SON XƏBƏRLƏR

Muğam Aqrosənaye Kompleksi güclü yatırımçıya buraxılmalıdır – Ərdəbil valisi

2021.10.20, 07:36
Muğam Aqrosənaye Kompleksi güclü yatırımçıya buraxılmalıdır – Ərdəbil valisi

Gunaz.tv

GünAz TV: Ərdəbil valisi Əkbər Behnamcu dəyərindən qat-qat aşağı qiymətə özəlləşdirilən Muğan Aqrosənaye və Heyvandarlıq Kompleksinin gələcək fəaliyyəti haqda danışıb.

 

Ərdəbil Valiliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsi tərəfindən mətbuata verilən məlumata görə, Əkbər Behnamcu kompleksin güclü və təcrübəli bir yatırımçıya buraxılmasını tələb edib.

 

“Dövlət apardığı ümumi siyasətə uyğun olaraq iqtisadi və istehsal müəssisələri, o cümlədən Muğan Aqrosənaye Kompleksini özəl sektora buraxmalıdır. Lakin kompleksin alıcısı təcrübəli və bacarıqlı biri olmalıdır. Əks halda, biz özəlləşdirməyə qarşıyıq və səlahiyyətli şəxslərdən lazımi şərtlər təmin olunmayanadək kompleksin özəlləşdirilməsi prosesinin dayandırılmasını tələb etmişik. Muğan Aqrosənaye Şirkətini çalışdıracaq qrup güclü olmalıdır, onlar bu şirkətdə ən azı 5 min nəfər üçün iş fürsəti yaratmalıdır”- deyə o bildirib.

 

Vali vurğulayıb ki, “kompleksin özəlləşdirilməsində bağ və heyvan mənşəli məhsulların istehsalı, istehsalat fabrikləri və məhsulların ixracatının inkişaf etdirilməsi də şərt kimi irəli sürülməlidir.”

 

“Muğan Aqrosənaye Şirkətinin özəlləşdirilməsi ilə bağlı problemlər diqqətdə saxlanılacaq, kimsənin əhalinin mülkiyyətindən sui-istifadə etməsinə imkan verilməyəcək”- deyə Ərdəbil valisi sözlərinin sonunda qeyd edib.

 

İran rejimi iyul ayında Muğan Aqrosənaye və Heyvandarlıq Kompleksini dəyərindən 1000 milyard tümən aşağı qiymətə özəl sektora buraxıb.

 

“Tabnak” xəbər agentliyi bu barədə yaydığı məlumatda bildirib ki, 2016-cı ildə (Hicri-şəmsi təqvimi ilə 1395-ci il) Muğan Aqrosənaye və Heyvandarlıq Kompleksinə 2700 milyard tümən qiymət qoyulub, lakin ötən günlərdə min milyard tümən endirim edilərək 1700 milyard tümənə özəlləşdirilib.

“Tabnak” saytı heç bir şəxs və ya qrupun adını çəkmədən bu məsələ ilə bağlı pərdə arxasında olanları mafiya bandaları, dəllal və fürsətçilər adlandırıb.

 

Ərdəbil Əyalətində yerləşən Muğan Aqrosənaye və Heyvandarlıq kompleksinin 63 min hektar sahəsi var. Kompleksin tərkibində meyvə bağları (2600 hektar bağ sahəsi mövcuddur) və böyük heyvandarlıq kompleksindən əlavə, şəkər zavodu, süd məhsulları fabriki və başqa istehsalat fabrikləri də mövcuddur. Bu şirkət yaxın şərqin ən böyük Aqrosənaye şirkəti hesab olunur.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar