SON XƏBƏRLƏR

Maku şəhərinin “Sarı Su” sərhəd bazarından ölkəyə külli miqdarda dava-dərman və tibbi ləvazimatlar gətirilib

2021.10.20, 07:36
Maku şəhərinin “Sarı Su” sərhəd bazarından ölkəyə külli miqdarda dava-dərman və tibbi ləvazimatlar gətirilib

Gunaz.tv

GünazTV: “İranda koronavirusun yayılmağa başladığı gündən indiyə qədər Maku sərhəd bazarından ölkəyə külli miqdarda dava-dərman, eləcə də tibbi avadanlıq və ləvazimatlar gətirilib”.

 

Bu barədə, İranın Qərbi Azərbaycan əyalətinin Bazərgan Gömrük İdarəsinin baş direktoru Sadıq Namdar mayın 2-də mediaya açıqlamasında məlumat yayıb.

 

Namdar bildirib ki, Avropa ölkələrindən alınan dərman və tibbi ləvazimatların Makunun Bazərgan sərhədindən ölkəyə idxalı mümkün olmadığına görə, onlar Türkiyə hökumətinin razılığı ilə “Sarı Su” sərhəd bazarından ölkəyə gətirilib: “ Almaniya, İspaniya və Fransadan alınmış dərmanlar və tibbi ləvazimatlar Türkiyə hökuməti ilə koordinasiya edilərək “Sarı Su” sərhəd bazarından ölkəyə gətirilərək Tehrana göndərilib. “Sarı Su” sərhəd bazarı 4 ildən bu yana bağlı idi. Lakin ölkədə koronavirusun yayılması üzündən ölkədə yaranmış fövqəladə vəziyyət və şəraiti nəzərə alaraq, Türkiyənin razılığı ilə bu sərhəd bazarı öz fəaliyyətini yenidən bərpa edib.

 

Bir ay əvvəl də Almaniyadan alınan və 26 ton həcmində olan dərmanlar və tibbi avadanlıqlar “Sarı Su” sərhəd bazarı yolu ilə ölkəyə gətirilib. Həmin dərmanlar artıq 12 yük maşınına doldurularaq ölkənin digər şəhərləri arasında paylanılıb.

 

Bundan başqa, ötən həftə 7430 kiloqram həcmində olan iynə və digər tibbi ləvazimatlar da “Sarı Su” sərhəd bazarı yolu ilə ölkəyə gətirilib. Alınan dərmanlar və tibbi avadanlıqların ümumi dəyəri 495 min 840 avrodur.

 

Eləcə də, ötən həftə Fransadan alınan və ümumi dəyəri 1 milyon 495 min 653 avro olan 13 ton həcmində laboratoriya ləvazimatları da həmin sərhəd bazarından ölkəyə gətirilrək Tehrandakı tibb mərkəzlərinə göndərilib” -deyə, Bazərgan Gömrük İdarəsinin baş direktoru Sadıq Namdar əlavə edib.

 

Qeyd edək ki, Qərbi Azərbaycan əyalətinin Maku şəhəri yaxınlığında yerləşən “Sarı Su” sərhəd bazarı, Maku ilə Türkiyənin Ağrı vilayətinin sərhədyanı Doğubayazıt şəhəri arasında olan bir bazardır.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar