SON XƏBƏRLƏR

Mevedevlə Sarkisyan arasında görüş olub

2021.10.20, 07:36
Mevedevlə Sarkisyan arasında görüş olub

Gunaz.tv

GünAzTv: Dünən Rusiya prezidenti Dmitri Medvedev Moskvada Ermənistan lideri Serj Sarkisyanla görüşüb.

Görüş zamanı prezidentlər Rusiyanın Qarabağ münaqişəsinin həllində vasitəçiliyinin uğurla başa çatacağına ümid etdiklərini bildiriblər.

GünAzTv mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, Bu arada Qarabağ mövzusunun bu gün Bakıda Rusiya və Azərbaycan liderlərinin görüşündə də müzakirə ediləcəyi bildirilir.

Müşahidəçilərə görə, Moskva ATƏT-in Astana sammitinə tərəfləri hazırlayır ki, burada müəyyən sənədlər imzalansın.

Serj Sarkisyanın Moskva səfəri barədə Rusiyada nə fikirləşirlər. Eldar İsmailzadə suallara cavab verir:

"Serj Sarkisyanın 2 günlük Moskva səfəri onun gündəliyinə baxsaq iki əsas mövzuya həsr olunub. Qarabağ münaqişəsinin nizamlanmasının müzakirəsi və Rusiyadakı erməni diasporunun vəziyyətinə. Prezident Dmitri Medvedevlə görüşündə Serj Sarkisyan Qarabağ danışıqlarında vasitəçiliyə görə, Rusiyaya öz minnətdarlığını bildirib və deyib ki, bu o bu vasitəçiliyin yaxınlarda müsbət nəticə verəcəyinə ümidvardı. Buna Rusiya prezidenti "biz də bunu çox istəyirik" deyib. Hələlik bu görüş haqda geniş məlumat verilmir, ancaq əksər müşahidəçilərə görə, bağlı qapılar arxasında iki prezidentin ilk növbədə məhz Qarabağ problemini təfsilatlarıyla müzakirə ediblər. Yeri gəlmişkən, eyni məsələ sabah prezident Medvedevin artıq Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı diqqət mərkəzində olacaq. Bu haqda Kremldəki mənbələr bildirirlər."

Sual: Son günlərdə Rusiya liderinin Qarabağla bağlı intensiv görüşlər keçirdiyi gözə çarpır. Özü də bu Həştərxan sammitindən ancaq 3 həftə keçmiş baş verir. Moskvada bu səylərin belə intensivləşməsi haqda nə deyirlər?

"Əksər şərhçilərə görə, Rusiya ATƏT-in Astana sammitinə qədər tərəfləri hansısa razılaşma imzlamağa dilə gətirmək istəyir. Bu sammitə artıq 2 həftə qalır və intensivləşməni də əsasən belə vaxt qıtlığıyla izah edirlər, ələxsus da Həştərxanda prezident Medvedev bildirmişdi ki, Astana sammitinə Qarabağla bağlı ümumi prinsiplərin uzlaşdırılmış variantına çıxmaq ümidi var. Hərçənd ki, əksər şərhçilərə görə, təməl prinsiplərini Astanaya kimi uzlaşdırmaq çətin olacaq və bunu görə Rusiya indi tərəfləri heç olmasa hansısa aralıq və məcburedici xarakter daşımayan sənədi imzalamağa sövq etmək istəyir. "

Sual: Hətta belə sənədin imzalanmasının nə qədər mümkün olması və ümumən Rusiyaya bunun nəyə görə lazım olması haqda nə deyilir?

"Tərəflər özləri danışıqlarda maraqlıdırlar və müşahidəçilərə görə, Moskvanın təkidiylə hansısa aralıq və məcburedici olmayan sənəd imzalana bilər. Moskva isə bununla ona göstərə bilər ki, o vasitəçi kimi səmərəli iş aparır, yəni bu vasitəçiliyin az da olsa, artıq kağıza qoyula biləcək nəticələri var. Təməl prinsiplərinə qaldıqda isə burada əhəmiyyətli fikir ayrılığı qalmaqdadır. Məsələn, Moskvada erməni diasporuyla görüşündə Serj Sarkisyan deyib ki, Azərbaycan Qarabağın öz müqəddaratını təyin etməsinin tanınmasına alternativin olmamasını qəbul etsə danışıqlar tezliklə bitər. Aydındır ki, bu işdə Bakının mövqey tam əksdir. Azərbaycan öz ərazi bütövlüyünü tələb edir. "

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar