SON XƏBƏRLƏR

MİNSK QRUPU YENİDƏN BAKININ HƏDƏFİNDƏ!

2021.10.20, 07:36
MİNSK QRUPU YENİDƏN BAKININ HƏDƏFİNDƏ!

Gunaz.tv
MİNSK QRUPU YENİDƏN BAKININ HƏDƏFİNDƏ! Azərbaycan həmsədrlərin fəaliyyəti ilə bağlı ATƏT-ə yeni sorğu göndərməyə hazırlaşır. Yaxın günlərdə Bakı vasitəçiləri imtahana çəkəcək C.MƏMMƏDOV Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupu həmsədrlərinin dəyişdirilməsi prosesini öyrənmək üçün ATƏT-ə yeni sorğu göndərməyə hazırlaşır. Sorğu gələn həftə hazır olacaq və avqustun birinci ongünlüyündə ATƏT-ə göndəriləcək. Bu barədə "Ayna"ya diplomatik mənbələrdən xəbər verilib. Bakı Minsk qrupunun Azərbaycanın ərazi bütövlüyünə yönəlik fəaliyyətindən narazı qalmaqda davam edir. Xatırladaq ki, Azərbaycan həmsədr ölkələrin (Rusiya, Fransa, ABŞ) mövqeyindən narazı olduğundan bu ilin əvvəlində həmsədrlərin dəyişdirilməsi prosedurunu öyrənmək üçün ATƏT-ə sorğu göndərib. Azərbaycanın ATƏT-dəki nümayəndəsi Fuad İsmayılov bu yaxınlarda KİV-ə açıqlamasında bildirmişdi ki, hazırda Azərbaycan tərəfi ATƏT-in cavabını öyrənir və bundan nəticə çıxarılacaq: "Bundan sonra bəzi prosedurları yenidən, daha dəqiq müəyyənləşdirmək üçün ATƏT-ə yeni sorğu göndərilə bilər". Rəsmi dairələr bəyan edirlər ki, Azərbaycanın sorğu ilə ATƏT-ə müraciət etməsində məqsəd dərhal Minsk qrupu həmsədrlərini və ya ölkələri dəyişmək deyil. Eyni zamanda, Minsk qrupunun həmsədr institutuna yeni diplomatların və ya ölkələrin cəlb olunması qarşıya məqsəd qoyulmayıb. Rəsmilər bildirirlər ki, Azərbaycan təkcə həmsədrlər və bu ölkələri təmsil edən diplomatlardan deyil, ümumilikdə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində irəliləyişin və inkişafın olmamasından narazıdır. "Biz istəyirik ki, münaqişə mümkün qədər tez həll olunsun, Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin və bununla bağlı rəsmi Bakının mövqeyi nəzərə alınsın", - deyə F.İsmayılov bildirmişdi. İndi rəsmi Bakı Minsk qrupu həmsədrlərindən Ermənistana təzyiq göstərməyi və təkliflər layihəsinə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məsələsinin daxil edilməsini tələb edir. İndi rəsmi Bakı həmsədrlərdən yeni təkliflər gözləyir. Həmin təkliflərdə Azərbaycanın maraqlarının əks olunacağına ümid edilir. "Ayna"ya verilən məlumatlara görə, həmsədrlərin fəaliyyəti ilə bağlı məsələyə onlarla növbəti görüş zamanı toxunulacaq. Belə ki, iyulun 31-də ATƏT-in Minsk qrupunun həmsədrləri Moskvada əvvəlcə öz aralarında, daha sonra isə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüş keçirmək niyyətindədirlər. Bu barədə APA-ya Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza məlumat verib. O, həmsədrlərin avqustun 1-də nazirlər Elmar Məmmədyarov və Edvard Nalbandyanla birgə görüş keçirməyi planlaşdırdıqlarını söyləyib. Bununla yanaşı, M.Brayza tarixlərin hələ qətiləşmədiyini də əlavə edib. Azərbaycan Xarici İşlər Nazirliyi də belə bir görüşün baş tuta biləcəyini istisna etməyib. Məlumatlara görə, Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndələri ATƏT-in Minsk qrupunun vasitəçiləri ilə qarşıda gözlənilən görüş zamanı onların Qarabağ münaqişəsinin nizamlanmasında tutduqları mövqe ilə bağlı müzakirələr aparacaqlar. Bu görüş zamanı Bakı bir növ vasitəçiləri imtahana çəkəcək. Bu müzakirələrin nəticəsi Bakının ATƏT-ə göndərməyə hazırlaşdığı sorğuya əlavə edilə bilər... ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar