Martın 1-də İranın Qum şəhərində Dağlıq Qarabağın işğaldan azad olunması münasibətilə toplantı keçirilib.
Gunaz.tv
Toplantıya, İranın bir sıra yüksək vəzifəli rəsmiləri, o cümlədən də Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun katibi Möhsün Rzayi, İran xarici işlər nazirinin müavini Abbas Əraqçi, İranın Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi, Qum Elmiyyə Hövzəsinin bir sıra ruhaniləri, eləcə də Azərbaycan Respublikasının Tehrandakı səfiri Bünyad Hüseynov qatılıb.
“Beynəlxalq Qarabağ Konfransı 17 rəbiül-əvvəl. Dağlıq Qarabağ haqqında ən yüksək səviyyəli dialoq” mövzusunda keçirilən toplantıda Dağlıq Qarabağla bağlı müxtəlif çıxışlar edilib və müxtəlif fikirlər səsləndirilib. Mövzu ilə bağlı çıxış edənlərdən biri də “Sepah” terror təşkilatının keçmiş komandanı, hazırda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun katibi vəzifəsində çalışan Möhsün Rzayi olub.
Həmişə anti-Azərbaycan mövqeyi və Azərbaycan Respublikasına qarşı açıq-aşkar qərəzli fikir və yanaşmaları ilə tanınan Möhsün Rzayi, İran Xarici İşlər Nazirliyinin bu günə qədər Azərbaycan Respublikasına qarşı siyasətini tənqid edərək, bu dəfə Azərbaycanın daxili işinə qarışaraq, Azərbaycan Respublikasının milli hakimiyyətinə qarşı ziddiyyətli fikirlər səsləndirilib.
Öz çıxışında həm də İsrailə qarşı bəyanatlar səsləndirən Möhsün Rzayi deyib ki, “İran Dağlıq Qarabağa girməli, onun yenidənqurma işində rol oynamalı, atəşkəs komitəsində iştirak etməli və Laçın koridoruna nəzarət işini öz əlinə almalıdır”:
“Bu gün Azərbaycan məsələsi bizim üçün təkcə qonşuluq məsələsi deyil. Biz iki ölkədə yaşayan bir millətik və Azərbaycan bizim bir çox digər qonşularımızdan fərqlidir. Biz ortaq tarixi xüsusiyyətlərlə yanaşı, eyni mədəniyyətə və məzhəbə malik bir millətik. Hesab edirəm ki, İran İslam Respublikasının bu günə qədər yürütdüyü ən böyük səhvlərindən biri Azərbaycanı özü üçün qonşu ölkə saymasıdır. Halbuki bizim millət Azərbaycanın rus çarlarının əlindən azad olunması uğrunda minlərlə şəhid verib. Belə ki, Bakı qəbiristanlığında İranın bütün əyalətlərindən olan igidlər yatıb. Elə igidlər ki, Azərbaycan uğrunda fədakarlıq etdikləri ilə fəxr ediblər.
İran Azərbaycanın azad olması üçün bir neçə dəfə cəhd edib. Belə olan halda Azərbaycanı digər ölkələrlə necə müqayisə edə bilərik. Hesab edirəm ki, nəzərə alınması vacib olan ilk məsələ də budur. Çünki İran milləti son 200 ildə həmişə islam dünyasının bir parçası olan Azərbaycana həstət gözü ilə baxıb.
Biz, Sovet İttifaqının dağılmasının ardınca Azərbaycanın öz müstəqilliyinə qovuşmasını İranda bayram etdik və bu müstəqilliyi Allahln bir neməti kimi saydıq. Biz, bütün var gücümüzlə Azərbaycanın köməyinə getdik və Azərbaycana quruculuq işlərinin aparılmasından tutmuş Azərbaycan Ordusunun təcavüzkarlar qarşısında özünü toparlaması üçün yardım göstərdik.
Lakin təəssüflər olsun ki, Ermənistan hökuməti Dağlıq Qarabağ ermənilərinə dəstək bəhanəsi ilə sərhədi pozaraq Azərbaycan ərazisinə keçdi. Vaxtilə Ermənistanı Azərbaycana qarşı təhrik edənlər bu gün Azərbaycanın himayədarı adı altında Dağlıq Qarabağa qoşun yeridiblər. Axı bu necə “azad etmə”dir. Hesab edirik ki, bütün ərazilər işğaldan azad olunmalı və Azərbaycana qaytarılmalıdır. Heç bir ölkənin də bu ərazilərdə fəaliyyət göstərməyə ixtiyarı olmamalıdır.
İran İslam Respublikası Ermənistanın Azərbaycana qarşı başlatdığı nahaq savaşının elə ilk günündən Dağlıq Qarabağa dəstək verdi. Lakin Heydər Əliyevdən sonra bəzi gizli əllər bizim bu qardaşlıq münasibətlərimizə xələl gətirdi.
Bu gün bəzi ölkələr Dağlıq Qarabağa daxil olublar. Lakin İranın atəşkəs komitəsində iştirak etməsinin qarşısını alıblar. İsrailin bu regiona gəlməsinə, onun özü üçün keçid məntəqələri yaradıb əkin sahələrini ələ keçirməsinə imkan verilməməlidir.
Hesab edirəm ki, İran Dağlıq Qarabağa girməli, onun yenidənqurma işində rol oynamalı, atəşkəs komitəsində iştirak etməli və yaradılmış koridorlara nəzarəti öz əlinə almalıdır. Həm də muxtar Dağlıq Qarabağ Azərbaycana məxsus olmalı, bütün digər ölkələr oradan çıxıb getməli, Ermənistan qalan digər əraziləri təhvil verməli və Azərbaycan xalqı özü öz ərazilərini yenidən qurub çiçəkləndirməlidir”, -deyə, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun katibi Möhsün Rzayi İranın Qum şəhərində Dağlıq Qarabağ mövzusu ilə bağlı keçirilən beynəlxalq konfransda etdiyi çıxışında bəyan edib.





A.M