SON XƏBƏRLƏR

Məhəmmədrza Zenuzi: “Traxtur”un oyunları 3-cü kanalda yayımlanmalıdır

2021.10.20, 07:36
Məhəmmədrza Zenuzi: “Traxtur”un oyunları 3-cü kanalda yayımlanmalıdır

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol klubunun sahibi Məhəmmədrza Zenuzi klubun fəaliyyəti, tərəfdarları və ona olan münasibətlə bağlı önəmli məsələlərə toxunub.

 

O bu barədə İran televiziyasının “Vərzeş və Mərdom” proqramında çıxış edib.

 

““Traxtur”un əsas sahibi mən deyiləm. Onun sahibi komanda tərəfdarlarıdır, mən onların nümayəndəsi kimi klubun işləri ilə məşğul oluram. Məqsəd klubu haqq etdiyi yerə çatdırmaqdır.

Vaxtı ilə mənə Tehranın “İstiqlal” klubunu almağı təklif etdilər. Lakin mən qəbul etmədim. O zaman İran Çempionatının 1-ci dəstəsində “Qostəreş fulad”ım var idi. Dedim ki, əgər çox tərəfdarı olan bir klub almaq istəsəm, o zaman öz şəhərimin klubu, yəni “Traxtur”a üstünlük verərəm.

“Traxtur” super liqaya yaxşı başladı. Vəziyyətdən razıyam, lakin kütləvi informasiya vasitələrinin ayrı-seçkiliyə yol verməsindən gileyim var. Mətbuat yalnız 2,3 komandanın yaxşı nəticə əldə etməsinə çalışır. Bunu hətta Teleradio Şirkətində də görmək mümkündür.

Elan olunan statistik məlumata görə, ötən il “Traxtur” ən çox tərəfdarı olan komanda oldu. Tehranın Azadi stadionunda keçirilən iki görüşdə “Traxtur”un tərəfdarları “İstiqlal” və “Perspolis”dən çox olub. Səhv eləməsəm aradakı fərq 60 və 40 faizdən ibarət olub.

İranda təxminən 40 milyon türk var. Onların 80 faizi “Traxtur” tərəfdarı olursa, tərəfdarların sayı 30 milyona çatar. Ona görə də hesab eliyirəm ki, “Traxtur”un oyunları 3-cü kanaldan yayımlanmalıdır.”- deyə o çıxışının bir hissəsində qeyd edib.

 

Klub sahibi ötən həftə Təbrizdə keçirilən görüşdə “Perspolis”in qapıçısı Əlirza Biranvəndın meydançada yol verdiyi nalayiq hərəkət və “Traxtur” klubunun şikayətinə də işarə edib. O bildirib ki, Ə.Biranvənd İran futbolunun tarixində ən güclü qapıçılardan biridir. Lakin əxlaqi baxımdan özünü islah etməli və komanda tərəfdarlarının qarşısında ədəbli olmalıdır. Bu rəftarı FİFA-da futbolçulardan tələb edir.

 

Biz Ə.Biranvənddən şikayət etmişik. Ötən il də “Perspolis”, “Sepid rud” və “Pədidə” klublarından şikayət etdik. Lakin şikayətimizə baxılmadı və bizə heç bir cavab verilmədi. Hiss olunur ki, bəzi oyunçular Futbol Federasiyasının diqqət mərkəzindədir və onlara dəstək verilir. Vurğulamalıyam ki, mən ticarətdə uğur qazanmış bir insanam. Lakin futbolda uğur qazanmaq üçün təkcə çalışmaq və səy göstərmək yetərli deyil. Etiraf etməliyəm ki, Futbol Federasiyasına gücüm çatmır.

 

M.Zenuzi maliki olduğu “Maşınsazi” klubu ilə bağlı da danışıb.

“İki klubum olduğu üçün tənqidlər var. Hazıram “Maşınsazi”ni başqa birisinə ötürüm. Bunu da deyim ki, hal-hazırda Neft Nazirliyinin bir neçə klubu var. Gənclər və İdman Nazirlinin də iki klubu var. Fərq bundan ibarətdir ki, mən klublardan birini satmağa hazıram, lakin onlar yox.

Gənclər və İdman Nazirliyi 80 milyon insanın büdcəsindən “İstiqlal” və “Perspolis”ə vəsait xərcləyir. Sizcə “Traxtur”, “Sepahan” və digər komandaların tərəfdarları bu vəziyyətdən razıdırmı?! “İstiqlal”la “Perspolis” özəlləşdirilərsə bir çox problem öz həllini tapar.”- deyə o vurğulayıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar