SON XƏBƏRLƏR

Məhəmməd Feyzidən “Heyran gədiyi”ni müdafiə edənlərə hörmətsizlik / Nadir Qazipur Astaradan Kərəcə qədər Azərbaycana aid olduğunu dedi - VİDEO

2021.10.20, 07:36
Məhəmməd Feyzidən “Heyran gədiyi”ni müdafiə edənlərə hörmətsizlik / Nadir Qazipur Astaradan Kərəcə qədər Azərbaycana aid  olduğunu dedi - VİDEO

Gunaz.tv

GünAz TV: Ərdəbilin İran parlamentindəki millət vəkili Məhəmməd Feyzi “Heyran gədiyi” ətrafında baş verən hadisələrə həmkarı Nadir Qazipurun mövqeyi ilə ziddiyyət təşkil edən yanaşma sərgiləyib.

 

Məlumata görə, M.Feyzi İnstaqram səhifəsində etirazçılara cavab vermək yerinə onların etiraz komentini silib.

 

Son günlərdə Ərdəbilin hər üç millət vəkilinin (Məhəmməd Feyzi, Rza Kərimi və Südeyif Bədri) İnstaqram səhifəsi azərbaycanlı sosial şəbəkə istifadəçilərinin etiraz meydanına çevrilib. Çox sayda etiraz komenti ilə üzləşən M.Feyzi ən rahat yolu seçərək səhifəsində yazılan mətnləri silib və etirazçıların səhifəyə daxil olmasına qadağa qoyub. Hazırda millət vəkilinin  səhifəsində sadəcə onun tərifi və təsdiq haqqında yazılan komentlər görünməkdədir.

 

 

Urmiyənin İran parlamentinədki millət vəkili Nadir Qazipur isə rəsmi Teleqram kanalında bir video yayaraq “Heyran gədiyi” və Astara tarixinin saxtalaşdırılmasını sərt şəkildə pisləyib.

““Heyran gədiyi” Ərdəbil, Zəncan, Qəzvin, Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Kərəc kimi Azərbaycanın ayrılmaz hissəsidir. Astara ölkənin növbəti inzibati ərazi bölgüsündə Ərdəbil Əyalətinə ilhaq edilməlidir. Tehran əhalisinin 40 faizini türklər təşkil edir, qalan 60 faizinin isə türk olub-olmamasında şübhəmiz var”- deyə o sözlərinin bir hissəsində qeyd edib.

 

https://www.youtube.com/watch?v=M1zs-WXjqs8

 

N.Qazipur vurğulayıb ki, “İranın 31 əyalətinin hamısında  türk bölgələri mövcuddur. Türklər çox qeyrətli və cəsarətli insanlardır.”

 

Hələlik son günlərdə baş verən hadisələrlə əlaqədar  azərbaycanlı millət vəkillərindən yalnız Nadir Qazipur “Heyran gədiyi”ni Ərdəbildən ayırıb Gilan Əyalətinə birləşdirilməsi uğrunda aparılan gizli və açıq fəaliyyətlərə qarşı konkret mövqe sərgiləyib. 

 

Novruz bayramı günlərində “Heyran gədiyi” məntəqəsində turistlərə xidmət göstərmək bəhanəsi ilə təxminən 15 lövhə quraşdırılıb. Gilan rəhbərliyi tərəfindən quraşdırılan lövhələrdə “Heyran gədiyi” Gilan Əyalətinin inzibati ərazisi kimi göstərilib.

 

Ərdəbil Əyalətinə edilən ərazi iddiası azərbaycanlı gənclərin kəskin etirazı ilə qarşılanıb. Məlumata görə, qısa müddətdə lövhələrin üzərindəki yazılar gənclər tərəfindən silinərək oxunulmaz hala salınıb, onların bir neçəsi isə aşağı endirilib. Etirazçı gənclər “Azərbaycana xoş gəlibsiniz” cümləsini əks etdirmək üçün lövhələrdəki “Gilan Əyaləti” sözünün üzərinə Azərbaycan bayrağı yapışdırıblar.

Gilan rəhbərliyi tərəfindən quraşdırılan bəzi lövhələrin üzrində artıq “Yaşasın Azərbaycan”, “Yaşasın Ərdəbil”, “Bu torpaqdan pay olmaz”, “Heyran Ərdəbilindir” və s. kimi şüarlar görünməkdədir.

 

 

Sözügedən mövzu İnstaqram və Twitter kimi sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib. Onlar kimi hashtag-lardan istifadə edərək Astara məntəqəsinin yenidən Ərdəbil Əyalətinə birləşdirilməsi və “Heyran gədiyi”nin Gilan Əyalətinə ilhaq edilməsi ilə bağlı cəhdlərin dayandırılmasını tələb edirlər.

 

Astara şəhəri Gilan Əyalətinin mərkəzi olan Rəşt şəhərinin təxminən 200, Ərdəbilin isə 70 kilometrliyində yerləşir. Bu şəhər vaxtı ilə Ərdəbil şəhəri və Şərqi Azərbaycan Əyalətinə bağlı olub. Sonralar ölkənin inzibati ərazi bölgüsündə müvəqqəti olaraq Gilan Əyalətinə ilhaq edilib. Şəhərin əhalisi Azərbaycan türkləridir, onlar bütün azərbaycanlılar kimi Astaranın yenidən Ərdəbil Əyalətinə ilhaq edilməsini tələb edir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar