SON XƏBƏRLƏR

Məşhur güney azərbaycanlı karikaturaçı yol qəzasında ölüb

2021.10.20, 07:36
Məşhur güney azərbaycanlı karikaturaçı yol qəzasında ölüb

Gunaz.tv

GünAz TV: Məşhur güney azərbaycanlı karikaturaçı, dünya şöhrətli incəsənət xadimi Şəhram Rzayi Ərdəbil-Meşginşəhr ölüm caddəsində yol qəzasına düşərək həyatını itirib.

 

Ərdəbildən olan məşhur sənətkarın avtomobili avqustun 5-i axşam saatlarında Ərdəbildən Meşginşəhrə (Xiyav) gələrkən qəza keçirib. Hadisə nəticəsində ağır yaralanan məşhur sənətkar dünyasını dəyişib.

 

Tanınmış incəsənət xadimi Şəhram Rzayi eyni halda rəssam, dizayner və universitet müəllimi olub.

 

Şəhram Rzayi ölkə daxilində və beynəlxalq səviyyədə keçirilən bir çox festivalda iştirak edib, o müxtəlif yarışlarda 180-dan çox mükafat qazanıb.

 

Azərbaycanlı sənətkar iki il əvvəl karikatur üzrə “Oskar” mükafatına da layiq görülüb.

 

Qeyd edək ki, Güney Azərbaycan yollarında təxminən hər gün çoxsaylı insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir.

Ekspertlər yolların qeyri-standart olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzalarının əsas səbəbi kimi göstərir.

 

Bəzi yollarda ölümlə nəticələnən avtomobil qəzalarının sayı o həddə çatıb ki, bölgə əhalisi həmin yolları “ölüm caddəsi” adlandırır. Əhər-Təbriz yolunun “ölüm caddəsi” adı ilə tanınmasını uzun zamandır Güney Azərbaycan mətbuatı, hətta bəzi yerli millət vəkillərinin açıqlamasında müşahidə etmək mümkündür.

Hətta may ayında Ərdəbil Əyalətininin Yol Polisi bu zəmində gözlənilməz bir qərar verib. Polis əyalətin bir çox yolunda “Ölüm caddəsi; lütfən ehtiyatla sürün” yazılmış nişanlar quraşdırıb. Yol polisi bu vasitə ilə sürücülərin diqqətini yolun acınacaqlı və təhlükəli vəziyyətdə olduğuna çəkmək istəyib.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar