SON XƏBƏRLƏR

MAQATE İranda 3 gizli nüvə mərkəzi aşkarlayıb

2021.10.20, 07:36
MAQATE İranda 3 gizli nüvə mərkəzi aşkarlayıb

Gunaz.tv

GünAz TV: Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranda 3 gizli nüvə mərkəzi aşkarladığı barədə məlumat yayıb.

 

Həmin mərkəzlərin uranın depolanması və ya digər nüvə fəaliyyətləri üçün istifadə olunduğu ehtimal edilir. Agentlik həmin mərkəzlərə baxış keçirmək üçün İrana müraciət etsə də, iranlı rəsmilər tələbə cavab verməyiblər.

 

MAQATE-nin ötən gün yaydığı hesabata əsasən, İran qurumun sözügedən məsələni araşdırmaq üçün 3 dəfə göndərdiyi məktubu cavabsız qoyub. Agentlik bildirir ki, rəsmi Tehran zənginləşdirilmiş uran ehtiyatını təqribən 5 dəfə çoxaldıb.

 

Keçən il də MAQATE İrandan Turquzabadda tapılmış uran izləri ilə bağlı hesabat tələb etmişdi, lakin iranlı rəsmilər hələ də quruma qane edici cavab verməyiblər. Turquzabadda gizli nüvə mərkəzi ilə bağlı ilk dəfə məlumatı İsrailin Baş naziri Benyamin Netanyahu ötən il Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxışı zamanı dünya ictimaiyətinin diqqətinə çatdırmışdı.

 

Görünür, MAQATE bu mərkəzdən başqa İranın daha 2 gizli nüvə mərkəzinə sahib olduğunu aşkar edib.

 

Ötən illər ərzində Amerika Birləşmiş Ştatları və İsrail dəfələrlə İranın gizli nüvə fəaliyyətləri olduğunu desələr də, sonuncu bunu inkar edirdi.


Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin son məlumatı yayıldıqdan sonra Fransa prezidenti Emmanuel Makron rəsmi Tehranı təcili olaraq MAGATE ilə əməkdaşlıq etməyə çağırıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar