SON XƏBƏRLƏR

Möhsün Rzayi: “Amerikanın regiondakı hərbi bazalarını hədəfə alacağıq”

2021.10.20, 07:36
Möhsün Rzayi: “Amerikanın regiondakı hərbi bazalarını hədəfə alacağıq”

Gunaz.tv

GünazTV: İranda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun katibi Möhsün Rzayi aprelin 30-da “Əlcəzirə” telekanalına müsahibəsində Amerikanın regiondakı hərbi qüvvələrinə qarşı təhdid dolu bəyanatlar səsləndirib.

 

ABŞ prezidenti Donald Trampın bir həftə əvvəl körfəzdə bu ölkənin hərbi gəmilərinə qarşı təxribat törətmək istəyən “Sepah” qayıqlarına atəş açmaq əmri verməsinə toxunan Möhsün Rzayi deyib ki, Trampın bu təhdidi  daha çox şou və təbliğat xarakteri daşıyır: “Amerikanın regiondakı hərbi bazaları bizim nəzarətimiz altındadır. Əgər bizim milli təhlükəsizliyimiz təhdid olunsa, onların hərbi bazalarını hədəfə alacaq, raketlərimizlə vuracağıq.

 

Biz heç vaxt Amerika ilə hər hansı bir savaşı başlayan tərf olmayacağıq. Lakin Vaşinqtonun İrana qarşı başladacağı hər hansı bir mümkün müharibənin sonu da bizim qərarımızla təyin ediləcək.

 

İrana silah-sursat satışına qoyulan qadağa və sanksiyanın vaxtı tezliklə, yəni oktyabr ayında başa çatacaq və həmin müddət başa çatandan sonra artıq heç kəs bizim beynəlxalq bazarlardan silah-sursat almağımızın qarşısını ala bilməyəcək” -deyə, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun katibi Möhsün Rzayi əlavə edib.

 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp aprelin 22-də ölkəsinin Hərbi Dəniz Qüvvələrinə İran qayıqlarına atəş açmaq göstərişi verdiyini deyib.

 

O, "Twitter" hesabında yazdığı statusda qeyd edib ki, Hərbi Dəniz Qüvvələrinə körfəzdə Amerika gəmilərinə qarşı təxribat törədən İran qayıqlarına atəş açaraq onları məhv etmək icazəsi verib.

 

Xatırladaq ki, iki həftə əvvəl "Sepah" terror təşkilatına məxsus sürət qayıqları körfəzdə ABŞ hərbi gəmilərinin ətrafında təhlükəli manevrlər etmişdilər.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar