SON XƏBƏRLƏR

“Məktəblərdə türk dilinin tədrisi” ilə bağlı layihə təklifi parlamentdə müzakirəyə çıxarılacaq - Azərbaycanlı millət vəkili

2021.10.20, 07:36
“Məktəblərdə türk dilinin tədrisi” ilə bağlı layihə təklifi parlamentdə müzakirəyə çıxarılacaq - Azərbaycanlı millət vəkili

Gunaz.tv

GünAz TV: Ərdəbil, Nir, Nəmin və Səreynin İran parlamentindəki millət vəkili Südeyif Bədri “məktəblərdə türk dilinin tədrisi” ilə bağlı hazırlanan layihə təklifinin parlamentin plenar iclasında müzakirəyə çıxarılacağını bildirib.

 

Bu barədə cümə günü “Təsnim” xəbər agentliyinə danışan millət vəkili layihənin gələn ay parlamentin gündəminə gətiriləcəyini deyib.

 

“Məktəblərdə türk dilinin tədris olunması bölgə əhalisi və yerli məsulların əsas tələblərindən biridir. Ona görə də bu məsələ öz həllini tapmalıdır. Hazırda ana dilinin tədrisi ilə bağlı layihə təklifi 142 deputat tərəfindən imzalanıb. Ümid edirəm ki, layihə parlamentdə müzakirə olunduqdan sonra qəbul olunacaq və məktəblərdə türk dilinin tədris olunmasına şahid olacayıq”- deyə o bildirib.

 

S.Bədri Ərdəbilin imam cüməsinin də bu plana dəstək verdiyini açıqlayıb. “İmam cümə məktəblərdə türk dili və ədəbiyyatının tədris olunması üçün əlindən gələni edir. Biz də bu layihənin həyata keçirilməsinə çalışırıq. Türk dili bizim üçün çox böyük əhəmiyyət kəsb edir, ümid edirəm ki, növbəti dərs ilində məktəblərdə ana dilimiz tədris olunacaq”- deyə o vurğulayıb.

 

S.Bədri birinci dəfə aprelin 17-də parlamentin xəbər agentliyi ilə danışığında məktəblərdə ana dilinin tədrisi ilə bağlı layihə təklifinin hazırlandığını bildirmişdir. O qeyd etmişdir ki, bu layihə qəbul olunacağı təqdirdə məktəblərdə müxtəlif qövmlərin ana dilinin tədrisinə şahid olacayıq.

 

Azərbaycanlı millət vəkilinin bu sözləri paniranistləri qəzəbləndirərək onları Azərbaycana qarşı hərəkətə gətirmişdir. Onun açıqlamasından sonra Güney Azərbaycana qarşı düşmənçilik mövqeyi ilə seçilən sözdə islahatçı “Qanun” qəzeti “Qövmlərin uçurumu təlimi” başlığı ilə yaydığı məqalədə İranda ana dilinin tədris olunmasını ölkə təhlükəsizliyinin əleyhinə olan amil kimi xarakterizə edib, onun konstitusiyanın 15-ci maddəsinə uyğun gəlmədiyini vurğulamışdır.

 

“Qanun” qəzeti bundan sonra prezident Həsən Ruhaninin etniklər və dini azlıqların işi üzrə özəl köməkçisi Əli Yunisidən aldığı müsahibəni dərc etmişdir. Ə.Yunisi həmin müsahibədə Azərbaycan türklərinin mövcudluğunu inkar edərək onları farsdilli və kürdlərin əkiz qardaşı adlandırmışdır.

 

Türk dili və ədəbiyyatı mədəniyyət evinin yaradılması və türk dilinin tədris olunması azərbaycanlıların əsas tələblərindən biridir. Bu tələblər seçkiqabağı təbliğat-təşviqat dönəmində prezident Həsən Ruhaninin əsas şüarlarına çevrilmişdir. Lakin üstündən təxminən 5 il vaxt keçməsinə rəğmən verilən vədlərin heç biri yerinə yetirilməyib.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar