SON XƏBƏRLƏR

MİLLİ QÜVVƏLƏR ZƏİFLƏDİKCƏ AKP İQTİDARININ ERMƏNİSTANLA MÜNASİBƏTLƏRİ DAHA DA YAXINLAŞACAQ

2021.10.20, 07:36
MİLLİ QÜVVƏLƏR ZƏİFLƏDİKCƏ AKP İQTİDARININ ERMƏNİSTANLA MÜNASİBƏTLƏRİ DAHA DA YAXINLAŞACAQ

Gunaz.tv
MİLLİ QÜVVƏLƏR ZƏİFLƏDİKCƏ AKP İQTİDARININ ERMƏNİSTANLA MÜNASİBƏTLƏRİ DAHA DA YAXINLAŞACAQ niyazqaraoyneli1.jpg Niyaz QARAÖYNƏLİ «İnkişafa Baxış» Araşdırmalar Mərkəzinin sədri Türkiyə-Ermənistan münasibətləri ölkələr arasında hər hansı rəsmi diplomatik əlaqənin olmaması ilə seçilir. Lakin ölkələrin bir-birindən tam təcrid halında yaşadığını söyləmək qeyri-mümkündür. Münasibətlər həftədə iki dəfə gerçəkləşdirilən İstanbul-İrəvan hava yolu əlaqəsi, ölkəyə axışan erməni «məkik ticarəti», Türkiyədə yaşayan və son dövrlər erməni diasporunun xaricdən intensiv basqısı müqabilində nisbətən fərqli yol seçən erməni icmasının və kilsəsinin, rəsmi Ankaranı Avropa Birliyi hədəfi yolunda güzəştlərə məcbur etməyə çalışan digər güclərin təsiri altındadır. Əlaqələrin mahiyyəti Türkiyə dövlət aparatında da möhkəmlənmiş güclərin dəstəyi ilə yaxınlaşma meyillərini göstərir. Bu məqsədlə maraqlı qüvvələr əhali arasında əlaqələrin iqtisadi yönünü şişirdərək xüsusilə sərhəd bölgələrində turizm və investisiya axınının olması ilə bağlı vədlər verməkdədirlər. Münasibətlərin daha bir maraqlı tərəfi Ermənistanın rəsmi şəkildə Türkiyəyə torpaq iddiası irəli sürməsinə baxmayaraq sonuncunun dövlət rəsmilərinin yaxınlaşma niyyətlərini daha açıq şəkildə sərgiləməsidir. Bu ilin fevralında Ermənistanda prezident seçkilərində baş vermiş qanun pozuntuları fonunda 20 nəfərin ölümü ilə nəticələnən qanlı hadisələrə baxmayaraq Türkiyə prezidenti Abdulla Gülün Serj Sərkisyanı təbrik edənlər arasında birincilərdən olması da təsadüfi sayılmamalıdır. Türkiyə hər dəfə özünün Ermənistanla münasibətlərinin normallaşması üçün şərtlərdən birinin Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən çəkilməsi olduğunu göstərsə də, bu münasibətlərdə erməni lobbisinin qondarma «soyqırımı»nı alət edərək Türkiyə əleyhinə total təzyiqinin, Avropa Birliyi ölkələrinin rəsmi Ankaranı birliyə üzv olması üçün Ermənistanla sərhədləri açmasını əsas şərtlərdən biri kimi irəli sürməsinin daha ağırlıqlı önəm daşıdığı müşahidə olunur. Avropa Birliyinə üzv olmaq yolunda Türkiyə qarşısında qoyulmuş «Kopenhagen meyarları» istiqamətində Ankaranın qəbul etdiyi 20 fevral 2008-ci il tarixli «Vakıflar yasası»na (Fondlar haqqında qanun) əsasən, ölkədə dini və milli azlıqlara mülklər əldə etmək, torpaq sahələri almaq və satmaq hüquqlarının verilməsi başqa azlıqlar kimi ermənilərə də torpaq sahələri əldə etmək üçün imkanlar yaradır. Bu qanun erməni diasporunun əvvəllər də qurduğu planları üzrə ermənilərə Türkiyədə Ermənistanla sərhəd bölgələrdə geniş ərazilərə sahib olmaq imkanları yaradır. Ankarının Ermənistanla təmaslarının rəsmi səviyyədə davam etməsi ilə yanaşı ictimai fikirdə bu ideyanın irəlilədilməsinə təşəbbüslər də ardıcıl və sistematik xarakter daşıyır. Belə ki, bu səylərin Türk-Erməni İş Şurası (ingiliscə – TABDC (Turkish-Armenian Business Development Council) tərəfindən aktiv şəkildə sürdürülməsi türk dövlət strukturlarının Ermənistanla apardığı danışıqlarla müşayiət olunur. Sözügedən Şura 3 may 1997-ci ildə Türkiyə və Ermənistanın dövlət və iş adamlarının iştirakı ilə İstanbul və İrəvanda təsis edilib. Quruma rəhbərliyi Türkiyə tərəfdən Kaan Soyak adlı şəxs, ermənilər tərəfdən isə Arsen Qazaryan yürüdürlər. Kaan Soyakın eyni zamanda Rotari Klubunun üzvü olduğu, Türkiyənin Qara dəniz sahili bölgəsində yaşayan, şərq hemşinliləri kimi tanınan və erməni olduqları, ermənicə danışdıqları göstərilən bir toplumun içindən çıxdığı vurğulanır. Bu qurum dövri olaraq ayrı-ayrı yerlərdə görüşlər keçirərək türk ictimaiyyətində Türkiyə-Ermənistan sərhədlərinin açılmasından ölkə iqtisadiyyatının böyük gəlirlər əldə edəcəyini vurğulayır. Kaan Soyak turizmdən yüz milyon dollarlarla ölçülən gəlir əldə etmək potensialını Türkiyənin şərqinə yüz minlərlə erməni turistinin gələcəyi ilə izah edir. Ermənistanın bugünkü ağır iqtisadi və sosial durumu fonunda bu iddialar, təbii ki, inandırıcı görünmür. Türkiyəli ekspertlər isə sərhədlərin açılmasının siyasi və iqtisadi baxımdan Ermənistan üçün faydalı hesab etsələr də, bunun Türkiyə üçün iqtisadi maraq kəsb etməyəcəyi, əksinə ölkəyə qarşı təxribat-pozuculuq aksiyalarının daha genişlənəcəyi fikrini irəli sürürlər. Şuranın Avropada da strukturları fəaliyyət göstərir. Üzdə Türkiyənin Avropa Birliyinə daxil olmasında lobbiçilik etdiyini bildirsə də, əslində inteqrasiya proseslərini Türkiyənin Ermənistanla sərhədləri açmasından birbaşa asılı vəziyyətdə olduğu fikrini aşılamaqla məşğuldur. Eyni zamanda qurum erməni diasporunu daim Türkiyə ilə əlaqələrin tərəfi kimi irəli sürür. Türk-Erməni İş Şurasının gördüyü işlər arasında Ermənistan və Türkiyəyə biznes səyahətlərinin, mədəni və akademik mübadilə proqramlarının, iki ölkə arasında sərhədlərin açılması üçün lobbiçilik fəaliyyətinin həyata keçirildiyi müşahidə olunur. Təşkilatın çox aktiv bir biçimdə Anadolunun fərqli mədəniyyətlərdən formalaşdığını vurğulamaqla Türkiyə adının Ermənistanla yanaşı çəkilməsindən yayındığı nəzərə çarpır. Yəni Türkiyə əvəzinə əksər hallarda Anadolu sözü işlədilir. Bu hal digər separatçı qruplar üçün də spesifikdir. Hətta türk roku və ya folklorunun adını çəkmədən, bunları hansısa bir Anadolu hadisəsi kimi qələmə verməklə türk varlığını etnik qruplardan biri kimi qələmə verməyə çalışırlar. Qrup erməni diasporu ilə çox sıx əlaqələrə malikdir və bu əlaqələri guya ölkələr arasındakı münasibətlərdə gərginliyin azaldılmasına sərf etdiyini açıqlayır. Şuranın əksər erməni üzvləri Amerika Erməniləri Şurasının üzvüdürlər. Əsas antitürk fəaliyyətinin qızışdırıcısı və icraçısı olan bu qurumun Türkiyəyə münasibətdə hansı konstruktiv mövqe ortaya qoyacağı, təbii ki, gerçək niyyətlərin nədən ibarət olduğu suallarını doğurur. Erməni diasporu total şəkildə Türkiyə əleyhinə qondarma «soyqırımı» bəhanəsi altında dünya çapında təbliğat və kampaniyalar aparmaqla müəyyən nəticələrə də nail olub. İlk baxışda guya hansısa «tarixi ədalətin bərpası»na səylər kimi qələmə verilən bu addımlar əslində türk dövlətinin daxili və xarici siyasət kursuna əsaslı təsir göstərmək məqsədi daşıyır. Burada məqsəd ilk növbədə Türkiyənin Ermənistanla sərhədlərinin açılmasına nail olmaqdır. Yəni diplomatik baxımdan hər hansı bir rəsmi təmas və qarşılıqlı mübadilə baş verməsə belə, müəyyən formatlar çərçivəsində sərhədboyu əlaqələrə nail olunsun, Ermənistan iqtisadi baxımdan təkcə İrana deyil, Türkiyə bazarına da çıxış əldə etmiş olsun. Erməni lobbisinin Bakı-Tbilisi-Qars dəmiryolu xətti layihəsinə qarşı apardığı kampaniya da əslində Qarsla bağlı planlarının pozulması ilə əlaqədar olub. Yürüdülən hərəkət xəttinə əsasən, Qarsın guya iqtisadi inkişafının ermənilərlə sərhədlərin açılmasından asılı olduğu fikri ölkə daxilində ermənipərəst dairələr, xüsusilə Qars bələdiyyəsi başqanı Naif Əlibəyoğlu tərəfindən təlqin edilir, xaricdən isə Bakı-Qars dəmiryolunun həyata keçirilməsi əngəllənməklə sərhədləri açma planının gerçəkləşdirilməsi üçün əsas yaradılır. Türkiyənin hazırkı mərhələdə xarici siyasətində ən çox qarşılaşdığı problem onun Avropa Birliyi idealının ölkənin daxili və xarici siyasət kursunda köklü dəyişikliklər etmə tələbləri ilə uyğun olub-olmamasında özünü göstərir. Bu baxımdan ermənilərin əsas məqsədinin qondarma «soyqırımı» kampaniyaları ilə paralel olaraq Avropa Birliyinin tələblərinə əsasən Ermənistanla sərhədlərin açılması olduğu müşahidə edilir. Yaranmış şəraitin təhlili hazırkı Türkiyə iqtidarının AB-nin tələbləri istiqamətində hər hansı bir islahatdan çəkinmədiyi kimi xarici siyasətdə də bütün maneələri aşacağında qərarlı olduğunu göstərir. Şimali Kipr Türk Respublikasında qurucu prezident Rauf Denktaşın AKP-dən də verilən dəstək və adada formalaşdırılmış ictimai fikirlə hakimiyyətdən kənarlaşdırılmasından sonra gedilən güzəştlər bu kursun bariz nümunəsidir. Belə ki, mövcud iqtidar adada türk dövlət strukturlarının ləğv edilərək “Annan planı” əsasında vahid dövlət çətiri altında birləşdirilməsinə razılıq verib və bu xətti rəsmi şəkildə dəstəkləyib. Bu ilin iyul ayında adanın iki icmasının rəhbəri görüş keçirib. Görüşün nəticələrini açıqlayan BMT təmsilçiləri hər iki tərəfin vahid suverenlik və vahid vətəndaşlıq planını qəbul etdiklərini bildirmişlər. Bu hal iqtidarın Türkiyənin adadan çəkilməsinə və ölkənin AB-yə qoşulmaq adı altında hər bir güzəştə gedəcəyinə hazır olduğuna dəlalət edir. Həmin məntiq ermənilərlə münasibətlərdə də güzəştlərə gediləcəyinin mümkünlüyü ehtimalını gücləndirir. Bu güzəştlərin açıq şəkildə Ermənistanla səfirlik səviyyəsində diplomatik münasibətlər formasında almasa da, qarşılıqlı əlaqələrin intensivliyinin artacağı, Türkiyədə ermənilərlə bağlı müsbət ictimai fikrin formalaşdırılması, əhalinin iqtisadi planda faydalar əldə edəcəyinə əsaslanaraq bu münasibətlərə pozitiv yanaşmasının təmin olunmasına səylər göstəriləcəyi mümkündür. Türkiyənin Ermənistanla rəsmi təmasları əvvəllər də həyata keçirilmiş, bu danışıqlarda bir sıra hallarda Türkiyənin Azərbaycandakı keçmiş səfiri Qədri Ecvet Tezcanın da adı hallandırılıb (Hazırkı danışıqlarda da Türkiyə nümayəndə heyətinə Türkiyənin Azərbaycandakı keçmiş səfiri Əhməd Ünal Çeviköz baçşılıq edir). Bu təmasların aparılmasında məqsədin iki ölkə arasında münasibətlərin normallaşdırılması olduğu göstərilir. Bu baxımdan ölkələrin bir-birlərinə qarşı mövqelərindən geri çəkilməsi məntiqi olaraq normallaşmanın əsas şərti kimi gözdən keçirilir. Bu yolda Türkiyənin güzəştlərinin ermənilər üçün sərhədlərin açılması olacağı halda ermənilərin Türkiyəyə qarşı apardığı lobbiçilik fəaliyyətinin ən azından zəiflədilməsinə nail olunması mümkün ortaq məxrəc kimi ehtimal olunur. Lakin bütün hallarda ermənilər yürütdükləri aqressiv işğal siyasətinin nəticəsi olan bugünkü təcrid edilmə siyasətini aşma və Türkiyə ilə münasibətlər qurmaqla üstünlük qazanmış olacaqlar. Türkiyənin xarici siyasəti bütün yönləri ilə hazırkı iqtidarın ümumi siyasətinin tərkib hissəsidir. AKP iqtidara gəldikdən sonra xarici siyasətdə götürülən kursda Ankaranın Qafqaz və Orta Asiya istiqamətində ciddi bir irəliləyiş və ya təşəbbüs nəzərə çarpmır. Bu istiqamətdə ümumi protokol xarakterli səfərlərdən irəli gedilmir. Bu cizginin əsas yönünü daxildə dövlət aparatının mahiyyətini öz niyyətlərini gerçəkləşdirmək üçün dəyişmək planları təşkil edir. Yəni ordunu dövlət siyasətindən uzaqlaşdırmaqla bağlı Avropa qurumlarının da dəstəklədiyi bu yol ölkədə millətçi siyasi qüvvələrin zərərsizləşdirməsi ilə yanaşı gedir. Bu baxımdan istər Kiprin taleyinin bəlirlənməsindəki təslimçilik mövqeyi, istərsə də ermənilərə (burada yalnız Ermənistan nəzərdə tutulmur, Türkiyə-Ermənistan münasibətlərinin əsas tərəflərindən biri olan diaspora da əhatə olunur) münasibətdə isti münasibətlərə meyillər ölkənin dövlət idarəçiliyindəki milli maraqlara baxışın məzmunun dəyişdirilməsi ilə bağlıdır. Bu səmtdəyişdirmə ümumilikdə Türkiyəyə “Yeni Dünya Düzəni”ndə indikindən daha fərqli bir mövqenin hazırlanmasından irəli gəlir. Təsadüfi deyil ki, son illərdə Türkiyə Cümhuriyyətinin xarici işlər nazirlərinin, demək olar ki, hamısı, o cümlədən İsmayıl Cem, Hikmət Çətin, Abdulla Gül, Əli Babacan dünya üçün yeni düzəni planlaşdırdığı və gerçəkləşdirdiyi iddia edilən “Bilderberq Qrupu”nun toplantılarının Türkiyədən olan digər nüfuzlu dövlət, siyasət, biznes və media nümayəndələri ilə birgə iştirakçısıdır. Məlumat üçün qeyd edək ki, bu qrupu 1954-cü ildə Hollandiya şahzadəsi Bernhard və Polşada anadan omuş, Hollandiya kral ailəsinin qohumu, keçmiş nasist Yozef Hieronim Retinger təsis edib. Hər il keçirilən toplantıların tarixi, yeri və iştirakçıları bəlli olsa da müzakirə edilən məsələlər gizli saxlanılır (adətən yığıncaqların mühafizəsini hərbi kəşfiyyat qurumları gerçəkləşdirir). Qrupun üzvləri arasında Türkiyədən olan Rahmi Koç, Aydın Doğan, AKP-li Egemen Bağış, Kamal Dərviş və digərləri ilə yanaşı, Bill Klinton, Toni Bler, Qordon Braun, erməni əsilli Patrik Deveciyan, Pol Vulfoviç və digər nüfuzlu şəxslərin adları keçir. Bu toplantılarda dünya siyasətinin əsas iştirakçıları prosesləri qiymətləndirir və icra üçün yeni perspektiv və cari planlar irəli sürülür. Dövlət xadimlərinin malik olduqları mövqeləri demokratik institutlar vasitəsilə əldə etmələrinə baxmayaraq bu səlahiyyətlərini gizli şəkildə hansısa məqsədlərə sərf etmələri onların millətin maraqlarından fərqli hədəflərə xidmət etmələrinə dair ehtimalları gücləndirir. İndi Türkiyədə olan mənzərə belə bir qənaəti gücləndirir ki, ölkə Atatürk tərəfindən müəyyənləşdirilmiş prinsiplərdən uzaqlaşdırılır, bunun üçün “mötədil islamçı” təbəqədən örtük qismində istifadə edilir, ortaya “ikinci respublika” ideyası atılır. Əslində isə dövlət öz potensialından məhrum edilir. Məhz bu siyasətin gerçəkləşdirilməsi üçün AKP hakimiyyətdədir və ulusalçı-millətçi qüvvələr, ordu və Atatürkçü güclər isə onun qurduğu dövlətdə müxalifət mövqeyinə endirilib. Ermənistanla yaxınlaşma istiqamətində Türkiyədə göstərilən son təşəbbüslər də həmin siyasətin məntiqi nəticəsidir. Daxildə milli qüvvələrin mövqeyi zəiflədikcə AKP iqtidarının Ermənistanla münasibətlərinin daha da yaxınlaşacağı gözləniləndir. Bu münasibətlərdə AKP iqtidarı tərəfindən Azərbaycanın mövqeyinin nəzərə alınması isə daha çox iqtisadi amillər, bundan əlavə Türkiyə ictimai fikrinin məsələ ilə bağlı göstərdiyi təpki, eləcə də dövlət idarə edilməsində ordu və digər milli güclərin potensialının hələ tükənməmiş olmasından irəli gəlir. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar