SON XƏBƏRLƏR

Mayk Pompeo: “İranın rəftarını dəyişməyə meyl göstərməsindən hər hansı bir nişanə görmürük”

2021.10.20, 07:36
 Mayk Pompeo: “İranın rəftarını dəyişməyə meyl göstərməsindən hər hansı bir nişanə görmürük”

Gunaz.tv

GünAzTV: Avqustun 5-də Asiyanın cənub-şərqinə etdiyi 3 günlük səfərindən qayıdan Amerikanın dövlət katibi Mayk Pompeo, təyyarədə jurnalistlərə açıqlamasında İran rejiminin bölgədə yürütdüyü dağıdıcı siyasətindən, yeni sanksiyalardan və rəsmi Tehranın öz vətəndaşlarına qarşı repressiyalarından danışıb.

 

Amerikanın İrana qarşı sanksiyalarının birinci mərhələsinin bu gündən (avqustun 6-dan) tətbiqinə başlanacağını bildirən Pompeo deyib ki, əgər İran sanksiyalardan yaxa qurtarmaq istəyirsə, əvvəlcə öz rəftarında və bölgədə yürütdüyü siyasətində ciddi dəyişikliklər etməlidir: “Ümid edirik ki, bu mərhələdən keçmək üçün bir yol axtarıb tapacağıq. Lakin bu, İranın öz siyasətində və rəftarında çox böyük dəyişikliklər etməsindən asılıdır. Hesab edirik ki, İran adi bir ölkə kimi rəftar etməlidir. Bu bizim istəyimizdir və çox da sadədir. Lakin hələ ki, İranın rəftarını dəyişməyə meyl göstərməsindən hər hansı bir nişanə görmürük.

 

Bu gün, ağır iqtisadi durumdan əziyyət çəkən İran milləti narahatdır. Lakin onlar Amerikadan yox, öz hakimiyyətlərindən narazıdırlar. Bu isə, onlara verilən iqtisadi vədlərin gerçəkləşdirilməməsinə görədir.

 

Hesab edirik ki, İran millətinin öz rəhbərlərini seçməkdə mühüm rolu olmalıdır. Biz, İran rejiminin öz dinc vətəndaşlarına qarşı zorakılığa əl atması barədə yayılan məlumatlardan ciddi narahatıq. Amerika hökuməti, İran millətinin hakim rejimin repressiyalarına və onun ölkəyə hakim etdiyi fəsada qarşı etiraz bildirmək hüququnu dəstəkləyir. Bizim İran rejimindən istəyimiz odur ki, öz vətəndaşlarının insani hüquqlarına riayət etsin və ona hörmətlə yanaşsın”.

 

Qeyd edək ki, Amerikanın İrana qarşı yeni sanksiyalarının birinci mərhələsinin tətbiqinə avqustun 6-da  başlanılacaq. Hazırkı mərhələdə İranın bahalı filizlərinin ixracına, avtomobil sənayesi və gəmiçilik sığortasına, xarici bankların İrana dollar köçürməsinə və İranın xalça ixracatına sanksiya qoyulacaq.

 

Vaşinqtonun İrana qarşı sanksiyalarının 2-ci mərhələsinə, yəni İran neftinə sanksiyanın tətbiqinə isə noyabrın 4-dən etibarən başlanılacaq. Amerikanın hökumət rəsmiləri dəfələrlə bildiriblər ki, İran neftinin ixracını sıfıra endirmək niyyətindədirlər.

 

A.M    

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar