SON XƏBƏRLƏR

Məsulların təhrik ilə Ərdəbil zindanında döyülən azərbaycanlı fəallar müxtəlif dərəcəli bədən xəsarəti alıblar

2021.10.20, 07:36
Məsulların təhrik ilə Ərdəbil zindanında döyülən azərbaycanlı fəallar müxtəlif dərəcəli bədən xəsarəti alıblar

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, iyulun 2-də təhlükəsizlik qüvvələri tərəfindən Ərdəbildə tutulan fəallardan bir neçəsi bu şəhərin həbsxanasına aparılıb.

 

Bəzi məlumatlara görə, Babək qalası yürüşü ərəfəsində tutulan fəallardan hazırda 12-i Ərdəbil zindanındadır.

 

Məlumata görə, fəallar planlı şəkildə qətl və ağır cinayətlərdə günahlandırılan məhbusların bölümünə aparılıb. Bundan sonra məhbuslarla fəallar arasında məqsədyönlü şəkildə planlaşdırılan dava baş tutub, zindan məsullarının təhriki ilə təşkil olunan qarşıdurmada azərbaycanlı fəallar müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

 

Bəzi mənbələr bildirir ki, fəallar qatillərlə eyni korpusda saxlandıqlarına etiraz etdikləri üçün onlarla məhbuslar arasında dava düşüb.

 

“Qarşıdurma zamanı Əli Vasiqinin baş nahiyyəsinə ağır zərbə endirilib. Gözündən xəsarət alan fəalın bir gözünün altı göyərib.

Əlbəyaxa dava zamanı Rəhim Qulamının dişi qırılıb və dodağı partlayıb.

Səid Sadiqifərin bir qabırğasının qırıldığı və bunun nəticəsində tənəffüs problemi ilə üzləşdiyi bildirilir.

Mehdi Huşmənd isə əl və ayaq nahiyyəsindən xəsarət alıb, o hazırda çətinliklə yeriyir”- deyə məlumatda bildirilir.

 

Ərdəbil zindanında döyülərək xəsarət alan fəallar, həmçinin onlarla birlikdə olan digər tutuqlu fəallar iyulun 2-də təhlükəsizlik qüvvələri tərəfindən Ərdəbildə saxlanılıb. Onların məhkəmə iclası iyunun 3-də Ərdəbil Məhkəməsinin 12-ci Şöbəsində keçirilib.

 

Hakim Seyfi, milli təhlükəsizlik və sistemə qarşı qrup yaratmaqda günahlandırdığı fəalların ittihamı sübuta yetirilmədən onları həbs etdirib. Məlumata görə, məhkəmə azərbaycanlı fəalların qrup yaratması və ya hər hansı qrupa üzv olması ilə bağlı heç bir qaneedici dəlil və sənəd göstərə bilməyib.

 

İranın təhlükəsizlik qüvvələri ənənəvi Babək qalası yürüşünə bir neçə gün qalmış milli-mədəni fəalların ev və ya iş yerlərinə hücum çəkərək onlardan ən azı 21-ni saxlayıb.

 

Fəallardan bəziləri ev və ya iş yerlərində olmadığı üçün təhlükəsizlik qüvvələri tərəfindən təqib olunur.

 

Bir neçə fəala isə zəng edilərək Babək qalası yürüşündə iştirak etməklə bağlı xəbərdarlıq edilib. Onlara bildirilib ki, mərasimə qatılacaqları təqdirdə təhlükəsiz qüvvələri tərəfindən saxlanılacaqlar.

 

Azərbaycanlı fəallar ənənəvi Babək qalası yürüşünün iyulun 5-i və 6-da keçiriləcəyinə qərar veriblər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar