SON XƏBƏRLƏR

Nəmində ekoloji problemlər əhalinin narazılığına səbəb olub

2021.12.30, 13:36
Nəmində ekoloji problemlər əhalinin narazılığına səbəb olub

Gunaz.tv

Şəhərin bir neçə kilometrliyində ətraf mühiti və suyu çirkləndirən müəssisələrin fəaliyyəti bölgə əhalisini və ətraf mühit  fəallarını narahat etsə də, onların etirazlarına əhəmiyyət verilmir.

Bölgənin ətraf mühit fəallarından olan Məhəmməd Bərzgər yaşayış yerlərinin yaxınlığında və təyin olunmuş ərazidən qıraqda fəaliyyət göstərən müəssisələrin əhalinin həyatı və sağlamlığına ziyan vurduğunu deyir.

O, deyib ki, sözügedən müəssisələrinin standartlara uyğun olmayan fəaliyyəti ətraf mühitin məhv olmasına, bitki örtüyünün sıradan çıxmasına səbəb olur.

“Neft-kimya zavodun məhsullarının tullantıları ətraf mühitə ciddi ziyan vurur, Namin şəhərinin suyun keyfiyyətinə mənfi təsir göstərir.

Onsuz da quraqlıq və su böhranı ilə üz-üzə qalan Nəmin bölgəsində ətrafı, su qaynaqlarını çirkləndirən və çox su istifadə edən müəssisələrin salınması yersiz idi.

Bölgənin əsas su qaynaqlarından olan Qaracınaq mineral su bulağından sənaye müəssisələrində istifadə olunur. Buna dünyanın heç bir yerində rast gəlmək olmaz”-deyə, Bərzgər bildirib.

Başqa ətraf mühit fəalı Siyamək İttəhad isə fəaliyyət göstərən müəssisələrin bölgə şərayitinə uyğun olmadığını, ətraf mühitin məhvi ilə yanaşı Nəmindən əhalinin icbari köçünə səbəb olduğunu qeyd edib.
Məsələyə münasibət bildirən Ərdəbil əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin başçısı Səid Şəhənd, qeyd olunan müəssisələrin icazəli fəaliyyət göstərdiyini deyib. 

“Nəmin Neft-Kimya Zavodu Ekologiya Departamentinin kriteriyalarına uyğun olaraq təsis icazəsini alıb. Fəaliyyətlərinin qaydalara uyğun olub-olmaması ilə bağlı yenidən lazımi yoxlamalar aparacağıq”-deyə, bildirib.

Qeyd edək ki, yerli əhali və ətraf mühit fəalları Nəmin şəhərinin yaxınlığında fəaliyyət göstərən və əhali üçün baş ağrısına çevrilən müəssisələrin qurulması və qaydasız fəaliyyətlərinə icazə verilməsini, bəzi dövlət idarələrinin Ətraf Mühitin Mühafizəsi İdarəsinə təzyiqləri nəticəsində baş tutduğunu deyirlər.

Səid Şəhənd isə “İdarəmiz müəssisələrin qurulması və fəaliyyəti ilə bağlı həe hansı dövlət qurumu və şəxsin təzyiqinin rolu olmayıb”-deyə, Neft-Kimiya və başqa müəssisələrin qeyri-standart fəaliyyətləri ilə bağlı bir sıra dövlət qurumlarının Ətraf mühitin Mühafizəsi İdarəsinə təzyiq göstərmələri ilə bağlı gəzən söz-söhbətlərə cavab verib.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar