SON XƏBƏRLƏR

Məhəmməd Nurizad: Xomeyni və Xameneinin son 40 ildə öldürülənlərin qətlində əlləri var

2021.10.20, 07:36
Məhəmməd Nurizad: Xomeyni və Xameneinin son 40 ildə öldürülənlərin qətlində əlləri var

Gunaz.tv

GünAz TV: İran rejiminin müxaliflərindən olan siyasi fəal, yazıçı və sənədli film rejissoru Məhəmməd Nurizad doktor Fərşid Hakkinin qırx mərasimində çıxışı zamanı Ayətullah Xameneini öz müxaliflərinin öldürülməsinə göstəriş verməkdə ittiham etmiş, eləcə də bildirmişdir ki, Xomeyninin də 80-cı illərdə baş vermiş siyasi qətllərin hər birində əli olmuşdur.

 

Şənbə günü (1 dekabr-red) sosial şəbəkələrdə yayılmış video görüntüdə çıxış edən M.Nurizad ətraf mühit fəalı Fərşid Hakkinin müəmmalı ölümünü qətl adlandırmış və İran rejiminin məmurlarını bu qətlə görə günahkar saymışdır.

 

Onun sözlərinə görə, “Sadiq Xalxalinin törətdiyi hər bir cinayətə, 80-cı illərdə axıdılan hər bir qana görə Xomeyni cavabdeh idi və zəncirvari qətllərdə axıdılan hər damla qanda Ayətullah Xamaneinin əli var.” Məhəmməd Nurizad sözlərinə görə, eləcə də 2009-cu ildə öldürülmüş hər bir gəncin ölüm göstərişini şəxsən Seyid Əli Xamanei verib.

 

Qeyd edək ki, M.Nurizadın bu çıxışı İranda 1998-ci il ərzində baş vermiş zəncirvari qətllərin 20-ci il dönümü ərəfəsinə təsadüf edir. 1998-ci il 19 noyabr tarixindən 9 dekabra qədər yazıçılar Məcid Şərif, Məhəmməd Muxtari, Məhəmməd Cəfər Pouyənde, eləcə də siyasi fəal Dariyuş Foruhər və onun həyat yoldaşı Pərvanə qətlə yetirilmişdilər. İctimaiyyətin təzyiqləri və dövlətin araşdırmalarından sonra İranın Milli Təhlükəsizlik Nazirliyi (Ettelat-red) bu qətlləri öz üzərinə götürsə də, rejim müxalifləri bu qətllərin 80-cı illərdən başlayaraq birbaşa islam rejimi rəhbərlərinin göstərişləri ilə həyata keçirildiyini bildirirlər.

 

Məhəmməd Nurizad eləcə də 80-cı illərdə baş vermiş qətllərə də toxunmuş, hər bir qətlə görə Ayətullah Xomeyninin məsuliyyət daşıdığını bildirmişdir. Qeyd edək ki, o, bununla 80-cı illərdə Xomeyninin inqilab qəssabı hesab edilən İran İnqilab Məhkəmələrinin sədri Sadiq Xalxalinin hökmü ilə icra edilən edamları, eləcə də 1988-ci ildə Xomeyninin göstərişi ilə kütləvi şəkildə qətlə yetirilən məhkumları nəzərdə tutur.

 

Bundan başqa İranda 2009-cu ildə keçirilmiş prezident seçkilərinin nəticələrinə etiraz edən gənclərin bəziləri öldürülmüş, bir neçəsi isə yoxa çıxmışdı. Bundan sonra cümə xütbəsində çıxış edən dini lider Xamenei xalqa xəbərdarlıq edərək, bildirmişdi ki, küçələrə etiraza çıxıb, ölənlər ölümlərinə görə özləri məsuliyyət daşıyacaqlar.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar