SON XƏBƏRLƏR

Metyu Brayza: Prezidentlər razılaşmaq istəyirdi...

2021.10.20, 07:36
Metyu Brayza: Prezidentlər razılaşmaq istəyirdi...

Gunaz.tv
Metyu Brayza: Prezidentlər razılaşmaq istəyirdi... ABŞ Qarabağ danışıqlarında təşəbbüsü əldən vermək istəmir "Biz bu il baza prinsiplərinə dair razılığın əldə olunmasına nail ola bilərik. Əlbəttə, Ermənistanın yeni prezidenti və Azərbaycan prezidentinin bir-birinin mövqeyinə yaranmış inamı davam etdirməsindən çox şey asılı olacaq. Mən inanıram ki, onlar bunu edə biləcəklər. Biz baza prinsiplərinin müzakirəsi istiqamətində uzun yol gəlmişik və demək olar ki, bütün fikir ayrılığı, konseptual fikir ayrılığı qalmaqdadır ki, tərəflər onları həll etmək niyyətində olsalar, bunu edə bilərlər. Bu, qeyri-mümkün bir şey deyil". Bu sözləri ATƏT-in Minsk qrupunun həmsədri Metyu Brayza Azərbaycan və Ermənistan prezidentlərinin son görüşünü təsvir edərkən bildirib. Həmsdərlər dövlət başçıları arasındakı danışıqlardan məmnun qalıblar. "Prezidentlər bu il razılığın əldə olunmasını istəyirdilər" - deyə Brayza vurğulayıb. Onun sözlərinə görə, "danışıqlar Azərbaycandakı seçkilərə qədər" davam etdiriləcək. Həmsdərlər artıq dövlət başçılarından aldığı tövsiyələr əsasında baza prinsiplərinin üzərində işləməyə başlayıblar. Amma Brayzaya görə, "bu, ötən il Madriddə xarici işlər nazirləri vasitəsilə prezidentlərə çatdırılan prinsiplərdən mahiyyət etibarilə fərqlənməyəcək". Çünki onsuz da, tərəflərin bir neçə il müzakirə aparmasından sonra sənədin dəyişdirilməsinə ehtiyac yaranır: "Qarşıda münaqişə bölgəsinə növbəti səfərimiz gözlənilir. Biz Peterburqda prezidentlərin bu sənədə reaksiyalarını öyrəndik və onların hər birində sənədin dili ilə bağlı suallar var idi. Biz bunun hansı quruluşda olmasını müəyyən etmək və hər bir prezidentin onu düzgün anladığını təmin etməliydik. Buna görə də bəlkə əvvəlki sənəddə işlədilən varianta qayıda bilərik. Onu demək istəyirəm ki, burada tamamilə yeni prinsiplər, ya da sənəd olmayacaq. Biz hazırda masa üzərində olan sənədi yaxşılaşdırmalıyıq". Həmsədr konfidensiallığa uyğun olaraq, sülh detallarını gizlin saxlamağa çalışsa da, bir sıra məqamları "ağzından qaçırıb": "Mümkündür ki, yenə də bu baza prinsipləri əsasında erməni qüvvələrinin çıxması, azərbaycanlı məcburi köçkünlərin öz yerlərinə qayıtması, beynəlxalq sülhməramlıların yerləşdirilməsi, Ermənistan və Dağlıq Qarabağ arasında əlaqələr və Qarabağın statusu ilə bağlı mümkün səsverməni nəzərdə tutan razılıq əldə edilsin. Bütün bu ideyalar mövcuddur. Lakin bütün paket üzrə razılıq olmadan bu maddələr üzrə də heç bir razılıq əldə edilməyib. Başqa sözlə, paket üzrə razılıq olmalıdır. Buna görə mən indi bütün başqa addımlar atılmadan ermənilərin bu addımı atmağa hazır olduqlarını deyə bilmərəm. Lakin fikrimcə, bu razılıqlar paketi real görünür". Brayza bir daha bəyan edib ki, Azərbaycan müstəqilliyini qazanandan bəri onun ərazi bütövlüyün tanınması ABŞ-ın siyasətinin əsasını təşkil edir: "Amma biz onu da bilirik ki, ermənilər Dağlıq Qarabağın statusu məsələsinə aydınlıq gətirilməsini istəyirlər. Mənim və digər həmsədrlərin işi ondan ibarətdir ki, hər bir tərəfi kompromislərə razı salmaq yollarını tapaq. Burada o biri tərəfin istər Dağlıq Qarabağın statusu olsun, istərsə də Azərbaycanın ərazi bütövlüyü məsələsində narahatlığı nəzərə alınır. Çətini budur. Fikrimcə, biz bunu edə bilərik. Görüləsi iş hələ çoxdur". Yeri gəlmişkən, Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov vurğulayıb ki, "Praqa prosesi" çərçivəsində danışıqlar formatını qoruyub saxlamaq üçün həmsdərlər qarşılıqlı təmasları vacib sayırlar: "İndi hər bir şans mühümdür, çünki vaxt azalır və danışıqlar çətinləşib". Buna baxmayaraq, Merzlyakov həm prezident İlham Əliyevlə, həm də Serj Sərkisyanla məsləhətləşmələrini müsbət qiymətləndirir. Bir müddət sonra isə həmsədrlər yenidən birlikdə regiona səfər edəcək və "son müzakirə" aparacaqlar. Sonuncu dəfə vasitəçilər bölgədə fevral ayında olmuşdular. Maraqlıdır, danışıqlar bundan sonra hansı prinsiplər əsasında davam edəcək: Madrid prinsiplərindən Azərbaycan tərəfi hələ ötən ay imtina edib. Martın 14-də BMT-də "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnamənin qəbulundan sonra Azərbaycan tərəfi nizamlama prosesinin Bakının maraqlarına uyğun gəlmədiyini bəyan etmişdi. Xarici İşlər nazirinin müavini Araz Əzimov demişdi ki, həmsədrlərin indiyədək irəli sürdüyü təkliflər arasında nəinki Dağlıq Qarabağın gələcək statusu və Laçınla Kəlbəcərin qaytarılması, hətta azərbaycanlı qaçqınların işğal olunmuş ərazilərə dönüşü də əksini tapmayıb. Buna görə də Bakı sülh prosesinin "BMT sənədi" əsasında davamına təkid edirdi. Dünən "Ekspress"in sualına cavabda Əzimov deyib ki, Bakının mövqeyi dəyişməzdir: "Hazırda həmsədrlərin regiona səfəri məsələsi gündəmdədir. Ona görə də, nəyin necə baş verəcəyi, gələcək qərarlar barədə bəribaşdan fikir yürütmək çətindir. Biz gözləməliyik. Amma fikrimiz dəyişmir. Hesab edirik ki, BMT-də Azərbaycanın ərazi bütövlüyünü də nəzərdə tutan sənəd əsasında gələcəkdə Qarabağ probleminin həllində yeni həll modeli müəyyənləşəcək". Həmsədrlərlə yanaşı, Azərbaycan tərəfi yayda ATƏT-in texniki ekspert qrupunun da bölgəyə gəlməsini istərdi. Məqsəd Azərbaycanın işğal altındakı ərazilərində vəziyyəti araşdırmaqdır. Əzimov deyib ki, Bakı habelə Baş Assambleyada GUAM-ın irəli sürdüyü "Dondurulmuş münaqişələr" adlı təşəbbüsünə də siyasi əhəmiyyət verir və danışıqların da "GUAM prinsipləri" ilə davamına tərəfdardır: "Aydındır ki, BMT-də bu yöndə də müzakirələr üçün məlumat paketləri hazırlanacaq və yayılacaq, qətnamə layihəsi olacaq. Sonra bundan model baza kimi istifadə olunacaq". Brayzanın təbirincə, "danışıqları pozmaq Azərbaycan və Ermənistan rəhbərləri üçün faciəvi şəkildə əldən verilmiş şans olardı". Həmsədr diqqəti buna yönəldib ki, münaqişənin həlli regionda sabitliyi təmin edəcək və iqtisadi inkişaf üçün imkanlar açacaq. Ələkbər Raufoğlu EXPRESS

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar