz qalan 25 kəndin içməli su probleminin hansı qurumlar tərəfindən həll olunacağına toxunmadan, çay və bulaqların qurumasını qeyd olunan kəndlərdə su qıtlığının yaranmasına səbəb olduğunu söyləyib.

Qeyd edək ki, ötən həftə Həmədan əyalətinin abadlıq işlərinin kordinasiyası üzrə valinin müavini Fərhad Fərzanə əyalətin su çatışmazlığı böhranı astanasında olduğu barədə xəbərdarlıq edib.

Həmədan əyalətinin Su Ehtiyatlarının Qorunması Şurası üzvlərinin birgə iclasında çıxış edən valinin müavini 2020-2021-ci ildə əyalətdə qeydə alınan yağıntı miqdarının 281 milimetr olduğunu və yağıntının öncəki illərə nisbətdə 42% azaldığını deyib.

Fərhad Fərzanə əyalətin əsas su təminatçısı olan “Ekbatan” bəndinin suyundan istifadənin düzgün idarə olunmadığı təqdirdə ciddi su çatışmazlığı böhranının qaçılmaz olduğunu qeyd edib.

O, bildirib ki, hazırda Ekbatan su bəndinin ümumi tutumunun yalnız 19%-i doludur.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar