SON XƏBƏRLƏR

Məsud Pezeşkiyan: Azərbaycan barəsində bütün qərarlar Tehranda verilməməlidir

2021.10.20, 07:36
Məsud Pezeşkiyan: Azərbaycan barəsində bütün qərarlar Tehranda verilməməlidir

Gunaz.tv

GünAz TV: Təbrizin İran parlamentindəki millət vəkili Məsud Pezeşkiyan İrandakı mərkəzçi idarəçilik modelini tənqid edərək əyalətlərin rəhbərliyinə daha çox səlahiyyət verilməsini tələb edib.

 

“Mehr” xəbər agentliyinin yaydığı məlumata görə, M.Pezeşkiyan ölkənin həssas dönəmində əyalətlərə daha çox etimad edilməsini vacib hesab etdiyini bildirib.

 

“Əgər bugünkü iqtisadi vəziyyətdə əyalətlərə daha çox səlahiyyət verilərsə, onlar yerli iş adamlarının əməkdaşlığı ilə əyalətin valyutaya olan ehtiyacını təmin edə bilərlər.

Mən bu barədə dəfələrlə danışmışam. Bu vəziyyətdə zavodların bağlanmasında kim cavabdehlik daşıyacaq? Yerli məsulların əlində hansı imkanlar var? Məsullar təcili bir vəziyyət yarandıqda hansı səlahiyyətlə qərar verməlidilər? Bütün qərarların Tehranda verilməsi qəbuledilməzdir”- deyə Təbriz, Azərşəhr (Tufarqan) və Üskünün (Üşkaya) millət vəkili Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil Əyalətinin iqtisadi problemləri ilə əlaqədar keçirilən iclasda deyib.

 

M.Pezeşkiyan əlavə edib ki, əyalət rəhbərliyi bölgə sənayesini Tehrandan daha yaxşı idarə edə bilər. Ona görə də istehsal müəssisələrinin bağlanmasını istəmiriksə, o zaman əyalətlərin səlahiyyəti artırılmalıdır.

“Sizin əyalətlərin rəhbərliyinə etimadınız var, yoxsa yox? Bu varsa, o zaman onlara lazımi səlahiyyəti də verin. İcazə verin ki, layihələri icra edə edib, istədikləri qərarı verə bilsinlər”- deyə o vurğulayıb.

 

Qeyd edək ki, əyalət rəhbərliyinin səlahiyyətlərinin məhdud olması bundan əvvəl də bir çox yerli məsulun etirazına səbəb olub. Azərbaycan əyalətlərində bütün sahələr, o cümlədən abadlaşdırma işləri və sənaye sahəsindəki layihələr və onların icrası ilə bağlı qərarlar Tehranda verilir. Tehranın ümumi siyasəti isə Azərbaycanın maddi imkanlarını talamaq və milli kimliyini unutdurmaqdan ibarətdir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar