SON XƏBƏRLƏR

Marağa Universitetinin öyrəncisi türk dili ixtisasını tələb etdiyi üçün təhdid edilib

2021.10.20, 07:36
Marağa Universitetinin öyrəncisi türk dili ixtisasını tələb etdiyi üçün təhdid edilib

Gunaz.tv

GünAz TV: Türk dili və ədəbiyyatı ixtisasının Marağa Universitetində yaradılmasını tələb edən öyrəncilərdən biri universitetdən uzaqlaşdırılmaqla təhdid edilib.

 

Salar Sərkəşi bununla bağlı imzatoplama kampaniyası təşkil edən öyrəncilərdən biri kimi, universitetin təhlükəsizlik bölümünün (Hərasət) təhdidi ilə üzləşib. Ona bildirilib ki, universiteti tərk etmək üçün lazımi işləri 48 saat ərzində etməli və ali təhsil müəssisəsindən uzaqlaşmalıdır.

 

Məsələ ilə bağlı Salar Sərkəşi deyib: “Marağa universitetinin öyrənciləri türk dili və ədəbiyyatı üzrə iki ixtiyari dərsliyi olduqca rəğbətlə qarşıladılar. Misal üçün, cari semestrdə 90 öyrənci bu dərslikləri seçib. Ona görə də biz universitetdə türk dili və ədəbiyyatı ixtisasının yaradılması tələbi ilə çıxış etdik və bunun üçün qanun çərçivəsində 950 imza topladıq. Sonra həmin imzaları və müraciətimizi universitetin rəisinə təqdim etdik.”

 

Azərbaycanlı öyrənci sözlərinin davamında belə deyib: “Müraciətdən sonra universitetin təhlükəsizlik bölümü şənbə günü mənim öyrənci kartımı aldı. Mənə bildirildi ki, kartı sonra gəlib geri alarsan. İki gün sonra fevralın 25-də isə məni ümumiyyətlə universitetə buraxmadılar. Bildirdilər ki, universiteti tərk etməlisən, rəsmi sənəd işlərinin görülməsi üçün yalnız bir gün vaxtın var...”

 

Salar Sərkəşinin sözlərinə görə, imza toplayan digər öyrəncilərə, o cümlədən bir neçə qız öyrənciyə də universitetin təhlükəsizlik bölümü tərəfindən təzyiq edilib. Ali təhsil müəssisəsinin bir neçə qurumu isə türk dili və ədəbiyyatı ixtisasını tələb edən öyrəncilərin bu hərəkətini pisləmək məqsədi ilə imza toplayıblar.


Qeyd edək ki, İran  konstitusiyasının 15-ci maddəsinə əsasən məktəblərdə fars dili ilə yanaşı digər yerli dillərin tədris olunması sərbəstdir. Lakin bu maddə 40 ildir ki, islam cümhuriyyəti tərəfindən icra olunmur. Uzun müddət mübarizədən sonra son illərdə yalnız Təbriz universitetində türk dili və ədəbiyyatı ixtisası yaradılıb və bir neçə Azərbaycan universitetində bu ixtisas üzrə iki dərslik könüllü olaraq seçən öyrəncilərə tədris olunur. Lakin universitetlərdə türk dili ilə bağlı yaradılan məhdud imkanlardan doğru-düzgün istifadə etmək mümkün deyil. Davamlı olaraq problemlər çıxır və həmin dərslikləri də bir neçə dəfə ləğv etməyə çalışıblar. Bütün bunlar o halda baş verir ki, azərbaycanlı öyrəncilər ana dilində təhsil almaq üçün əllərindən gələni edir və müxtəlif orqanlara müraciət edərək bu zəmində lazımi tədbirlərin alınmasını tələb edirlər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar