SON XƏBƏRLƏR

Ombudsman Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar bəyanat verib

2022.02.24, 05:19
Ombudsman Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar bəyanat verib

Gunaz.tv

Bəyanatda deyilir:

"XX əsrin ən dəhşətli faciələrindən biri, bəşəriyyətə və insanlığa qarşı törədilmiş ağır cinayət olan Xocalı soyqırımından 30 il ötür.

Ermənistanın tarix boyu azərbaycanlılara qarşı yürütmüş olduğu etnik təmizləmə və soyqırım siyasəti nəticəsində yüz minlərlə dinc insan kütləvi surətdə qətlə yetirilmiş, öz torpaqlarından didərgin salınmışdır.

Cəzasızlıq mühitindən daha da azğınlaşan erməni silahlı birləşmələrinin Azərbaycanın yaşayış məntəqələrində törətmiş olduğu qətliamlardan ən dəhşətlisi Xocalı şəhərində baş vermişdir.

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri, onların havadarlıq etdiyi erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırımı aktı törədilmişdir.

Soyqırımı zamanı 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla, 613 nəfər xüsusi qəddarlıqla öldürülüb, 1275 nəfər girov götürülərək, işgəncələrə məruz qalıb.

Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib".


Bəyanatda qeyd olunur ki, Xocalıda mülki əhalinin məhz etnik mənsubiyyətinə görə kütləvi və məqsədyönlü şəkildə qırğını BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsinə və 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul olunmuş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya əsasən soyqırımı cinayəti kimi tövsif edilməlidir.

"Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində bir sıra beynəlxalq sənədlərin, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının, “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın, “İşgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiya”nın, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanın,

“Uşaq hüquqları haqqında” Konvensiyanın və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın tələbləri kobud şəkildə pozulmuşdur.

Soyqırım siyasətini davam etdirən Ermənistan İkinci Qarabağ müharibəsi dövründə də hərbi əməliyyatların baş verdiyi ərazilərdən kilometrlərlə uzaqda olan, mülki əhalinin sıx yerləşdiyi şəhər və kəndləri ballistik raketlərlə, kasetli bombalarla hədəfə almış, bunun nəticəsində 12-si uşaq olmaqla, 100-ə yaxın mülki şəxs həlak olmuş, 50-si uşaq olmaqla, 400-dən çox insan yaralanmışdır.

Həmin dövrdə Ermənistanın mülki obyektlərə hücumları 3410-dan çox evin, 120 çoxmənzilli yaşayış binasının və xeyli sayda məktəb, xəstəxana, uşaq bağçası da daxil olmaqla, 512 mülki infrastrukturun dağılmasına səbəb olmuşdur.

Ölkəmizə qarşı yönəlmiş hərbi təcavüzün qarşısının alınması və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan ordusu tərəfindən həyata keçirilmiş əks-hücum əməliyyatı nəticəsində 30 ilə yaxın Ermənistanın işğalı altında olmuş torpaqlarımız qısa müddət ərzində azad edilmiş, soydaşlarımızın pozulmuş hüquqlarının bərpa edilməsi üçün əsas yaranmışdır"-deyə, sənəddə qeyd olunur. 

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar