SON XƏBƏRLƏR

Məhəmməd bin Salman: “İranla bağlı siyasi həll yolu hərbi seçimdən qat-qat yaxşıdır”

2021.10.20, 07:36
Məhəmməd bin Salman: “İranla bağlı siyasi həll yolu hərbi seçimdən qat-qat yaxşıdır”

Gunaz.tv

GünazTV: Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmam sentyabrın 29-da CBS telekanalına müsahibəsində İranın Aramco neft təsisatlarına qarşı dron hücumlarından və bölgədə artan gərginlikdən danışaraq, regionda mümkün yeni bir savaşın baş verməsi barədə xəbərdarlıq edib.

 

Ölkəsinin neft təsisatlarına qarşı hücumların kimlərinsə nadanlıq və ağılsızlığı ucbatından baş verdiyini bildirən Məhəmməd bin Salman deyib ki, o İranla ixtilafların hərbi variant yolu ilə yox, diplomatik yollarla aradan qaldırılmasına üstünlük verir: “Əgər dünya birliyi İranı dayandırmaq üçün möhkəm və kəskin bir addım atmasa, regionda yaşanan mövcud çaxnaşma və gərginlik getdikcə artaraq dünya mənafeyini təhlükəyə salacaq. Bu, həm də neftin dünya bazarlarına çatdırılması işinə xələl gətirə, neftin qiymətinin kəskin artmasına səbəb ola bilər.

 

Biz İranla bağlı bütün seçim və variantları nəzərə almışıq. Bununla belə hesab edirəm ki, regionda hər hansı bir hərbi addıma üstünlük verilməsindən çəkinmək lazımdır. Şəxsən mən düşünürəm ki, İranla bağlı diplomatik və siyasi həll yolu hərbi seçim və variantdan qat-qat yaxşıdır” –deyə Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmam əlavə edib.

 

Məhəmməd bin Salman həmçinin jurnalistlərdən birinin ona verdiyi “Sizcə İranın Aramco neft təsisatlarına qarşı hücumlarda strateji hədəfi nə ola bilər” sualını belə cavablandırıb: “Onların (İran rəhbərləri) yeganə strateji hədəfi bu olub ki, nə qədər əbləh və axmaq olduqlarını sübuta yetirsinlər” –deyə o vurğulayıb.

 

Xatırladaq ki, sentyabrın 14-ü səhər saatlarında Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan Aramco-nun iki əsas neft təsisatına qarşı dron hücumları olub. Hücum nəticəsində həmin şirkətin ən böyük neft istehsalı müəssisəsi olan Abqaiq və Xuraisd neft təsisatlarında güclü yanğın baş verib. Neft istehsalının həcmi kəskin dərəcədə aşağı düşüb.

 

 

Rəsmi Ər-Riyad və Vaşinqton hücumların İran ərazisindən həyata keçirildiyini bildirsələr də, rəsmi Tehran bu ittihamı rədd edərək, hücumların Yəməndəki Husilər tərəfindən gerçəkləşdirildiyini iddia edir.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar