SON XƏBƏRLƏR

Morgan Ortagus: “İxtilafların yeganə həll yolu, İranla yeni və daha səmərəli bir razılaşmanın əldə olunmasıdır”

2021.10.20, 07:36
Morgan Ortagus: “İxtilafların yeganə həll yolu, İranla yeni və daha səmərəli bir razılaşmanın əldə olunmasıdır”

Gunaz.tv

GünazTV: Amerika Dövlət Departamentinin sözçüsü Morgan Ortagus iyunun 10-da bəyanat yayaraq, İranın Amerika və müttəfiqlərinə qarşı təhdidindən və Vaşinqtonla Tehran arasında olan mövcud ixtilafların həllindən danışıb.

 

Xanım Ortagus yaydığı bəyanatda Almaniyanın xarici işlər naziri Hayko Masın İrana səfərinə və Yaponiyanın baş naziri Şinzo Abenin Tehrana gözlənilən səfərinə toxunaraq,  deyib ki, İranın nüvə silahına yiyələnməsinin qarşısını alınmaqda Amerika ilə müttəfiqləri arasında heç bir ixtilaf və fikir ayrılığı yoxdur: “Hesab edirik ki, Vaşinqtonla Tehran arasında olan ixtilafları aradan qaldırmaq üçün yeganə həll yolu, İranla yeni və daha səmərəli bir razılaşmanın əldə olunmasıdır.

 

Amerika Birləşmiş Ştatları və onun müttəfiqləri İranın raket proqramının təhdidi, onun regionda apardığı terror fəaliyyətləri, eləcə də ölkə daxilində insan hüquqlarını kobud şəkildə pozması ilə bağlı eyni fikirdədirlər. Düşünürük ki, İran sadə bir seçim qarşısındadır. Belə ki, ya davranışını dəyişərək normal bir ölkə kimi rəftar etməli, ya da öz iqtisadiyyatının çökməsinin şahidi olmalıdır.

 

Bundan başqa, hesab edirik ki, İranın nüvə sazişi (“Bərcam”) çərçivəsində üzərinə götürdüyü öhdəliklərin icrasını tədricən dayandıracağı ilə bağlı təhdidi də səhv bir addımdır. İranın məsələyə bu tərzdə yanaşması bir daha sübut edir ki, dünya birliyi İran qarşısında müttəfiq olmalı, bu ölkəni atdığı addımlarına görə cavabdeh olmağa vadar etməlidir” –deyə Amerika Dövlət Departamentinin sözçüsü Morgan Ortagus əlavə edib.

 

Yaponiyanın baş naziri Şinzo Abe

 

Qeyd edək ki, Yaponiyanın baş naziri Şinzo Abenin İranla Amerika arasında vasitəçilik məqsədi ilə iyunun 12-də Tehrana səfər edəcəyi gözlənilir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar