SON XƏBƏRLƏR

Məsud Pezeşkiyan və Məhəmməd Həsənnəjaddan Nikol Paşinyanın erməni icması ilə görüşü zamanı baş verən hadisələrə ETİRAZ

2021.10.20, 07:36
Məsud Pezeşkiyan və Məhəmməd Həsənnəjaddan Nikol Paşinyanın erməni icması ilə görüşü zamanı baş verən hadisələrə ETİRAZ

Gunaz.tv

GünAz TV: Xocalı soyqırımının 27-ci ildönümündə Ermənistan baş naziri Nikol Paşinyanın Tehrana səfəri və “Ararat” klubunda erməni icması ilə görüşü zamanı “Qarabağ Ermənistandır və Son” sözləri yazılmış plakatın qaldırılması əksər soydaşlarımızla birlikdə bəzi azərbaycanlı millət vəkillərinin də etirazına səbəb olub.

 

Culfa və Mərənd əhalisinin İran parlamentindəki millət vəkili Məhəmməd Həsənnəjad, N.Paşinyanla ermənilərin görüşündə diplomatik qaydalara sığmayan bir şəkildə yalan iddiaların qaldırılmasına kəskin etiraz bildirib.

 

Azərbaycanlı millət vəkilinin etirazı “Nəsr” xəbər agentliyində dərc olunub:

“İran Dağlıq Qarabağla bağlı rəsmi siyasətini dəfələrlə elan edib, Ermənistan bu bölgəni tərk etməlidir.

İnqilab rəhbəri bu barədə bildirib ki, “Dağlıq Qarabağ islam torpağıdır”, İran İslam Cümhuriyyətinin rəsmi siyasəti də bundan ibarətdir.

Oxşar hadisə “Piruzi” komandasının oyunu zamanı da baş vermişdir. Bu komandanın bəzi tərəfdarları Ermənistana dəstək nümayiş etdirmişdir, mən o zaman da xəbərdarlıq etdim.

Bu məsələ etnik məsələsi deyil. Müsəlmana dəstək vermək Quran ayələrinə görə bütün müsəlmanlara vacibdir. Təbbi ki, bunun da bir üsulu var və ölkələrin ərazi bütövlüyü əsas götürülməlidir. Bizim inqilabımız islam inqilabıdır, Tehranda müsəlman bir ölkənin ərazi bütövlüyünə qarşı çıxış etmək qəbuledilməzdir. Bu hadisənin Xocalı qətliamının ildönümündə baş verməsi daha çox qəbahət sayılır və bağışlanmaz haldır”- deyə o vurğulayıb.

 

Məsələyə Təbrizin millət vəkili Məsud Pezeşkiyan da münasibət bildirib.

“İranın rəsmi siyasəti qonşu ölkələrin daxili işinə qatılmamaqdan ibarət olssa da, heç zaman bir ölkənin işğala məruz qalması ilə razılaşmır. İran erməniləri bizim vətəndaşlarımızdır. Lakin bir xarici ölkənin baş nazirinin bizim yerlilərimizlə mitinq keçirməsi və işğalçılığa haqq qazandıran şüarların səsləndirilməsi böyük sual doğurur.

Vurğulamalıyam ki, ölkə rəhbərinin dediyi kimi, “Qarabağ islam torpağıdır, vəssalam!”- deyə millət vəkili bildirib.

 

Hər iki millət vəkili Xarici İşlər Nazirliyini bu məsələyə görə məsuliyyət daşıdığını vurğulayaraq nazirliyi baş verən hadisə ilə bağlı cavab verməyə çağırıblar.

 

Bundan əvvəl Urmiyənin millət vəkili Hadi Bahaduri də oxşar açıqlama ilə çıxış edərək Ermənistan baş nazirinin Xocalı qətliamının ildönümündə Tehrana dəvət olunmasına etiraz bildirmişdir. O İranın xarici işlər nazirini bununla bağlı açıqlama verməsini tələb edib.

 

1992-ci il 26 fevral tarixində azərbaycanlılar Xocalıda ermənilər tərəfindən soyqırıma məruz qalıb. Bu faciənin 27-ci ildönümündən bir gün sonra Ermənistanın baş naziri N.Paşinyan İrana rəsmi səfər edib. O səfər çərçivəsində bu ölkənin prezidenti Həsən Ruhani və dini lideri Əli Xamneyi ilə görüşüb, tərəflər iki ölkə arasında əlaqələrin daha da genişlənməsi barədə müzakirələr aparıb.

 

N.Paşinyan Tehranda səfərdə olarkən “Ararat” klubunda erməni icması ilə də görüş keçirib. Görüşdə “Qarabağ Ermənistandır və Son” yazılmış plakat qaldırılıb. İranın Azərbaycanın ərazi bütövlüyünə qarşı plakatın qaldırılmasına imkan tanıması güney azərbaycanlıların geniş etirazına səbəb olub.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar