SON XƏBƏRLƏR

MAHMUD QAŞĞARİ ADINA BEYNƏLXALQ HEKAYƏ MÜSABİQƏSİNİN NƏTİCƏLƏRİ LƏĞV EDİLƏ BİLƏR

2021.10.20, 07:36
MAHMUD QAŞĞARİ ADINA BEYNƏLXALQ HEKAYƏ MÜSABİQƏSİNİN NƏTİCƏLƏRİ LƏĞV EDİLƏ BİLƏR

Gunaz.tv
MAHMUD QAŞĞARİ ADINA BEYNƏLXALQ HEKAYƏ MÜSABİQƏSİNİN NƏTİCƏLƏRİ LƏĞV EDİLƏ BİLƏR mahmidkashgeri.jpg «Ulduz» jurnalının baş redaktoru Elçin Hüseynbəyli «Media forum» saytına açıqlamasında Mahmud Qaşğari adına beynəlxalq hekayə müsabiqəsinin hələ elan olunmamış nəticələrinin ləğv edilə biləcəyini deyib: «Münsiflər Heyətində olan bəzi şəxslər məsuliyyətsizlik edərək kənara informasiya çıxarıblar. Qoy bu beynəlxalq müsabiqədə Azərbaycan iştirak etməsin. Bəzi adamların hərəkətlərinə görə Azərbaycan türk dünyası miqyasında keçirilən yarışda iştirakdan məhrum olsun». E.Hüseynbəyli fikrini bir qədər də konkretləşdirərək bəzi münsiflərin bilərəkdən iştirakçılara lobbiçilik etdiyini deyib: «Nəticələrin ləğvi məsuliyyəti bu adamların boynunda qalacaq. O da açıqlanacaq ki, lobbiçilik edənlər kimlərdir və kimlər bu məsələdə maraqlıdır. Qoy biz biabır olaq». Azərbaycanda «Ulduz» jurnalının keçirdiyi beynəlxalq hekayə müsabiqəsini Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresi, Avrasiya Yazarlar Birliyi düzənləyir. Yarışma Azərbaycan, Balkanlar (Qərbi Trakya, Bolqarıstan, Kosovo, Makedoniya, Ruminiya), Başqırdıstan, qaqauz, İraq, İran, Qazaxıstan, Krım, Qırğızıstan, Özbəkistan, Tatarıstan, Türkiyə, Türkmənistan, Uyğurlar, Çuvaşıstan, Hakasya, Yakutstan, Altay, Tuva, Şimali Kipr Cümhuriyyəti daxil olmaqla 24 ölkə və diyarda keçirilir. Müsabiqə 2 turdan ibarətdir. Birinci tur ayrı-ayrı ölkələrdə (yerlərdə) keçirilir. Ölkələr üzrə mükafatlandırma 3 əsas və bir həvəsləndirmə yerlərdən ibarətdir. Ölkələrdə birinci yeri tutanların yazıları Türkiyə türkcəsinə çevrilərək ayrı-ayrı türkdilli ölkə yazarlarından təşkil edilmiş münsiflər heyətinə təqdim edilməlidir. Ölkələrdə əsərlər 30 iyun 2008-ci il tarixinə kimi təqdim edilib və qaliblərin adları iyulun 30-da açıqlanmalıdır. Ölkələr üzrə mükafatlar belədir: birinci yer - 500 avro, ikinci yer - 300 avro, üçüncü yer - 200 avro, həvəsləndirici mükafat -100 avro. Beynəlxalq mükafatların məbləği isə belədir: birinci yer - 6 000 Avro, ikinci yer - 4 000 avro, üçüncü yer 2 000 avro, həvəsləndirici mükafat -1 000 avro. Beynəlxalq mükafatlar Ankarada veriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar