SON XƏBƏRLƏR

Məhərrəm Zülfüqarlı: "Kreml çalışır ki, strateji hədəflərinə çatmaq üçün Azərbaycanı zəiflətsin"

2021.10.20, 07:36
Məhərrəm Zülfüqarlı: "Kreml çalışır ki, strateji hədəflərinə çatmaq üçün Azərbaycanı zəiflətsin"

Gunaz.tv
Rusiya informasiya məkanını nəzarətə götürməyə çalışır Məhərrəm Zülfüqarlı: "Kreml çalışır ki, strateji hədəflərinə çatmaq üçün Azərbaycanı zəiflətsin" moskva.jpg Ötən gün "Ria-Novosti"nin təşkilatçılığıyla iki saat davam edən Moskva-Bakı-İrəvan virtual mətbuat konfransı keçirilib. Erməni politoloqlar ənənəvi mövqeləri təkrarlayıb, işğal etdikləri torpaqların tarix boyu onlara məxsus olduğunu söyləyiblər. Rusiyalı politoloqlar isə münaqişənin həllinə inanmadıqlarını, ən yaxşı variantın tərəflər arasında etimadın möhkəmləndirilməsi olduğunu vurğulayıblar. Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündən sonra belə bir telekörpünün təşkili göstərir ki, artıq Rusiya münaqişələrlə bağlı informasiya məkanını da inhisara almaq istəyir. Məsələylə bağlı fikirlərini öyrəndiyimiz tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı deyir ki, XVII əsrdən başlayaraq Qarabağ probleminin yaradıcısı və qızışdırıcısı çar Rusiyası, sonra sovet Rusiyası, indi isə hazırkı Rusiya Federasiyasıdır. Rəvan Məmmədli Hərçənd ki, günümüzdə Qarabağ problemindən digər dövlətlər də öz maraqları üçün istifadə edirlər. Ermənilərin "Türkmənçay" müqaviləsinə görə Azərbaycana köçürülməsi, Qarabağda və digər Azərbaycan ərazilərində yerləşdirilməsi bilavasitə rus siyasətidir. Köçürmədən işğal siyasəti zamanı həmişə yararlanılıb. Rusiyada isə o qədər rus kəndlisi olmayıb ki, işğal edilmiş ərazilərə köçürülsün. Ona görə də dövləti olmayan erməniləri köçürərək bundan yararlanıblar. Ermənistanın yaranması və indi BMT-də müstəqil dövlət kimi tanınmasında da Rusiyanın böyük rolu var. Baxmayaraq ki, Ermənistan forpostdur, formal müstəqildir, amma bu ərazilərdə erməni dövləti olmaya-olmaya onun yaradılmasında şimal qonşumuzun böyük əməyi var. Məhərrəm Zülfüqarlıya görə, müasir dövrümüzdə Rusiyanın Moskva-Bakı-İrəvan telekörpü layihəsini işə salması digər məqsədlərdən xəbər verir. Münaqişəni daim qızışdıran ölkələr müəyyən müddətdən sonra sülhpərvər kimi qələmə verirlər və işğala məruz qalmış ölkədə də onlara dəstək verən insanlar axtarırlar. Qərbin də bu cür siyasəti var. "Xalq diplomatiyası" pərdəsi altında təslimçilik, Azərbaycanın işğalla barışmasını aşılayırlar. Bu, qorxulu bir tendensiyadır. Konfliktologiya ziddiyyətlərin həlliylə bağlı elmdir və onlar da məsələyə əslində elmi yanaşmağa çalışırlar. Başqa bir sözlə, bir məsələni dəfələrlə müzakirə edirlər və işğala məruz qalan tərəfə zaman-zaman nə isə sırınmağa çalışılır. Məhərrəm Zülfüqarlı bildirdi ki, kompromisdən çox danışırlar, amma kompromis qarşılıqlı güzəştdir. Azərbaycan işğala məruz qalıbsa, onun hansısa güzəştə getməsindən söhbət gedə bilməz. Onun sözlərinə görə, Azərbaycanda da elə insanlar tapılır ki, bu məsələyə meyillənir, qrant alıb, bu prosesdə iştirak edirlər: "Bu, çox qorxulu tendensiyadır, bizi reallıqla barışdırmağa çalışırlar. Bir müddət əvvəl Almaniyadan sosial-demokratların xəttiylə Bundestaqın üzvü gəlmişdi. O, belə bir qorxulu fikir aşılayırdı ki, Avropada əsas mövqe budur ki, tarix unudulsun, reallıqla barışılsın. Bu, Rusiyanın da mövqeyilə üst-üstə düşür. Guya sülhpərvər siyasət yeridirlər, ancaq onun arxasında böyük bir təhlükə gözlənir. Biz bir anlığa bu reallıqla barışsaq, sabah Naxçıvana və digər ərazilərimizə qarşı iddialarla üzləşə bilərik. Sabah Bakıya belə iddialar ola bilər. Azərbaycan artıq kifayət qədər gücə malikdir ki, Ermənistanı yerində oturda bilsin. Sadəcə, problem Rusiyayla bağlıdır". Tarix elmləri namizədi dedi ki, Rusiya yaralanmış bir ayıdır, tam ölməyib, imperiya tam parçalanmayıb. Ona görə də onun yaralı pəncəsi istənilən vaxt kiçik dövlətlərin üzərinə düşə bilər. Bu səbəbdən biz ehtiyatlı olmalıyıq. Nə qədər ki, Rusiya işğalçılıq siyasətindən, imperiya ambisiyalarından əl çəkməyib, çalışacaq ki, müəyyən müddət sülh yaratsınlar, sonra yenə strateji hədəfələrinə tam çatmaq üçün Azərbaycanı zəiflətsin: "Əvvəllər Rusiya imperiyasına qatılmış Şimali Azərbaycan müstəqillik əldə edib. Cənubi Qafqazda Rusiyanın dayaq nöqtəsi kimi yalnız Ermənistan qalıb. Moskva bu dayaq nöqtəsindən yararlanıb yenidən itirdiklərini qaytarmaq istəyir. Azərbaycan və Gürcüstan birlikdə buna qarşı mübarizə aparmalıdır. Lakin bu, tək dövlətin işi deyil. Hər bir vətəndaş bilməlidir ki, Azərbaycan ərazisi məhz Rusiyanın köməkliyilə Ermənistan tərəfindən işğal olunub. Hər bir vətəndaşın borcudur ki, bunu yaddan çıxarmasın, istənilən konfransda, diskusiyada da bu mövqeyi qətiyyətlə bildirsin. Belə bir qətiyyətimiz olarsa, bu cür telekörpülərin Azərbaycanın zəiflədilməsində heç bir rolu ola bilməz. Əksinə, o körpülərdən yararlanıb dünyaya çatdırmalıyıq ki, 20 faiz ərazilərimiz işğal olunub, Rusiyanın yardımıyla Ermənistan adlı qondarma, forpost dövlət yaranıb və həmin dövlətdən yararlanaraq Azərbaycanı yenidən təsir altına salmaq üçün çalışırlar". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar