SON XƏBƏRLƏR

Məsullar azərbaycanlı fəal Cəfər Rüstəmiradın azadlığa buraxılmasına mane olub

2021.10.20, 07:36
Məsullar azərbaycanlı fəal Cəfər Rüstəmiradın azadlığa buraxılmasına mane olub

Gunaz.tv

GünAz TV: 24 gün əvvəl Tehranda saxlanılan azərbaycanlı milli-mədəni fəal Cəfər Rüstəmiradın mülki vəsiqə qarşılığında azadlığa buraxılması təmin edilmir.

 

Bu barədə fəalın həyat yoldaşı Ziba Pilevər iyulun 24-də İnstaqram səhifəsində yaydığı məlumatda bildirib.

 

“Evin zindanının sorğulama mərkəzinin 7-ci şöbəsinin müstəntiqi müxtəlif bəhanələrlə təqdim olunan vəsiqələri qəbul etməyərək C.Rüstəmiradın azadlığa buraxılmasına mane oldu”- deyə xanım Ziba Pilevər bildirib.

 

Həmin şöbə bundan əvvəl fəalın azadlığa buraxılması üçün iki maaş qəbzi və 40 milyon tümənlik mülki vəsiqə tələb etmişdir.

 

Hazırda C.Rüstəmirad Evin Zindanının 209-cu korpusunun təknəfərlik kamerasında saxlanılır.

 

Əslən Ərdəbildən olan C.Rüstəmirad ürək xəstəliyindən  əziyyət çəkir. Z.Pilevərin açıqlamasına görə, bundan əvvəl “milli təhlükəsizliyi pozmağa cəhd göstərmək”də günahlandırılan fəalın ittihamı “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə əvəzlənib.

 

Xəbər verdiyimiz kimi, Z.Pilevər iyulun 10-da “Görüş vaxtı üçün müraciət” mövzusunda Evin zindanının təhlükəsizlik məsələləri üzrə sorğulama mərkəzinə məktub ünvanlayıb. O, həkimlərin yoldaşına ürək infarktı təhlükəsi ilə bağlı xəbərdarlıq etdiklərinə işarə edərək C.Rüstəmiradın səhhəti ilə bağlı nigaranlıq hissi keçirdiyini bildirib.

 

Z.Pilevər həmçinin hamilə olduğunu diqqətə çatdıraraq xəbərdarlıq edib ki, stress və nigaranlıq hissi keçirməsi körpəsinin həyatını təhlükə ilə üz-üzə qoyur.

 

C.Rüstəmirad Azərbaycan Mili Hərəkatının tanınmış fəallarından biridir. O iyulun 2-də, Babək qalası yürüşü ərəfəsində mülki geyimli şəxslər tərəfindən öz evində yaxalanıb.

 

C.Rüstəmirad Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə Təbriz, Əhər, Meşginşəhr (Xiyav), Ərdəbil və Astaranın təhlükəsizlik qüvvələri tərəfindən dəfələrlə saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar