SON XƏBƏRLƏR

Moskva Azərbaycana mesaj verir

2021.10.20, 07:36
Moskva Azərbaycana mesaj verir

Gunaz.tv
Moskva Azərbaycana mesaj verir azpetrol_partlayish9.jpg "Rusiyaya Qərbdən, NATO-dan ciddi təzyiq yoxdur, ona görə də neft və qaz kəmərləri hələ də təhlükə altında qalır" Avqustun 24-də Gürcüstanın Qori şəhəri yaxınlığında baş verən partlayış nəticəsində neft məhsulları ilə yüklənmiş qatar zərər görüb. Hadisə Qori şəhərinin yaxınlığındakı Skra kəndindəki hərbi baza yaxınlığında baş verib. Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tota Utiaşvili bildirib ki, qatar relsdə quraşdırılmış minanın işə düşməsindən sonra partlayıb. Nəticədə qatarda Azərbaycanın "Azpetrol" şirkətinə məxsus benzin sisternləri alışıb. Yanğın 15 vaqonu əhatə edib. Gürcüstanın Dövlət Televiziyası isə tanker-vaqonlardan 10-nun yandığını bildirib. Xatırladaq ki, bundan əvvəl, avqustun 16-da Kaspi şəhəri yaxınlığındakı körpü dağıdılıb. Ramiz Mikayıloğlu Bakı-Tiflis-Ceyhan kəmərinin Türkiyə hissəsindəki partlayışdan sonra məhz bu körpüdən keçməklə dəmiryoluyla Azərbaycan nefti Batumi limanına, oradan da Qara dənizdə tankerlərə yüklənməklə Avropa bazarlarına daşınırdı. Lakin bu partlayışdan sonra neft nəqli tamamilə dayanmışdı. "Azpetrol"un benzinlə dolu qatarı da körpü partladılandan sonra müvəqqəti Qoridə qalmalı olmuşdu. Qeyd edək ki, sonuncu partlayışın baş verdiyi bu xətt Gürcüstan üçün çox mühüm strateji əhəmiyyət daşıyır. Ölkənin şərqi ilə qərbini birləşdirən bu dəmiryolu xəttiylə əsasən Azərbaycan nefti Gürcüstanın Qara dəniz sahillərinə, oradan da Avropaya daşınır. Azərbaycandan gələn dəmir yolu xətti Tiflisdən sonra qərbdə üç qola ayrılır. Bu qollardan biri Poti limanına, digəri Batum limanına, üçüncüsü isə Türkiyə sərhədinə qədər davam edir. Ümumiyyətlə, rusların Gürcüstanın strateji quru və dəmiryollarının kəsişdiyi Qori şəhərinin yaxınlığından uzaqlaşmamaları, Cənubi Osetiya ətrafında bufer zona yaratdıqlarını bəyanlamaları da gələcəkdə belə hadisələrin baş verməsi ehtimalını artırır. Xatırladaq ki, iki gün əvvəl Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı separatçı bölgələr Abxaziya və Cənubi Osetiyanın qalan Gürcüstanla inzibati sərhədləri həndəvərində yaradılacaq bufer zonanın əhatə dairəsini açıqlayıb. Baş Qərargah rəisinin müavini general Anatoli Noqovitsın mətbuat konfransı düzənləyərək bildirib ki, Rusiya ordusu Gürcüstanın içərilərindən məhz həmin xətt üzrə çəkiləcək. Abxaziya istiqamətində bufer zonası Nabada, Çaladidi, Senaki, Kvira, Xudoni, Qunaqua, Cikmur, Oçamçira, Anakliya, Cənubi Osetiya istiqamətində Perevi, Qodora, Ali, Variani, İkoti, Siara, Patsa yaşayış məntəqələrindən keçəcək. Noqovitsın Rusiyanın bufer zonanın sərhədlərini Gürcüstanla müzakirə etməyəcəyini də deyib. Bu, faktiki 50 gürcü kəndinin işğal altında qalması anlımını verir. Məsələylə bağlı fikirlərini öyrəndiyimiz politoloq Hikmət Hacızadə deyir ki, əslində ruslar həm Gürcüstana, həm də Azərbaycana dərs verir. Məsələnin məğzi odur ki, şimal qonşumuz Xəzər dənizinin və Orta Asiyanın enerji resurslarının onun nəzarətindən çıxmasını, alternativ marşurutlarla daşınmasını yolverilməz sayır. Elə ona görə də bölgənin qapısı sayılan Gürcüstanı belə marşurutlar üçün əlverişsiz vəziyyətə salaraq, həmin durumda saxlamaq istəyir. O, Rusiya prezidenti Dmitri Medvedyevin dünən "dondurulmuş münaqişələr"lə bağlı səsləndirdiyi bəyanatın da əslində Qərbə neft və qazını Gürcüstan üzərindən daşıyaraq satan Azərbaycana yönəldiyini söylədi. Politoloqa görə, Dmitri Medvedyev Bakının mesajlardan ciddi nəticə çıxarmazsa, Dağlıq Qarabağ fitilini işə salacağına işarə edib. Qeyd edək ki, Rusiya prezidenti Soçidə moldovalı həmkarı Vladimir Voroninlə görüşdə Cənubi Osetiyadakı hadisələrin digər dondurulmuş münaqişələrdəki tərəflərə ciddi xəbərdarlıq olduğunu bəyanlayıb: "Rusiya bu hərəkətləri və mesajları ilə demək istəyir ki, neft və qazınızın daşınmasını istəsək dayandıra, istəsək daşınmanı bərpa edə bilərik. Artıq Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tiflis-Ərzurum kəmərlərinin təhlükə, təhdid altında olduqları birmənalıdır. Moskva ilk gündən bu kəmərlərə qarşı çıxıb. Rusiyanın bir generalı da deyib ki, Gürcüstana Xəzər neftinə nəzarət etmək üçün gəliblər. Bu nəzarəti necə həyata keçirəcəklərini də faktiki nümayiş etdirirlər. Yəni körpünü, yaxud qatarı partladırlar. Bütün bunlar bizə dərs, işarədir ki, bundan sonra Rusiya deyəni edin, yoxsa neftiniz getməyəcək". Hikmət Hacızadə hesab edir ki, hələlik Rusiyaya Qərbdən, NATO-dan ciddi təzyiq yoxdur, ona görə də neft və qaz kəmərləri təhlükə altında qalmaqda davam edir: "Nə vaxt Qərb rusları yerində oturdacaqlar, o vaxt da sakitləşəcəklər. Yox, əgər onlara heç kəs maneə olmasa, ağalıq edəcəklər. İstənilən vaxt krantı açacaq, istənilən vaxt bağlayacaqlar. Rusiyanın Gürcüstandan çəkilməsi məsələsi yoxdur. Guya çıxdıqlarını söyləsədər də, elə çıxırlar ki, çıxmasalar yaxşıdır. Rusları yalnız oradan çıxarmaq mümkündür, bunu da Qərb edə bilər". Hikmət Hacızadə Beynəlxalq Böhran Qrupunun son xəbərdarlığını da bu baxımdan məntiqli sayır. Beynəlxalq Böhran Qrupu hesab edir ki, Qərb dövlətləri Moskvanı 15-16 avqustda imzalanmış atəşkəs rejiminin müddəalarını yerinə yetirməyə məcbur etməli və rus qoşunları avqustun 7-ə qədər olduqları mövqelərə qayıtmalıdır. Beynəlxalq Böhran Qrupu da bu qənaətdədir ki, Rusiyanın son hərəkətləri mühüm enerji dəhlizlərini ciddi təhlükə altına qoyub. Hikmət Hacızadə vurğuladı ki, bu enerji dəhlizinin mühüm həlqəsi olan Gürcüstana yönəlik təhlükə dəf olunmazsa, Qərb və Azərbaycan üçün heç də yaxşı olmayacaq. xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar